Selçuk Bayraktar: “TCG Anadolu” desant gəmisi dünyanın hərb tarixində inqilabdır”
“TCG Anadolu” desant gəmisinin ərsəyə gətirilməsi Türkiyənin milli müdafiə sənayesi üçün tarixi hadisədir”.
Türkiyə KİV-i xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
O hesab edir ki, bundan sonra Türkiyənin dənizlərdəki əraziləri daha təhlükəsiz olacaq: “Bütün dünya PUA-larımızın müharibədəki rolunu gördü. PUA-larımız müharibə strategiyasını dəyişdi. “TCG Anadolu” isə PUA-larımızı daha da güclü edəcək”.
S.Bayraktar “TCG Anadolu”nun fəaliyyətə başlamasını dünyanın hərb tarixində inqilab kimi qiymətləndirib: “PUA-larımız “TCG Anadolu” ilə birlikdə xidmət etsə, dünya hərb tarixində inqilab olacaq”.
Şirkət direktorunun fikrincə, Türkiyə istehsallı “Qızıl Alma” və “Akıncı” PUA-ları bu gün F-16- qırıcı təyyarələri ilə müqayisə oluna biləcək gücdədir: “Yerli texnikalarımız F-16-ların sahib olduğu bütün sursatlara sahibdir”.
Qeyd edək ki, “TCG Anadolu” aprelin 10-da istifadəyə verilib.
Xatırladaq ki, layihənin icrasına 2016-cı ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb və 2022-ci ilin iyun ayından etibarən onun sınaqları həyata keçirilib.