Tehran bəhanə tapdı: Bakıdan tələb edir!
İran Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla mətbuat konfransında israilli həmkarı Eli Kohenin “İsrail və Azərbaycan İrana müqavimət göstərmək üçün birlikdə çalışmalıdırlar” sözlərindən sui-istifadə etməyə başlayıb.
İran XİN rəsmisi Nasir Kənani Azərbaycanda “İsraillə birgə antiiran əməkdaşlığı”na aydınlıq gətirilməsini tələb etdiklərini açıqlayıb.
“İslam Respublikası hər zaman iki qonşu ölkə arasında nifaq salmaq üçün bədxahların cəhdlərinin qarşısını almağa çalışıb və Azərbaycan hökumətinin də iki ölkənin düşmənlərinin qurduğu tələdən qaçacağı gözlənilir. Aydındır ki, İran sionist rejimin Azərbaycan ərazisindən ona qarşı planına biganə qala bilməz”, – deyə Nasir Kənani növbəti dəfə Azərbaycana qarşı siyasətlərinə haqq qazandırmağa çalışıb.
Zəruri olaraq qeyd etməyə ehtiyac var ki, sözügedən ifadə İsrail XİN başçısına məxsusdur, Azərbaycan XİN rəhbəri elə bir mövqe nümayiş etdirməyib. Digər tərəfdən, Eli Kohen də kifayət qədər korrekt bəyanat verib və “Azərbaycan və İsrail İrana müqavimət göstərmək üçün birlikdə çalışmalıdır” deyib. Bu ifadə İsrailin yaratmağa çalışdığı antiiran koalisiyasına Azərbaycanın daxil olduğu demək deyil! Burda açıq aydın İran mollabaşlarının da anlaya biləcəyi dildə arzu və istək ifadə olunur, həmçinin İrana hücum deyil, “İrana müqavimətdən” söhbət gedir.
Bu ifadədən Azərbaycana qarşı istifadə etmək və rəsmi Bakıya qarşı tələb irəli sürmək absurddur.
Əvvəla, Azərbaycan heç bir qonşusuna qarşı öz ərazisindən istifadə etməyəcəyini dəfələrlə elan edib və bunu əməli ilə göstərib. Həm də ona görə ki, Azərbaycan İranda hər hansı müharibə istəmir, çünki orada 40 milyon azərbaycanlı yaşayır və İran vurularsa, soydaşlarının üz tutacağı ölkə Azərbaycan olacaq. Azərbaycanlılar bu halda soydaşlarını qəbul etməyə bilməz, ancaq ölkənin resursları o qədər qaçqını qəbul etməyə də imkan vermir.
İrana hər hansı zərbə azərbaycanlıların zərər görməsi baxımından Azərbaycan dövlətinin maraqlarına qətiyyən uyğun deyil.
İkincisi, Azərbaycanda İrana qarşı hər hansı “İsrail obyektinin” olduğuna dair bir fakt belə yoxdur, ola da bilməz.
Əvəzində İranın Azərbaycana qarşı hansı məkrli, düşmənlə əlbir oyunlar oynadığını hər kəs bilir:
– İran Zəngəzur dəhlizinin açılmasına imkan vermir;
– İran Qarabağ münaqişəsinin yenidən “dirilməsi” üçün bütün hərbi-siyasi imkanlarından istifadə edir;
– İran Ermənistanı müharibəyə hazırlayır – pulsuz silah-sursat, raketlər, PUA-lar verir və bu silah-sursatdan istifadə etməsi üçün təlim keçir;
– İran Azərbaycanın rus sülhməramlıların nəzarəti altında olan ərazisinə yerləşdirmək üçün Suriyada terrorçular hazırlayır;
– İran 44 günlük savaşda hər vasitə ilə Azərbaycana qarşı Ermənistana dəstək verib;
– İran “Ermənistanın ərazisi qırmızı xəttimizdir” deyə, guya Azərbaycanın Ermənistanın sərhədini pozmaq istədiyi bəhanəsi ilə hər gün (!) ölkəmizə qarşı hədələr həyata keçirir;
– İran Azərbaycan səfirliyinə terror hücumu həyata keçirib və aradan keçən 2 aydan artıq müddətdə terrorçunu xilas etmək, məsuliyyətdən yayındırmaq üçün saxta dəlillər toplamaqla məşğuldur;
– İran son bir ayda Bakıdakı iki terror hücumuna müəlliflik edib – sonuncu dəfə millət vəkilinə qarşı sui-qəsdə cəhd göstərib;
– İran Azərbaycanda vətəndaş müharibəsi törətmək üçün terror şəbəkəsini aktivləşdirib;
– İran agentura şəbəkəsi bütün ölkəmizi sarıb – hər gün ifşa edilsə də, casus ixracını dayandırmır;
– İran Azərbaycana qarşı düşmənçiliyini açıq müstəviyə keçirib;
– İran sərhədimizdə hər il hərbi təlimlər keçirəsi olub – növbəti təlimlərə hazırlaşır;
– İran Azərbaycanı hədələmək niyyəti ilə son həftədə hər gün bir komandirini sərhədimizə göndərir, onlar da əlini Arazın bu tayına uzadıb, saxta ittihamlarla, böhtanla, şərlə Azərbaycanı təhdid edirlər;
– SEPAH-a bağlı kanallar hər gün Azərbaycana qarşı bir təxribatçı video yayır və s.
İran dayanmadan, bir an belə nəfəs dərmədən Azərbaycana qarşı açıq düşmənçilik etdiyi halda İsrail nazirinin hansısa sözündən sui-istifadə etmək eşqinə düşürsə, bu, Tehran rejiminin heç bir diplomatik sərhəd tanımadığının sübutudur.
Əgər İranın izahat tələb edəsi bir yer varsa, o da İsraildir, o sözü deyən də, İranı vurmaqla hədələməkdə qalmayıb, hər gün Suriyada İrana bağlı qüvvələrə və Qüds briqadasına zərbə endirən də, SEPAH zabitlərini öldürən də, İranın daxilinə PUA-larla hücum edən də, İran generallarını ölkənin içində aradan götürən də İsraildir!
Cəsarəti çatırsa, elə bu gün səhər məhv edilən yüksək çinli zabitinə görə İsraildən “izahat” tələb etsin; cəsarəti çatırsa, 3 ildir yasını tutduğu Qasım Süleymaniyə görə hərəkətə keçsin!
44 günlük savaşda Ermənistanın yanında yer almağın nəticəsi 10 noyabr bəyanatıdır. İran istəsə də, istəməsə də, bu bəyanatdakı imzanı Paşinyanla birgə bölüşür.
Bu bəyanatın müddəalarını yerinə yetirməyə də Paşinyanla birgə məhkumdur – Azərbaycanı hədələməklə özünü şərik etdiyi kapitulyasiyadan yaxa qurtara bilməz!/axar.az