İran Azərbaycana müdaxilə edə bilərmi? – Qərb mediasından sensasion ANALİZ

 

Qərb mediası son vaxtlar İranın təxribatçı, bölgədə gərginliyi artırmağa yönəlik addımlarını şərh edib. Məqalə müəllifi yazır ki, Qarabağ münaqişəsinin nəticəsi Cənubi Qafqaz boyunca heyrətamiz dini, etnik və geosiyasi partnyorluqlar yaradıb. Bildirilir ki, İran xristian Ermənistanına həyati iqtisadi dəstək verib, Türkiyə isə Azərbaycanı dəstəkləyib.

ABŞ-da Texas A&M Universiteti Bush Hökumət və İctimai Xidmət məktəbinin dosenti, “Dini Dövlətçilik: İranda İslam siyasəti” kitabının müəllifi Məhəmməd Ayətüllahi Təbəər Foreign Affairs məcmuəsində dərc olunmuş məqaləsində yazır ki, üç onillik ərzində maraqlı görünsə də ümumən təhlükəsiz olan bu konfiqurasiyanı Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazanması dəyişib. Onun fikrincə bu qələbə region oyunçuları arasında çoxdan gizli qalan gərginlikləri üzə çıxarıb. Təbəər qeyd edir ki, bütün bunlar Ermənistanın əsas dəstəkçisi olan Rusiyanın başının Ukrayna müharibəsinə qarışdığı bir vaxtda baş verir.

Məqalədə deyilir ki, İranı ən çox narahat edən “cəsarətlənmiş” Azərbaycanın İsraillə münasibətlərinin dərinləşməsidir. Tehran İsrailin Azərbaycanı proksiyə və ya onun üzərinə hücum üçün platsdarma çevirə biləcəyindən narahatdır. Üstəlik də bu arada Türkiyənin İsraillə münasibətlərinin istiləşməsi Tehranı narahat edir.

Müəllif yazır ki, İsrail Körfəzin ərəb ölkələri ilə yaratdığı bloka bənzər ittifaqı Türkiyə və Azərbaycanla da qura bilər. Təbəər qeyd edir ki, belə bir hal Tehranı bu münaqişəyə üstüörtülü şəkildə Ermənistanın tərəfində müdaxilə etməyə və Azərbaycanda qeyri-stabillik yaratmağa sövq edə bilər.

İsrail amili

Məqalədə deyilir ki, Azərbaycanın bu müharibədəki qələbəsinin səbəblərindən biri də İsraildir. 2016-cı ildən bəri Azərbaycan silahlarının 70 faizini İsraildən alıb və İsrail neftə tələbatının 40 faizini Azərbaycandan alır. Təbəərin fikrincə, Tehran şübhələnir ki, Azərbaycan və İsrail arasında münasibətlər daha dərindir və İsrail nüvə arxivinin oğurlanması da daxil bir sıra böyük əməliyyatlarını Azərbaycanın dəstəyi ilə həyata keçirib. İran liderləri İsraillə yaxın münasibətlərinə görə Azərbaycana tez-tez xəbərdarlıq edirlər. Azərbaycan bu kimi ittihamları rədd edir. Müəllif yazır ki, İranı narahat edən digər bir məsələ Azərbaycan və Naxçıvan arasında dəhlizin açılması perspektividir. Bakı belə bir dəhlizi İrəvanın istəyindən asılı olmayaraq açacağını bəyan edib. Məqalədə deyilir ki, Ermənistan İranla Avrasiya arasında mühüm kommunikasiya bağıdır. Tehranın qənaətinə görə belə bir dəhliz İran və Ermənistan arasında sərhədi ləğv edə bilər. Tehran bildirib ki, belə bir dəyişiklik cəhdinə hərbi yolla cavab verməyə hazırdır. Təbəər xatırladır ki, ötən iyulda İranın ali rəhbəri ayətullah Əli Xameneyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bu barədə açıq xəbərdarlıq vermiş və İranla Ermənistan arasındakı kommunikasiya marşrutunun “minillərlə tarixi” olduğunu vurğulamışdı.

