Laçındakı son təxribatda Moskva və Tehran izi: – “Rusiya hara, sülh hara”

 

İki gün əvvəl yerli və xarici mediada Azərbaycan və Ermənistan liderinin Vaşinqtonda görüşəcəyi, sülh danışıqları aparılacağı barədə məlumat yayıldı. Bundan bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə silahlı insident baş verdi. Ermənistan ordusu Laçındakı mövqelərimizi atəşə tutdu. İki saata yaxın davam edən atışmada Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid oldu, 4 hərbçi yaralandı. Ermənistan tərəfindən itkilər və yaralılar var.

Dünən isə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi Bakı və İrəvanın Rusiyada görüşüb sülh danışıqları aparmağa razığının əldə olunduğunu açıqladı. Ekspertlər bildirirlər ki, Laçında baş verən təxribatın arxasında Rusiyanın dayandığını ehtimal etmək olar. Çünki verilən açıqlamalar belə bir təxribatın Vaşinqtonda danışıqların baş tutmaması üçün, əvəzində Rusiyada danışıqların keçirilməsinə tərəfləri razı salmaq naminə atıldığına işarə edir. Analitiklər hesab edir ki, Ermənistan hərbi sistemində Rusiyaya bağlı olan qüvvələr belə bir təxribatın törədilməsi ilə vəziyyəti qarışdırmaq əmrini icra ediblər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, bölgədə gərginliyin yaranmasının başında dayanan Rusiyadır:

– Rusiya İranla əlaqələndirilmiş şəkildə plan qurur və əl buyruqçusu olan ermənilər vasitəsilə təxribatı gerçəkləşdirir. Faktiki olaraq, Rusiya ilə İran Cənubi Qafqazı poliqona çevirmək istəyir. Bunun başqa adı yoxdur.

Zaxarovanın açıqlamasından da göründü ki, Laçın istiqamətindəki təxribatın sifarişçisi məhz Rusiyadır. Ondan qabaq Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda görüşəcəklər. Ondan bir neçə saat sonra ermənilər təxribata əl atırlar. Bir gün sonra isə Zaxarova açıqlama verir ki, Bakı və İrəvan Rusiyada müzakirələrə razılaşıblar. Axı baş verənlərə nəzər salanda hər şey aydındır.

– Rusiyada gözlənilən görüşdən sülhlə bağlı hansısa nəticə gözlənilirmi?

– Belə bir şüar var – “Rusiya hara, sülh hara”. Bu, tamamilə yerində səslənən fikirdir.Bundan əvvəl də Rusiyada görüşlər, danışıqlar keçirilib, amma hansısa nəticəni görmüşükmü? 30 ildir ki, Rusiya guya münaqişənin həlli üçün vasitəçilik edir. Amma biz görmüşük ki, lazım olanda gərginliyin artmasına rəvac verən addımlar atır. Rusiya görüşləri, danışıqları sülh üçün yox, sülhün əldə olunmaması üçün təşkil edir. Ona görə də Rusiyanın hansısa vasitəçiliyinin sülhə töhfə verəcəyinə inanmıram. Birdəfəlik anlamaq lazımdır ki, Rusiya bölgədə sülhün, əminamanlığın yaranmasını istəməyib, bu gün də istəmir. Çünki münaqişə onun hər iki tərəfə təzyiq vasitəsidir. Hələ ərazilərimiz işğalda olarkən Azərbaycanın hərbi qüdrətinin artdığını görən Rusiya Ermənistanı pulsuz silahlandırmaqla məşğul idi. Belə bir dövlət sülhü necə istəyə bilər? Mən indi sual verim, Qarabağdakı separatçıları qızışdıran, onları silahlandıran kimdir?

– Rusiyanın olduğu barədə faktlar var…

– Təbii ki, faktlar var və bu açıq-aşkar ortadadır. Rusiya sülhməramlıları bu gün separatizmi dəstəkləyir, Qarabağdakı terrorçu dəstələri himayə edir, onları silahlandırır. Belə bir ölkə sülhü necə dəstəkləyə bilər, sülhün yaranması üçün necə vasitəçi ola bilər?! Əlbəttə, bu mümkün deyil. Bu gün Azərbaycan tərəfi sülhün tərəfdarı kimi çxıış edir, İrəvana təkliflərini göndərib. Hesab edirəm ki, Ermənistanda da sülhü istəyənlər var. Orada da anlayırlar ki, bölgədə sülhün bərpası Azərbaycandan çox Ermənistana lazımdır. Sadəcə radikal ermənilər, Rusiyaya bağlı “beşinci kolon”, Qarabağdakı separatçı dəstələr buna hər vəchlə əngəl törədirlər. Rusiyanın da niyyəti məhz odur ki, sülh olmasın.

Eyni zamanda, İran Bakı ilə İrəvan arasında sülhün əldə olunmasını istəmir. Ümumiyyətlə, böyük güclər, bölgədə marağı olan dairələr Cənubi Qafqazda sülhdən yana olmadıqlarını nümayiş etdirirlər. Bu isə Ermənistana daha çox ziyan vurur, nəinki təkcə Azərbaycana.

– Belə olan halda nə edilməlidir?

– Ermənistan hakimiyyəti özündə siyasi iradə tapmalı, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıdır. İrəvan yekun sülhə hazır olduğunu birmənalı şəkildə bəyan etməli və Azərbaycanın təqdim etdiyi beş prinsiplik maddə əsasında sazişi imzalamalıdır. Əks təqdirdə, Ermənistanın dövlət olaraq varlığı sual altına düşür./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password