İran Cənubi Qafqazda sülh yaradılmasından narahatdır
İran Azərbaycanla münasibətləri gərinləşdirməyə davam edərkən, Ermənistanla əməkdaşlıq edərək özünə gələcək “inşa” etməyə çalışır.
İranın Azərbaycanla bağlı siyasəti Qarabağ məsələsində özünü açıq şəkildə biruzə verdi. İkinci Qarabağ Müharibəsinin ən ağır dövrlərində Ermənistanı iqtisadi cəhətdən dəstəkləyən İran Azərbaycan üçün ancaq təhlükə idi. Dünyada hüququn, beynəlxalq sistemin olduğuna inandırılır və bu ritorika təkidlə davam etdirilir. Ancaq yaşanan “qıcıqlandırıcı” hadisələr isə dünyada hüququn olub-olmadığını sorğulamağa vadar edir.
Bölgədəki yeni geosiyasi vəziyyətdən ən çox narahat olan dövlətlərdən biri İrandır. Bunu görmək və bilmək elə də çətin deyil. Azərbaycanın İrandakı səfirliyinə hücum, İranın davam edən təxribatları, bəyanatları bunun sübutudur.
Son olaraq İran parlamenti İsraildə səfirlik açılması ilə əlaqədar Azərbaycana qarşı bəyanat qəbul edib . Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının dövlət xadimlərinin bu hərəkətinin onlara qarşı bir çox mənfi siyasi nəticələri olacaq. Bu addımın “İslam dünyasına zidd” kimi dəyərləndiriblər. Bunu deyən Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil edən bir ölkədir.
Azərbaycan torpaqlarının 30 il işğal altında qalması, ermənilər tərəfindən məscidlərinin dağıdılması “İslam dünyasına zidd” deyildi? Əgər ziddirsə, İran indi Azərbaycanın İsraildə səfirlik açmasına yox, 30 il öncəyə qaydıb tərəfkeşlik etdiyi Ermənistana qarşı çıxmalıdır.
Məntiqi əsası olan arqumentlər tapa bilmədikləri üçün hər zaman olduğu kimi məntiqdənkənar və absurd səbəblər ortaya qoymağa davam edirlər. Xarici siyasət anlayışı “terrorizm” və “terrorizmi dəstəkləmək” üzərinə qurulan bir dövlətin başqa bir dövlətin xarici siyasətini şərh etməsi absurddur qaldı ki, buna qarşı bəyanat qəbul etməsi.
Təbii ki, İran tərəfindən indiyədək bu cür əhəmiyyətsiz bəyanatlar, açıqlamalar çox olub. Biri əksik, biri artıq fərq etməz. Lakin İran hazırda nəinki Azərbaycanın daxili işinə qarşır, artıq xarici siyasətinə də müdaxilə etməyə cəhd edir.
Bir millətin, dövlətin, ölkənin müqəddəratını onun öz xalqı müəyyən etməlidir və Azərbaycan da tam olaraq bunu edir. Bu reallıqdır. Kağız parçasından ibarət bəyanatlar, söz yığınından ibarət tvitlər, hədələyici açıqlamalar reallığı dəyişəcək gücə sahib deyil. Hələ ki, bu bəyanat, açıqlamaları verənlər rasionnallıqdan uzaq bir dövlətə mənsubdurlarsa.
Bu cür qərəzli mövqeyi açıq-aşkar ortaya qoyan İran hələ Azərbaycan Xarici İşlər Nazirliyinə nota verərək bildirir ki, Azərbaycan mediasında İran əleyhinə məqalələr dərc edilir. İran tərəfindən daha bir obyektivlikdən kənar açıqlama. Azərbaycan hər zaman münasibətləri bərpa etmək üçün xoşniyyətli addımlar atıb. Amma təəssüfki, qarşı tərəf bunu qəbul etmir.
Azərbaycan İrandan fərqli olaraq hər zaman rasional və obyektiv olub, mövqeyini faktlarla əsaslandırıb. Bunun nəticəsidir ki, 6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb, İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.
İran ətrafına hər zaman öz “maraqları” ilə baxıb. Baş verənlərə qarşı isə kordur. Zəif olduğunu, itirdiyini, inkişafdan geri qaldığını bilir. Regionda qonşu olaraq güclü dövlət görməyə dözümü yoxdur. Bu səbəbdən Azərbaycanın artan gücünü qəbul edə bilmir. Ona özündən də zəif bir dövlət lazımdır ki, kömək etsin və özünü güclü olduğuna inandıra bilsin. Bunun üçün də Ermənistanı seçib.
İran Azərbaycanla münasibətləri gərginləşdirməyə davam edərkən, Ermənistanla əməkdaşlıq edərək özünə gələcək “inşa” etməyə çalışır.
Görünür İran hazırda “düşünmə çətinliyi” yaşayır. Bundan da qurtuluşunun yolu qonşusu olan Azərbaycandır. İran gözünü açmalı və Azərbaycanla münasibətinə yenidən və doğru aspektdən baxmalıdır. Əgər özünü rasional bir dövlət olaraq görürsə, buna uyğun da davranmalıdır./trend.az