Meliorasiya və su təsərrüfatına dəyərli töhfələr

 

Ulu öndər Heydər Əliyevin fəaliyyəti xalqımızın və respublikamızın gələcəyi üçün örnək, zəngin həyat məktəbi,  əvəzsiz nümunədir. Bu məktəbi keçmək, ondan öyrənmək böyük bir nemətdir.

Heydər Əliyev böyük uzaqgörənliklə “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam…

Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır” dedi və xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətlərinə görə tarixdə əbədi yaşamaq haqqı qazandı.

2023-cü il bir də onunla əlamətdardır ki, bu il Heydər Əliyev ili kimi tarixə düşür və ulu öndərin 100 illik yubileyi kimi yaddaşlara həkk olunur. Ölkəmizin hər yerində ümummilli liderimizin yubiley tədbirlərinə xalqımız böyük sevgi və coşqu ilə qeyd edir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin çoxsaylı kollektivi, xüsusilə cəmiyyətin YAP ilk ərazi təşkilatının üzvləri də bu dahi şəxsiyyətin yubileyini əməli töhfələri ilə qarşılayırlar.

Cəmiyyətin YAP ilk ərazi təşkilatı Heydər Əliyevin ideyalarının və zəngin tarixi irsinin gənc nəslə aşılanması üçün mütəmadi olaraq tematik tədbirlər keçirir, təbliğat-təşviqat işlərini genişləndirir. Ulu öndərin bütövlükdə Azərbaycan üçün gördüyü işlər, eləcə də meliorasiya və su təsərrüfatının inkişafındakı misilsiz xidmətləri kollektiv arasında geniş müzakirə edilərək, ümummilli liderin ölməz ideyaları gənclərin qan yaddaşına həkk olunur.

“Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”            sözlərini tarixə yazmış ulu öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirərək, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Ölkəmizdə meliorasiya və irriqasiya işlərinə maraq hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, meliorasiya və irriqasiya işlərinin inkişaf edərək geniş miqyasda vüsət tapması yalnız 1969-1982-ci illərə, yəni unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrə təsadüf edir. Həmin illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə meliorasiya və su təsərrüfatında böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat, layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı sahəsi, su axımını bölüşdürən, tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və çoxsaylı su anbarları və sututarlardan ibarət etibarlı meliorasiya və su təsərrüfatı kompleksi yaradılmış, ölkədə suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfə artmışdır.

1976-1982-ci illərdə respublikanın rəhbəri Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı və 1 milyard 382 milyon manata çatdı. 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı.

Bu dövrdə Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək, həcmi 565 milyon kubmetr olan Sərsəng Su Anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Suqovuşan (Madagiz) Su Anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR-də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay Su Anbarı və magistral kanallar, Naxçıvançay çayından qidalanan, həcmi 12,7 milyon kubmetr olan Sirab Su Anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay Su Anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay Su Anbarı kompleksi, Tovuz rayonunda üçpilləli nasos stansiyası və digər obyektlər tikilib istifadəyə verildi. Kür çayı üzərində Şəmkir Su Anbarının, Şəki rayonunda Əyriçay Su Anbarının, Qazax rayonunda Coğazçay Su Anbarının, Füzuli rayonunda Qozluçay, Naxçıvan MR-də Qıvraq və Həmzəli nasos stansiyalarının və s. obyektlərin inşasına başlanıldı.

Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuşdur. Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı yaxşılaşdırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Respublikamız üçün son dərəcə vacib olan Tərtərçay hidrokompleksinin, Xanbulançay Su Anbarının və             Samur-Abşeron kanalının yenidən qurulması obyektlərinin açılışında ümummilli lider Heydər Əliyevin              şəxsən iştirakı onun meliorasiya və su təsərrüfatına, bu sahənin inkişafına olan diqqət və qayğısının əyani sübutudur.

Azərbaycanda su axınını bölüşdürən və tənzimləyən suvarma sistemləri,kollektor drenaj şəbəkələri, nasos stansiyaları və su anbarlarından ibarət geniş və mürəkkəb su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu böyük meliorasiya potensialının əsas hissəsi ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi əvvəlki dövrdə yaradılmışdır.

1993-cü ilin iyun ayında xalqımızın böyük oğlu Heydər Əliyev ikinci dəfə yenidən Azərbaycanın rəhbərliyinə qayıtdı. Müstəqil Azərbaycan dövlətinin xilaskarı missiyasını şərəflə həyata keçirən Heydər Əliyev fəaliyyətə başlayanda bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı kompleksində də böhranlı vəziyyət hökm sürürdü, böyük zəhmət və külli miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə ayrılan sərmayənin həcmi heçə endirilmişdi. Bizim böyük xoşbəxtliyimizdir ki, dövlətçiliyin bütün incəliklərini dərindən bilən bu əvəzsiz insan ölkənin ağır məqamında imdadımıza çatdı.

Ümummilli liderimizin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatını məhv              olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiyanın potensialından daha səmərəli istifadə olunması yolları və onun gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Sahənin əhəmiyyətini yaxşı bilən Heydər Əliyevin göstərişləri əsasında respublikaya gələn xarici investisiyaların müəyyən hissəsi meliorasiya və su təsərrüfatının inkişafına yönəldildi.

