ABŞ-da görüş xəbərindən dərhal sonra Laçında təxribat…
Hər dəfə ABŞ və Qərb tərəfindən Azərbaycan və Ermənistan rəhbərinin görüşü barədə təklif gələndən sonra (Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında mayın ikinci yarısında baş tutmalı olan növbəti görüşün Vaşinqtonda keçiriləcəyi haqda təxribatdan az öncə, 11 apreldə məlumat yayılmışdı – red.) mütləq Ermənistan və onun havadarları Rusiya və İran tərəfdən bir provakasiya və təhdid olur. Dünən sərhəddə baş verən insident sözsüz ki, belə provakasiyalardandır. Məqsəd sülh danışıqlarına yenə zərbə vurmaqdır. Nəticədə isə qanlı insidentlər baş verir.
Bu sözləri açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
Politoloq qeyd edib ki, bütün bu hadisələr danışıqlar prosesinə öz mənfi təsirini göstərir:
“Ola bilər ki, məqsəd Rusiyanın danışıqları sırf öz monopoliyası altında aparılması istəyidir. Onlar istəyir ki, iki tərəf arasında münaqişə heç vaxt həll olunmasın və bölgə daima münaqişə ocağı olaraq qalsın. Dünənki döyüşlər də məqsədin məhz bu olduğunu göstərdi.
Ermənistan sadəcə burada istər Moskva, istər Tehran, istərsə də Qərb tərəfdaşlarının siyasi maraqları üçün istismar olunan tərəfdir, siyasi subyekt deyil. Bir sözlə, ölkə olaraq İrəvanın siyasi mövqeyi yoxdur. Buna görə də qanlı toqquşmalarda sözsüz ki, məsuliyyət səriştəsiz, zəif İrəvanın üzərinə də düşür”.
Ekspertin sözlərinə görə, İranın İrəvanı müdafiə etməkdə öz maraqları var:
“İran guya Ermənistanı müdafiə edir, əslində öz maraqlarını təmin etmək, Azərbaycanı zəiflətmək, ətrafında yeni münaqişə ocaqları yaradıb köhnələrini də saxlamaq istəyir. İran 2020-ci ildə dəyişən status-kvonu qəbul etmək istəmir. 44 günlük müharibədən sonra da geopolitik reallıqları tanımır. Nəticə etibari ilə regiondakı stabilliyə böyük təhdid yaratmaq istəyir. Ancaq İran buna nail ola bilməyəcək”./axar.az