İştahla yediyimiz kolbasa: İçində ət yoxdursa, nələr var?

 

Əsl kolbasa və sosiska donuz ətindən hazırlanar… Yəqin bu cümləni böyük əksəriyyətiniz eşitmisiniz. Belə bir fikir əsasən də yaşı 40-dan yuxarı olan, daha doğrusu, ömrünün müəyyən hissəsini müstəqillikdən əvvəlki dönəmdə keçirmiş insanların beynində formalaşıb. Donuz ətinin İslamda haram buyurulduğunu dərk etdiyimiz üçün “Halal” etiketli kolbasa və ya sosiska axtaranda hətta o şəxslərin bu cür tənəsinə də məruz qalırıq: “Əşşi, ağzının dadını bilmirsən”. Amma kimdir axı o iradlara məhəl qoyan?! Hər əməlimiz haramdan uzaq olduğu kimi, mədəmizin də halallıqla dolmasına can atırıq… Odur ki, ərzaq mağazalarında satıcılardan halal məhsul – mal və quş ətlərindən hazırlanmış kolbasa, sosiska istəyirik. Təbii ki, istədiyimizi də alıb yeyirik. Amma…

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülərək müvafiq laboratoriyalara təqdim olunması və sınaq nəticəsində 9 məhsuldan götürülən nümunələrin normativ sənədlərin tələblərinə cavab verməməsi barədə məlumat yayıb. O da müəyyən edilib ki, sözügedən ət məhsullarının bəzilərinin üzərində mal ətindən hazırlandığı bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.

Sözügedən məsələ ilə əlaqədar qida ekspertlərindən açıqlama aldıq.

“İddia olunur ki, uyğunsuzluq aşkar edilən həmin məhsulların hazırlanmasında donuzun sümüklərindən (üyüdülmüş şəkildə), toyuğun dərisindən və digər müxtəlif çıxıntılardan istifadə edilib. Aydındır ki, burada məqsəd məhsulun maya dəyərinin ucuz başa gəlməsidir. Həmçinin qeyd olunan o kolbasa və sosiskalara oksidləşməyə qarşı rəngləndirici (mal əti təəssüratını yaradan qırmızı rəng) və dadlandırıcı kimyəvi maddələr qatılır”, – ekspert Ağa Salamov bildirib.

A.Salamov bildirib ki, işbazların bu addımı yalnız insanların sağlamlığına zərər vurmaq kimi deyil, eyni zamanda istehlakçı hüquqlarına hörmətsizlik, alıcıların aldadılması kimi qiymətləndirilməlidir.

Ekspert onu da vurğulayıb ki, evsayağı hazırlanan kolbasa və sosiskaların nisbətən keyfiyyətli olduğunu düşünür: “Çünki istehsal şirkətlərindən fərqli olaraq, ən azından onların hazırlanmasında kimyəvi qatqılardan istifadə olunmur”.

Mövzu ətrafında fikirlərini bölüşən mütəxəssis Seymur Qafarov isə qeyd edib ki, dövlətimiz xalqa “halal məhsul” adı altında kələk gələn haramzadə sahibkarlara qarşı daha ciddi tədbirlər görməlidir. Qida mütəxəssisi bu yöndə öz təkliflərini irəli sürüb:

“Riskli və xüsusi riskli məhsulların reyestri yaradılmalıdır. Mütəmadi olaraq monitorinqlər aparılmalı, həmin monitorinqlərin nəticəsi olaraq, şirkətlərə bir ulduz və ya nişan verilməlidir. Həmin ulduz (nişan) məhsulun etiketində qeyd olunmalıdır. Məsələn, etiketin üzərində iki ulduz olmalıdır. Onlardan biri gigiyenik qaydalara riayəti, ikincisi isə təhlükəsizlik məqsədilə laborator analizlərin nəticəsini əks etdirməlidir”./publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password