Hərbi təlim “duelləri”

Məqalədə deyilir ki, son iki ildə İranın nizami ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi manevrlər keçirib. Buna cavab olaraq Azərbaycan və Türkiyə də birgə hərbi təlimlər keçiriblər. Təbəərin yazdığına görə Azərbaycanın Türkiyə ilə dil bağlılığı olsa da, azərbaycanlılar etnik baxımdan özlərini İran azərbaycanlılarına yaxın bilirlər. İranda Azərbaycanda olduğundan daha çox azərbaycanlı yaşayır. İran azərbaycanlıları İranın tarix və iqtisadiyyatında, 1905 və 1979-cu il inqilabları da daxil mərkəzi rol oynayıblar. Məqalədə deyilir ki, bir çox azərbaycanlılar “Böyük Azərbaycan” dedikdə Arazın hər iki tayını nəzərdə tuturlar və inanırlar ki, bu ərazi vaxtilə Rusiya və İran arasında ədalətsiz bölüşdürülüb.İran rəhbərliyi və siyasətçiləri isə Azərbaycanın İrandan qoparıldığını vurğulayırlar.

“Livanlaşma” və “balkanlaşma”

Təbəər yazır ki, İran və Azərbaycan Soyuq müharibə bitdikdən sonra bir-birinin ərazisini təsirləndirməyə çalışırlar. Onun firkincə Bakı İrana bağlı “təxribatçıları” həbs etdiyini iddia edir və Tehranı Azərbaycanı “livanlaşdırmaq” cəhdində günahlandırır. Tehran buna cavab olaraq Azərbaycanı İranı “balkanlaşdırmaq” cəhdlərində ittiham edir. Müəllif daha sonra son zamanlar iki ölkə arasında gərginliyi artırmış məsələləri – Bakının iddiasına görə İİKK tərəfindən İran və Suriyada təlim keçmiş silahlı qrup üzvlərinin həbslərini, Azərbaycanın Tehrandakı səfirliyinə hücumu, martın 28-də Azərbaycanda “anti-İran” millət vəkilinə sui-qəsdi və Azərbaycanın Tel Əvivdə səfirlik açan ilk şiə ölkəsi olmasını yada salır.

Ən təhlükəli ssenari

Müəllif düşünür ki, Azərbaycan və Ermənistan arasında gərginlik artır və yeni müharibə təqdirində İran Ermənistana daha güclü dəstək verə bilər. Məhəmməd Təbəərin fikrincə, mümkün ssenarilərdən biri də İranın Azərbaycan ərazisində onun iddiasına görə İsrailə aid obyektlərə raket və dron zərbələri endirməsi ola bilər. Tehran bundan əvvəl İsrailin İraqın kürdlər yaşayan rayonlarındakı “strateji mərkəzlərinə” belə zərbələr endirib.  Məqalədə deyilir ki, İranın hər hansı belə kəskin hərəkətinə cavab olaraq Azərbaycan, İsrail və Türkiyə İran azərbaycanlıları arasında üsyanın alovlanladırılmasına cəhd göstərə bilərlər. Bu isə öz növbəsində İranın Azərbaycana birbaşa hərbi müdaxiləsinə yol aça bilər.

Müəllif sonda yazır ki, indilik bu ssenari sırf hipotetik görünür. Bununla belə onun fikrincə Cəbuni Qafqazda münaqişə təhlükəsi qalır və onun böhrana çevriləcəyi təqdirdə Birləşmiş Ştatlar və NATO Azərbaycan, İsrail və Türkiyənin tərəfində bu münaqişəyə sürüklənə, Moskva isə Tehranla daha sıx hərbi partnyorluğa can ata, nəticədə Qərblə Rusiya arasında Cənubi Qafqazdan keçən yeni çat xətti yarana bilər./”Azadlıq” radiosu

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password