Şoltsun Bakıya qarşı sözləri silindi, Əliyev Berlinə getdi…

 

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gedib. Bundan bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyada səfərdə idi. Qısa müddətdə ərzində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin Cənubi Qafqaza artan marağından irəli gəlir.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Paşinyan boşluqdan istifadə edərək, Berlində Azərbaycan əleyhinə açıqlamalar vermişdi, balans bərpa olunmalı idi:

“Almaniya kansleri Olaf Şolts Paşinyanla birgə mətbuat konfransında “Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alan dinc həll yolu tapılmalıdır” cümləsini işlətmişdi. Bir gün sonra Almaniya hökumətinin saytından Şotlsun bu cümləsi çıxarılsa da, kanslerin bölgə haqqındakı baxışıyla bağlı şübhəmiz ortadan qaldırılmadı. Bu dəfə Şolts Prezident İlham Əliyevlə görüşəcək. Əslində Berlin hər iki tərəfdən bərabər məsafə saxlamaqla Parsin Cənubi Qafqazda itirdiyi yeri tuta bilər. Fransa İkinci Qarabağ müharibəsindən sonra balansı tamamən Ermənistanın xeyrinə pozduğu üçün keçmiş vasitəçi statusunu itirib. Bu səbəbdən rəsmi Bakı Fransanın heç bir təşəbbüsünü qəbul etmir. Berlin bu boşluğu doldurmağa iddialıdırsa, Qarabağ mövzusuna qarışmadan Azərbaycanla Ermənistan arasında danışıqların intensivləşdirilməsində Brüssellə birgə fayda verə bilər”.

Səfərin iqtisadi tərəflərinə toxunan iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov isə Almaniyanın 3.85 trilyon dollar ÜDM ilə dünyada 4-cü, Avropada isə ən böyük iqtisadi güc olduğuna diqqət çəkib:

“Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələr artım dinamikası ilə inkişaf edir. 2020-ci ildə ölkələr arasında xarici ticarət dövriyyəsi 817 milyon 622 min dollar idisə, ötən il bu rəqəm 1 milyard 257 milyon dollaradək yüksəlib. Son iki ildə ticarət həcmini 54.0 faizə yaxın artıran tərəflər ötən il ümumi dövriyyəni qoruyub saxlayıblar.

Almaniyanı təmsil edən şirkətlər Azərbaycan iqtisadiyyatında aktivdirlər. Təbii ki, qarşılıqlı sərmayə qoyluşlarında potensial daha böyükdür. Xüsusən də Almaniya şirkətləri texnologiya və innovasiya transferi baxımdan böyük imkanlara malikdirlər.

Göründüyü kimi, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password