Diqqət Mərkəzi Asiyaya – Əliyevin hədəfi
Deputat: “Qazaxıstan Azərbaycan üzərindən daha çox həcmdə neftin dünya bazarlarına çatdırılmasını planlaşdırır”
Politoloq: “Azərbaycan istəyir ki, Çindən Avropaya daşınan ticarət marşrutu onun ərazisindən keçsin”
1991-ci ilin dekabrın 25-də Mixail Qorbaçov SSRİ-nin Prezidenti postundan formal olaraq istefa verdi. Bundan bir gün sonra SSRİ Ali Soveti 15 sovet respublikasının müstəqilliyini tanıdı və Sovet İttifaqının mövcudluğuna xitam verdi. Bir zamanlar dünyanın iki qütbündən biri sayılan SSRİ-nin simvolu – Kremlin üzərindəki oraq-çəkicli qırmızı bayraq endirildi. Azərbaycan isə bundan iki ay öncə dövlət müstəqilliyini elan etmişdi.
Müstəqil respublikaların qarşısında iqtisadi dayanıqlığı təmin etməklə yanaşı, beynəlxalq münasibətlər sisteminə inteqrasiya və eləcə də keçmiş ittifaq dövlətləri arasında əlaqələri yeni konfiqurasiyaya uyğunlaşdırmaq kimi mühüm vəzifələr dayanırdı. Üzərindən 30 ildən artıq zaman keçsə də, baltıkyanı ölkələr, Ukrayna və Moldova istisna olmaqla, digər dövlətlər Rusiya ilə bağlarını tam qopara bilmədi. Bəziləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), bəziləri isə Müstəqil Dövlətlər Birliyi (MDB) və digər formatlarda Rusiya ilə müttəfiqlik münasibətlərini davam etdirir.
Mürəkkəb geosiyasi şəraitdə digər ölkələr kimi, Azərbaycan da diplomatik təmaslarını artırır, xarici əlaqələrini yenidən nəzərdən keçirir. Prezident İlham Əliyevin Tacikistana, ardınca isə Qazaxıstana səfərləri medianın diqqət mərkəzindədir. Dövlət başçısının Mərkəzi Asiya ölkələrinə səfərləri regionda baş verən proseslər fonunda təqdir olunur.
Bəs, görəsən, beynəlxalq münasibətlər sisteminin gərginləşdiyi, Qərbin Rusiya ilə açıq savaşa girdiyi, İranın bölgəni qarışdırmağa cəhd etdiyi bir şəraitdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə artan münasibətləri ölkəmizə hansı üstünlüklər qazandırır?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunın üzvü Sahib Alıyev açıqlamasında deyib ki, Azərbaycan liderinin Astanaya səfəri ikitərəfli təmaslar baxımından vacib olmaqla bərabər, beynəlxalq müstəvidə ölkəmizin maraqlarının təmin olunması baxımından da müstəsna əhəmiyyət kəsb edir: “Azərbaycanla Qazaxıstan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, imzalanan anlaşmalar bunun bariz nümunəsidir”.
“Son bir il ərzində ticarət dövriyyəsi beş dəfə artıb. Yaxın gələcəkdə bu rəqəmin daha da yüksələcəyi gözlənilir. Qazaxıstan Prezidenti Tokayevin Bakı səfəri çərçivəsində “Strateji tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı müttəfiqlik fəaliyyətinin dərinləşdirilməsi haqqında” Bəyannamənin imzalanması gələcək münasibələtlərin təminatçısı rolunda çıxış edir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı isə müxtəlif sahələrdə birgə əməkdaşlığı özündə ehtiva edən Anlaşma Memorandumu imzalandı”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, Qazasıxtan Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilir: “Prezident İlham Əliyevin Orta dəhlizin mərkəzi dəhlizə çevrilməsi yolunda səyləri diqqətdən yayına bilməz. Eyni zamanda, Qazaxıstan Azərbaycan üzərindən daha çox həcmdə neftin dünya bazarlarına çatdırılmasını planlaşdırır ki, bu məsələdə də prinsipial razılığın əldə olunduğunu söyləyə bilərik. İkinci Qarabağ savaşında əldə edilən tarixi zəfərdən sonra Türk dünyasının inteqrasiyası istiqamətində səylər gücləndirilib. Bu xüsusda Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafı mühüm əhəmiyyət kəsb edir”.
“Eyni zamanda Azərbaycan Tacikistanla da təmaslarını artırır və Prezident İlham Əliyevin Düşənbə səfəri də əlaqələrin inkişafına mühüm töhfələr verir. Hesab edirəm ki, mürəkkəb geosiyasi şəraitdə cənab İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət Azərbaycanın milli maraqlarına cavab verməklə yanaşı, ölkəmizin qarşısında geniş imkanlar açır”, – deyə Alıyev vurğulayıb.
Politoloq Zərdüşt Əlizadə də şərhində söyləyib ki, Orta Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi strateji əhəmiyyət kəsb edir: “Azərbaycan istəyir ki, Çindən Avropaya daşınan ticarət marşrutu onun ərzisindən keçsin. Çindən Orta Asiyaya, oradan Azərbaycana, Zəngəzur dəhlizi açıldıqdan sonra isə Azərbaycandan Ermənistana, Türkiyəyə, Avropaya ticarət daşınmaları həyata keçirəcək nəqliyyat qovşağı inşa edilsin. Bu, çox vacib məsələdir”.
“Prezident İlham Əliyevin Orta Asiya ölkələrinə, Özbəkistana, Qazaxıstana, Türkmənistana, eləcə də həmin ölkələrin rəhbərlərinin Bakıya səfərləri iqtisadi əlaqələrin artırılmasına xidmət edir. Bu səfərlər iqtisadi baxımdan ölkəmiz üçün əhəmiyyət kəsb edir və təqdir olunmalıdır”, – deyə müsahibimiz qeyd edib.
Əlizadə bu səfərlərin siyasi əhəmiyyətinin də olduğunu diqqətə çatdırıb: “Orta Asiya ölkələri müxtəlif beynəlxalq təsisatlarda təmsil olunur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və s. təşkilatlarda. İkitərəfli əməkdaşlığın artırılması Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan kimi qonşu ölkələrin Azərbaycanın beynəlxalq miqyasda dəstəkçisi rolunun artırılmasına hesablanıb. Habelə onlar da Azərbaycanla münasibətlərdən fayda götürməyə çalışırlar. Beynəlxalq münasibətlər sistemi uşaq bağçası deyil və burada hər bir dövlət öz strateji maraqlarını təmin etməyə çalışır. Ölkəmizin Orta Asiya ilə artan əlaqələri bu münasibətlərin inkişafında töhfə verir”./ayna.az