KİV: “Ermənistan Rusiyaya sanksiyalar siyahısına salınmış məhsullar tədarük etməklə dəstək verir”
Ermənistan Rusiyanın Ukraynaya qarşı təcavüzünün əsas iqtisadi tərəfdaşıdır və Rusiyaya sanksiyalar siyahısına salınmış məhsullar tədarük edir.
Bu barədə Ukrayna mətbuatına istinadən xəbər veririk.
“Bloomberg”in araşdırmasında bildirilib ki, “Eurostat”ın məlumatına görə, Ermənistan 2022-ci ilin ilk səkkiz ayında Avropa İttifaqı (Aİ) ölkələrindən əvvəlki iki illə müqayisədə daha çox paltaryuyan maşın idxal edib.
Avropadakı rəsmilər Rusiyanın tanklar daxil olmaqla, hərbi texnikasında soyuducu və paltaryuyan maşınlarının hissələrinin olduğunu bildiriblər. İrəvan rusları hərbi texnika üçün lazım olan mikrosxemlərlə də təmin edir.
ABŞ Xəzinədarlığı mikrosxemlərin hazırlanması və istehsalı üzrə ixtisaslaşan Rusiyanın “Milandr” şirkətinə xüsusi diqqət yetirib. Onun Ermənistandakı törəmə şirkəti – “Milur Electronics” MMC xarici zavodlara sifarişlər vermək, inteqral sxemlər istehsal etmək və xaricə satış həyata keçirmək məqsədi ilə yaradılıb.
Ermənistanın digər şirkəti – “Taco” MMC Rusiyanın “Radioavtomatika” şirkəti ilə sıx əlaqədə olduğuna görə sanksiyalar siyahısına daxil edilib. Belə ki, bu şirkət sanksiyalardan yan keçərək Rusiya hərbi sənayesi üçün xarici avadanlıqların alınması üzrə ixtisaslaşıb. OFAC-ın məlumatına görə, “Radioavtomatika” Ermənistanda komponentlərin idxalı və satınalma prosesinin təşkili üçün “Taco” şirkətinə pul ödəyir.
Ukrayna KİV-in məlumatına əsasən, təcavüzkarla tərəfdaşlıq mülki ehtiyacları da kompensasiya edir. Ermənistandan Rusiyaya smartfonların və Qərb istehsalı olan avtomobillərin tədarükü də uğurla həyata keçirilir.
Rusiyanın Baş naziri Mixail Mişustin bəyan edib ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 42% artıb. Qeyd edək ki, son bir ildə ölkələr arasında ticarət dövriyyəsi qeyri-mütənasib şəkildə artıb.
Ümumiyyətlə, Berlin Cənubi Qafqaz Mərkəzinin Ermənistanın rəsmi statistikasına əsaslanan məlumatları göstərir ki, 2021-ci ildə Aİ-dən Ermənistana ixrac 753 milyon avro, 2022-ci ildə isə artıq 1,3 milyard avro təşkil edib. 2021-ci ildə Ermənistandan Rusiyaya ixrac 840 milyon dollar, 2022-ci ildə isə 2,4 milyard dollara yüksəlib.