Rusiya üçün əcəl zəngi – Moskvanın Bakıya ehtiyacı artır: NATO artıq qapıda

 

Rusiyanı parçalamaq üçün Qərb pillə-pillə istəyinə çatır. Ukrayna müharibəsi ilə dünyanı üzərinə qaldırmaq üçün zəmin yaradan Rusiyanın bu gün nə geri dönüş imkanı var, nə də savaşdan qalib ayrılmaq üçün o potensialı qalıb. Belə görünür ki, bu müharibə ilə faktiki olaraq dünyanı qarşısına alan Vladimir Putin ABŞ və Qərbin oyununa getdi. O oyun ki, qaydalarını məhz Rusiyanı özünə ən böyük təhlükə hesab edən rəqibləri daha öncədən müəyyən ediblər.

Finlandiyanın NATO üzvü olması istiqamətində Qərbin çabalarının nəticə verməsi bu deyiləni növbəti dəfə təsdiq edir. Əslində ilk baxışdan 5 milyonluq bir xalqın Rusiya kimi nəhəng dövlət üçün təhlükə mənbəyi olacağı ilə bağlı fikirlər real görünmür. Amma artıq Rusiya üçün Finlandiya yox, bir NATO təhlükəsi qapısında dayanıb.

Putin sərhədlərində daha az NATO görmək istədi, lakin bunun əksinin şahidiyik. Bununla bağlı NATO Baş katibi Yens Stoltenberq alyansın XİN başçılarının iclasından əvvəl jurnalistlərin suallarını cavablandırarkən də deyib ki, “Putin Ukraynaya hücum edərək həm də NATO-nun qapısını bağlamaq, sərhədlərində daha az NATO görmək istədi, lakin bunun tamamilə əksinə nail oldu”.

Rusiya lideri görünür heasaba qatmayıb ki, Ukrayna müharibəsi NATO müttəqiflərini daha yaxşı hazırlıq vəziyyətinə gətirəcək, alyansın müxtəlif qanadlarında onun hərbi mövcudluğu daha da güclənəcək, NATO-ya yeni üzvlər – özü də sərhədlərində qərarlaşan dövlətlərdən, – qoşulacaq.

Finlandiyanın ittifaqa üzvlüyü üçün prosedur tamamlandı və bu ölkə NATO-nun 31-ci üzvü elan edildi. Finlandiyanın qəbulu nəticəsində NATO-nun Rusiya ilə quru sərhədinin uzunluğu 2 dəfə artaraq 2600 km-ə çatdı. Kreml 1 il əvvəl nə düşünürdü, amma nələr baş verdi…

Finlandiyanın Rusiya ilə 1271,8 km quru sərhədi (daha 54 km dəniz) var. İndiyə qədər Rusiyanın NATO ilə sərhədi 1215 km idi. Beləliklə, Finlandiyanın qəbulu yekunlaşandan sonra Rusiyanın NATO ilə quru sərhədi iki dəfədən çox artmış oldu. Üstəlik, ikinci ən böyük şəhəri olan Sankt-Peterburqun lap ətrafında artıq NATO qüvvələri qərarlaşmış olacaq. İstisna edilmir ki, bu çevikliklə tezliklə İsveç də NATO-ya üzv olacaq.

Bütün bu proseslərə bir nəzər saldıqda əminliklə demək olar ki, Putin hakimiyyətinin Ukraynadakı hərbi kampaniyası Rusiyanın gələcəyi üçün çox böyük geostrateji problemlər doğurdu. Əslində Rusiyanın Ukraynada müharibəyə qərar verməsini əsaslandıran arqumentlərdən biri də o idi ki, Ukrayna problemi indi həll edilməsə Rusiya gələcəkdə daha güclü Ukrayna ilə qarşılaşmalı olacaqdı. Amma müharibə variantı da daha böyük məsələlər ortaya çıxardı. Finlandiya və İsveçin qəbulundan sonra Baltik dənizinin “NATO gölünə” çevrilməsi, NATO ilə quru sərhədlərin iki dəfə artması, qitənin mərkəzində Polşanın hərbi cəhətdən olduqca gücləndirilməsi Rusiyanın Avropa meydanından sıxışdırılması deməkdir.

Rusların Avropada yenidən əvvəlki mövqelərə qayıtması mümkün olmaya bilər, mümkün olsa belə bunun üçün bir neçə onillik və çox böyük resurs xərclənməlidir. Amma bugünün reallığını da unutmaq olmaz: Qərb və ABŞ əlindən gələnin ən yaxşısını etməyə çalışır ki, Rusiyanı dünyada gedən gosiyasi və iqtisadi proseslərdən bir xeyli geri salaraq, Moskvanı güc və beyin mərkəzi kimi çökdürsün.

Belə olan təqdirdə isə Avropada qurulmaqda olan yeni güc balansından kənarda qalmaq Rusiya tarixinin ən böyük fiaskolarından biri kimi yadda qala bilər. Hər halda Rusiya bu gün çıxılması çətin bir bataqlıqdadır. Kremli burada xirtdəyəcən batıb boğulmaqdan xilas edəcək tək gerçək özünün başlatdığı müharibədə hər şeyin sonu gəlmədən əllərini qaldırmaq olar. Lakin Putin üçün bu ağır məğlubiyyətə bərabər, kapitulyasiya demək olacaq.

Ona görə ki, Ukrayna bu savaşdan geri çəkilməyəcək, çəkiləcəksə də Rusiyadan istədiklərini sökə-sökə alacağı təqdirdə bunu edəcək. Çünki bunun üçün Kiyevin daha böyük səbəbləri var: İşğala məruz qalan, on minlərlə dinc əhalisi qırılan, milyonlarla qaçqını olan ölkə olmaqla yanaşı Kollektiv Qərbin və ABŞ-ın milyardlarla dollar dəyərində hərbi yardımları da Ukraynanın “savaş, ya barış” qərarında həlledicidir.

Ukrayna ətrafında yaranmış vəziyyət Azərbaycan liderinin gələcəyə məntiqli strateji baxışına və Putinlə Müttəfiqlik Əməkdaşlıq haqqında Bəyannaməni imzalamasına mane olmadı. Böyük ehtimalla Rusiya özündə Şərqə dönüş etmək zərurətini görəcək. Axı Rusiyada bir dövlət olaraq türk komponenti tarixən güclüdür. Bütün bu hadisələr Rusiyanı Türk Dövlətləri Təşkilatına daxil olmaq istiqamətində yollar axtarışına sövq edir. Rusiya Türk Birliyinə üzv olmaq üçün prosesə yaxın gələcəkdə start verə bilər. Bu situasiyadan isə ən çox qazancı məhz Azərbaycan və Türkiyə götürə bilər. NATO ilə sərhədi iki dəfə böyüyən Rusiya üçün bundan optimal seçim variantı yoxdur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password