“Dünya Bankı bu sahədə Azərbaycana yardım etməyi planlayır”
Dünya Bankı (DB) Azərbaycanda reallaşdırılan layihələrə dəstək kontekstində həmçinin Çindən Avropaya yük daşımalarını həyata keçirməyə imkan verən Orta Dəhlizin inkişaf perspektivlərini nəzərdən keçirir.
Bu barədə DB-nin Azərbaycan üzrə regional meneceri Sara Maykl deyib.
“Ölkədə aktiv inkişaf gedir, bu səbəbdən əmin olmaq istəyirik ki, DB-nin Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi proqramlar tələb olunan və aktual sferalara toxunur”, – deyən DB nümayəndəsi bu cür sferalardan birinin Orta Dəhlizin inkişafı olduğunu qeyd edib.
Onun sözlərinə görə, hazırda DB Azərbaycanda növbəti proqramlar tsiklini tamamlayıb və bununla əlaqədar olaraq ölkə hökuməti və Dünya Bankı yeni yardım sazişini müzakirə etməkdədir, yeni saziş çox güman ki, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası ilə sıx bağlı olacaq.
Yeni proqramın, həmçinin, bərpa olunan enerji sahəsi, o cümlədən “yaşıl” enerjiyə keçidi əhatə edəcəyi gözlənilir.
Bank nümayəndəsinin sözlərinə görə, DB yeni proqramlar tsiklinin Azərbaycanda insan potensialının inkişafına şərait yaradacağını, habelə, təhsil, səhiyyə və sosial xidmət sahələrini əhatə edəcəyini hesab edir.
Sara Maykl DB-nin Azərbaycan hökumətinə aktual əməkdaşlıq istiqamətlərində texniki yardım göstərməyə davam edəcəyini əlavə edib.
Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Hazırda Orta Dəhliz Avropaya ən qısa və ən qənaətli marşrut təklif edir./trend.az