Quru sərhədlərini açmaq mümkündür, bir şərtlə ki… – Komitə sədri

 

Baş nazirin yeni qərarı ilə ölkəmizdə COVID-19-la bağlı məhdudiyyətlər bir qədər də yumşaldıldı. Artıq karantin rejimindən çıxmaq ərəfəsindəyik. İndi yalnız bəzi məhdudiyyətlər qalıb. Bu da ölkəmizin quru sərhədləri ilə gediş-gəlişlə əlaqələdir. Yəqin ki, bu məsələdə də hökumətin özünün müəyyən düşüncələri var. Amma ümumilikdə götürdükdə hələlik COVID-19 təhlükəsi də tam aradan qalxmayıb. Çox güman ki, üzü yaya biz COVID-19-un sona çatdığını görəcəyik.

Bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, pandemiyanın Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən başa çatdığı elan edildikdən sonra Azərbaycanda da bütün məhdudiyətlər tam aradan qalxacaq:

“Ölkəmizin quru sərhədlərinin açılması ilə bağlı hələlik konkret bir fikir bildirmək olmur. Amma burada da müəyyən şərtlər daxilində yumşalmalara getmək olar. Bu şərtlər daxilində sərhədləri açmaq mümkündür. Bunun bir təhlükəsi də olmayacaq. Ola bilsin hökumətin əlində elə ciddi arqumentlər var ki, onu söyləmək olmaz. Ümumilikdə isə ölkədə epidemioloji situasiyanı nəzərə alsaq, quru sərhədlərinin tam bağlı qalması zərurəti görünmür”.

Komitə sədri hesab edir ki, Azərbaycan bir çox dövlətlərlə strateji əməkdaşlıq müqaviləsi bağlayıb:

“Bu ölkələrlə çox sıx əməkdaşlıq olunur. Amma pandemiyanın olması, beləliklə quru yolla əlaqələrin məhdudlaşması, bir qədər gediş-gəlişin azalması turizmə, ticarət əlaqələrinə mənfi təsir göstərir. Ona görə də yay fəslinin turizm üçün əlverişli olduğunu nəzərə alaraq müəyyən yumşalmalara getmək mümkündür”.

Musa Quliyev ölkələrarası iqtisadi əlaqələrin daha da yüksəlməsi istiqamətində Azərbaycanın maraqlı olduğunu söyləyib: “Amma çox təəssüf ki, qonşu dövlətlərdə indi vəziyyət arzuolunan səviyyədə deyil. Rusiya-Ukrayna müharibəsi, Ermənistanın sülhə və əməkdaşlığa hazır olmaması, İranın təcavüzkar niyyətləri Azərbaycanı qonşu dövlətlərlə əlaqələrində siyasi-hərbi cəhətdən problemlər yaradır. Amma Azərbaycanın digər dövlətlərlə münasibətlərində problemləri yoxdur. Sözsüz ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın da ticarət əlaqələrinə mənfi təsir göstərib. Tarixi İpək və Şimal-Cənub yolu ilə bağlı yükdaşımalara embarqoların qoyulması burada mənfi tendensiyalar yaradır”.

Deputat deyib ki, bütün bunlar Azərbaycanın mövqeyindən asılı olan məsələlər deyil: “İndi COVID-19-dan daha çox istisadi münasibətlərdə gərginlik var. Bu da daha çox Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Sözsüz ki, bu müharibənin tezliklə başa çatması arzulanır”.

Millət vəkili bildirib ki, Azərbaycan öz qarşısına böyük hədəflər qoyub: “Ölkəmizin 2030-cu qədər sosial-iqtisadi inkişaf proqramı var. Həmçinin yaxın 5 il üçün Qarabağda məskunlaşma, quruculuq-abadlıq işləri ilə bağlı dövlət proqramı qəbul edilib. Sadəcə olaraq dünyada mövcud olan su çatışmazlığı, iqlim dəyişikliyi, qlobal istiləşmə ilə bağlı ciddi təhdidlər var. Bütün bunlar ölkəmizin iqtisadi münasibətlərinə, qarşıya qoyulan hədəflərə yenidən baxılmasını zərurətə çevirir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password