Fazil Mustafanı güllələyən şəxs saxlanıldı – YENİLƏNİB
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Teleqram kanalları məlumat yayıb.
Şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.
Bu barədə rəsmi açıqlama gözlənilir.
“Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir”.
Bu barədə “Report” un sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, martın 28-də saat 21:51-də Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” avtomatından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.