Hesablama Palatası ötən il 6 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-ya müraciət edib
Hesablama Palatası ötən il 4 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 2 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.
Bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənədə əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun, Gənclər və İdman Nazirliyinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı Baş Prokurorluğa, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin, Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı isə DTX-ya müraciət olunub.
Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir ki, 2022-ci ildə Hesablama Palatası apardığı uyğunluq auditləri hesabına 16 qurumda 26,7 milyon manatlıq səmərəsiz xərc aşkar edib.
Sənədə əsasən, 12 milyon manatı bağlanmış müqavilədə qurum üçün əlverişsiz şərtlərin nəzərdə tutulması, 9,9 milyon manatı audit dövrünün əvvəlində alınmış avadanlıq və malların istifadə edilməməsi, 8,3 milyon manatı avans ödənişi aparılmış müqavilələrin sonradan dayandırılması, 2,7 milyon manatı koronavirus (COVID-19) və digər səbəblərdən keçirilməyən tədbirlərə pul xərclənməsi, 1,4 milyon manatı fəaliyyətsiz olan əsas vəsaitə xərc çəkilməsi, 1,3 milyon manatı audit dövrünün əvvəlində alınmış proqram təminatını istifadə olunmaması, 0,6 milyon manatı ehtiyac olmadan iş həcminin artırılması, 0,5 milyon manatı isə digər səmərəsiz hallarla bağlı olub.
Sənəddə deyilir ki, 2022-ci ildə Hesablama Palatası apardığı nəzarət tədbirləri nəticəsində maliyyə hesabatlarında 2021-ci illə müqayisədə 21 % az – 797,8 milyon manatlıq təhrif aşkar edilib. Maliyyə hesabatlılığı sahəsində müəyyən edilən nöqsanları iki qrup üzrə təsifləşdirmək olar. 1-ci qrupa maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi halları kimi əhəmiyyətli təhriflər, 2-ci qrupa isə mühasibatlıq prinsiplərinə əməl edilməməsi, mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması halları aid edilib.
Təhrif məbləği 1-ci qrup üzrə 564,5 milyon manat, 2-ci qrup üzrə isə 233,3 milyon manat təşkil edib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 35,1 % az və 66,8 % çoxdur.
Maliyyə hesabatlılığı və mühasibat uçotu üzrə yol verilmiş əhəmiyyətli təhriflərin əsas istiqamətlərinə başa çatdırılmamış tikintilərin dəyərinin maliyyə hesabatlarında əks etdirilməməsi, qeyri-maddi aktivlərin (informasiya sistemlərinin) dəyərinin uçota alınmayaraq birbaşa xərclər kimi silinməsi, kapital qoyuluşlarının hesabatlarda tanınmaması, dövlət əmlakının, istismara qəbul edilmiş obyektin hesabatlarda əks etdirilməməsi, əsaslı təmir xərclərinin əsas vəsaitlərin dəyərinə əlavə edilməməsi daxildir.