MDB ölkələri arasında ilk dəfə Azərbaycanda 1996-cı ildə “Meliorasiya və irriqasiya haqqında” Qanun qəbul edildi. Bundan iki il sonra “Azərbaycan Respublikasının Su Məcəlləsi”, daha sonra isə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanun qüvvəyə mindi. Həmin qanunlar əsasında müvafiq normativ-hüquqi sənədlər hazırlanıb təsdiq edildi. Şəxsən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan Respublikasının Su Məcəlləsi” ölkəmizdə su münasibətlərinin tənzimlənməsi yolunda uğurlu bir addım olmuşdur.

Meliorasiya və irriqasiya sahəsində islahatların aparılması, onun gələcək inkişafının təmin olunması üçün ümdə əhəmiyyətə malik həmin qanunlar və onların əsasında qəbul edilmiş 30-a yaxın normativ-hüquqi sənəd meliorasiya və su təsərrüfatında işlərin istiqamətlərini, prinsiplərini, habelə belə obyektlərdə mülkiyyət formalarını müəyyənləşdirdi. Ulu öndərin idarəetmə işinin təkmilləşdirilməsi ilə bağlı göstəriş və tövsiyələrini rəhbər tutaraq, meliorasiya və su təsərrüfatında idarəetmə orqanlarının strukturu və fəaliyyət istiqamətləri yeni şəraitə uyğunlaşdırıldı.

Keçmiş kolxoz və sovxozların balansında olmuş daxili təsərrüfat obyektlərinin yenicə yaradılan fermerlər  tərəfindən saxlanılmasının və istismarının mümkünsüzlüyünü nəzərə alaraq, onların Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin balansına verilməsi barədə qəbul edilən qərar ulu öndər Heydər Əliyevin respublikada sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Təsərrüfatdaxili suvarma sistemlərinin dövlət himayəsinə götürülməsi onların tamamilə məhv olunması təhlükəsini aradan qaldırdı.

Ulu öndərin göstərişləri əsasında meliorasiya və su təsərrüfatına yönəldilən xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçilərək onlardan üçünün – Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan MR-də Vayxır su anbarının inşasının birinci növbədə maliyyələşdirilməsi qərara alındı. İslam dünyasının Heydər Əliyevə böyük hörmətinin və ehtiramının təzahürü kimi İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin hazırlanmasına əvəzsiz olaraq vəsait (qrant) ayırdı.

Böyük fəxr hissi ilə qeyd edilməlidir ki, ulu öndərimiz, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin  siyasi xətti və ideyaları son 20 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə meliorasiya və su təsərrüfatı sistemində də xeyli iş görülmüş, bir sıra mühüm layihələr reallaşdırılmışdır. Ölkə başçısının bu sahəyə diqqətinin nəticəsi olaraq meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 4,3 dəfə, bütün maliyyə vəsaitləri hesabına sahəyə əsaslı kapital qoyuluşu isə 22 dəfəyə yaxın artmışdır. Bunun nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əməkhaqqı 5,7 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmişdir. 800-dən artıq maşın və mexanizm alınmış, 247 kilometr təsərrüfatlararası suvarma kanalları, 244 km kollektor-drenaj şəbəkələri tikilib istifadəyə verilmiş, 201 min hektar suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. 479 ədəd subartezian quyusu qazılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar Səhmdar “Azmelsutəsərrüfat” ASC tərəfindən səlahiyyətlərinə uyğun olaraq ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, alternativ mənbələrdən, o cümlədən təmizlənmiş tullantı və kollektor-drenaj sularından, ölkə ərazisində antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədilə ilkin olaraq mövcud 22 ədəd hidroqovşaq və suvarma kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasına və layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Eləcə də Əlicançay su anbarının layihə sənədlərinin hazırlanması davam etdirilmiş, Qəbələ rayonu ərazisində Yengicə su anbarının tikintisi üzrə hazırlıq işlərinə başlanılmışdır.

Ölkə başçısının diqqət mərkəzində olan, işğaldan azad olunmuş ərazilərdə hidrotexniki qurğuların bərpası, əkinəyararlı torpaqların meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər əvvəlki illərdə olduğu kimi, cari ildə də “Azmelsutəsərrüfat” ASC fəaliyyətinin prioritet istiqamətlərindən olmuşdur. Ötən il oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuşdur.

Respublikamızın hazırkı yüksək sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, Heydər Əliyevin ideyaları bu gün də yaşayır, sabah da ölkəmizin yoluna işıq saçacaq, Azərbaycanın gələcəyi daha xoşbəxt, firavan olacaqdır. Heç şübhəsiz ki, gələcək nəsillər də bu dühanın aydın,parlaq ideyalarından bəhrələnərək Azərbaycan Respublikasının müstəqilliyini əbədi edəcək, dünya birliyində dövlətimizin mövqeyini daha da möhkəmləndirəcəklər.

 

Saleh SADIQOV,

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı ASC-nin Hidrogeoloji

Meliorativ Xidmət və Suların İstifadəsinə – Mühafizəsinə Nəzarət İdarəsinin rəisi,

əməkdar mühəndis.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password