Bakıda torpaq sahibi olmaq nə dərəcədə asandır?

 

Son illər Bakıda və onun ətrafında məskunlaşmanın sürətlə artması, minlərlə fərdi evin tikilməsi paytaxtda boş, normal qiymətə və yaşayış təyinatlı torpaq sahəsi tapmağı  az qala qeyri-mümkün edib.

Başqa sözlə, Bakıda torpaq sahibi olmaq çətinləşib.

Bu fikri açıqlama verən “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc da bölüşür. Onun sözlərinə görə, son illər yaşayış təyinatlı torpaqlarla yanaşı, sənaye, kənd təsərrüfatı və digər məqsədlərlə istifadə olunan torpaqlar da bahalaşıb, necə deyərlər əlçatmaz olub: “Bahalaşma ilk növbədə torpaq sahələrinin azalması ilə bağlıdır. Ölkədə sosial-iqtisadi inkişaf gedir, müxtəlif obyektlər tikilir. Müəyyən ərazidə yaşayan insanların sayı artdıqca boş torpaq sahələri azalır. Son 10 ildə nəinki Bakıda və onun ətrafında, bölgələrimizdə də torpağın qiyməti ciddi artıb. Yaxın müddətdə fors-major hallar, ciddi iqtisadi və yaxud maliyyə böhranı, yaxud hansısa fövqəladə hadisə baş verməsə, torpaq bazarında qiymət artımı davam edəcək”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, torpaq bazarı ilə bağlı digər bir problem isə vətəndaşların məlumatlılıq səviyyəsinin aşağı olmasıdır: “Bəzən vətəndaşlar bir torpaq sahəsini gördükdə dərhal düşünür ki, onun üzərində tikinti işləri aparmaq olar. Amma qanunvericiliklə torpaq sahələri təyinatlar üzrə bölünüb. Əgər təyinat kənd təsərrüfatı üzrədirsə, onun üzərində ev tikmək olmaz. Vətəndaşlarımız çox zaman bundan xəbərsiz olur və torpaq sahəsini əldə edəndən sonra problemlərlə üzləşirlər. Hazırda Bakıda kənd təsərrüfatı təyinatlı torpaqların üzərində tikilmiş minlərlə ev var. Bu faktla artıq müvafiq strukturlar barışıb. Amma bu torpaqların yanında da kənd təsərrüfatı təyinatlı sahələri vətəndaşlarımız alır və üzərində tikinti aparırlar. Bu problemin hüquqi yolla həllini tapmaq lazımdır. Ya həmin torpaqlara yaşayış statusu verilməli, ya da bu torpaqların yaşayış üçün istifadəsinə birdəfəlik yol verilməməlidir. Hesab edirəm ki, 1-ci variant məqsədəuyğundur. Əgər ətrafında çoxsaylı tikililər varsa və faktiki yaşayış sahəsidirsə, kütləvi surətdə kənd təsərrüfatı təyinatlı torpaqların statusunun dəyişilməsi məsələsinə baxılmalıdır. Bu məsələdə ciddi nəzarət olunmalı, həmin sahələrin yaşayış üçün uyğun olub-olmaması, orda infrastrukturun inkişaf səviyyəsi, yaxınlıqda çoxsaylı istehsalat müəssisələrinin olub-olmaması, ərazidən yüksək gərginlikli elektrik xətlərinin keçib-keçmədiyi ciddi təftiş olunmalıdır. Ümumiyyətlə, yaşayış təyinatlı torpaq ehtiyatlarımız azalır. Bunun üçün yeni torpaq sahələri müəyyən edilməlidir”.

“Düşünürəm ki, faktiki yaşayış sahələri ilə bağlı vəziyyət sənədləşmə prosesində nəzərə alınmalıdır. Yəqin ki, getdikcə sənədləşmə işlərində sadələşmə olacaq. Bu sahədə qanunvericilikdə dəyişikliklər edilməli, istisna hallar müəyyən olunmalıdır. Əgər bir ərazi kənd təsərrüfatı sahəsidirsə və orda kütləvi məskunlaşma varsa, onun təyinatının dəyişilməsi müzakirə edilməlidir” – deyə V.Oruc əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password