Azərbaycan Ordusu Qərbi Zəngəzura girsə, İran əsgəri ilə qarşılaşacaq – Vacib gəlişmə
Hazırkı müstəvidə Azərbaycan-İran gərginliyinin müharibəyə qədər inkişaf edəcəyini düşünmək olmaz. Sözsüz ki, müxtəlif ziddiyyətlər var. Amma hər bir dövlət arasındakı ziddiyyət müharibə ilə bitsəydi, dünyada kütləvi şəkildə müxtəlif ölkələr arasında hərbi əməliyyatlara şahidlik edə bilərdik. Sadəcə olaraq indiki məqamda İranın istəyi İsrail-Azərbaycan münasibətləri ilə bağlıdır. Onların iddiasına görə, Azərbaycan-İsrail münasibətləri minimum səviyyədə olmalıdır.
Bunu “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan suveren dövlətdir və təhlükəsizliyi, inkişafı üçün lazım gələn ölkələrlə müttəfiqlik yarada, bunu davam etdirə bilər:
“Əslində Azərbaycan tərəfinin İrana haqlı sualları var. Bu da İrandan Ermənistana edilən açıq dəstəklə bağlıdır. Fakt odur ki, Azərbaycan İsrailə İranla bağlı hərbi dəstək vermir. İran isə əksinə Ermənistana hərbi dəstək verir. Hətta İran Azərbaycana açıq şəkildə bildirir ki, əgər Azərbaycan ordusu Qərbi Zəngəzura girsə, o, İran əsgəri ilə qarşılaşacaq. Belə olan təqdirdə yaxşı olardı ki, İran öz xarici siyasətinə yenidən baxsın”.
Siyasi ekspert Azərbaycanın imperialist dövlətlərlə əhatə olunduğunu söyləyib:
“İran da bu mənada öz imperialist düşüncəsindən imtina etmək istəmir. Onlar Azərbaycana da məhz bu konteksdən yuxarıdan-aşağı baxmaq istəyir. Amma bu, qəbuledilməzidir. Azərbaycan eyni, bərabər şəkildə yanaşma tələb edir. Heç kəs Azərbaycana yuxarıdan-aşağı baxa bilməz. Prezident də bu məsələ ilə bağlı haqlı mövqeyimizi ortaya qoyub. Hətta Qərblə, Avropa ilə münasibətlərdə Azərbaycan mütləq şəkildə bizim istəklərimizin həyata keçirilməsini tələb edib”.
Zaur Məmmədova görə, əgər İran Ermənistana dəstəyini davam etdirəcəksə, Azərbaycan hərbçilərinin qarşısında İran və yaxud erməni libasında dayanacaqsa, bu birmənalı olaraq münasibətlərin sıfırlanması deməkdir:
“Ona görə də, bu istiqamətdə olan məsələləri İran tərəfi düşünməlidir. Azərbaycan və İran Xarici İşlər nazirləri arasında olan telefon danışığı da bu baxımdan tərəflərin bir-birinin baxış bucağını anlaması baxımından effektiv oldu”.