Su qıtlığı varsa, qiymət niyə artırılır? – Tariflərdəki TƏZADLAR
Azərbaycanda suyun qiymətinin yenidən artırılması təklif olunur. Rəsmi qurumlar suyun 1 000 kubmetrinin qiymətinin dövlətə 70-80 manata başa gəldiyini və rentabelli fəaliyyət göstərə bilmədiklərini əsas gətirərək, tariflərin bahalaşmasını məqbul sayırlar. Rəsmi qurumun bildirdiyinə görə, inkişaf etmiş və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır.
Öncə bir hesab aparaq. Əgər rəsmi olaraq elan edilirsə ki, suyun 1 000 kubmetri 70-80 manata başa gəlir, onda bir kubmetr (ton) su üçün hökumət 8 qəpik xərc qoyur. Əhaliyə isə minimal olaraq 1 kubmetr su 70 qəpiyə satılır. Belə çıxır ki, 1 kubmetr su 10 dəfə bahasına satılır. Bəs onda içməli suyun qiymətinin yenidən qaldırılması məsələsi hansı meyarlara uyğundur?
Təbii ki, bu təklif ictimaiyyətdə də birmənalı qarşılanmayıb. Ən azından, ona görə ki, su qıtlığı problem kimi qalır və bu məsələnin yaxın vaxtlarda çözüləcəyi belə, bəlli deyil. Yüksək xidmət olmadığı halda su tarifinin qiymətinin artması başadüşülən deyil…
İqtisadçı və kommunal məsələlər üzrə ekspert Vüqar Oruc Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib.
O, tariflərin biznes və qeyri-yaşayış obyektləri üçün bahalaşmasını məqbul sayır:
“Əlbəttə ki, dövlət qurumları rentabelli fəaliyyət göstərməlidir. Əgər bir qurumun rəsmiləri bəyan edirlərsə ki, onların xərcləri və gəlirləri üst-üstə düşmür, dövlət büdcəsi və səhmdar cəmiyyət üçün borclar yaranırsa, bu, birmənalı şəkildə həll olunmalıdır. Burada hər hansı bir digər məqsəddən söhbət gedə bilməz. Bu məsələ yoluna qoyulmalıdır.
Yəni “Azərsu” rentabelli işləməli və işin xidməti yüksəlməlidir. Bir müəssisə rentabelli işləyə bilmirsə, büdcəsində kəsirlər olursa, bu, onun xidmətinə də təsir göstərəcək. Qiymətlər bahalaşsa, təbii ki, əhalinin büdcəsinə ciddi təsir göstərəcək. Həmçinin aztəminatlı ailələr üçün çox ciddi problemlər meydana gələcək.
Hazırkı durumda bu məsələnin həlli belədir. Necə ki gündəlik tələbat mallarına dövlət müdaxilə edir və onların qiymətinin artımına şərait yaratmır, dövlət büdcəsindən ayırmalar olur, eləcə də strateji mahiyyəti olan su təminatı da bu siyahıda yer almalıdır. Dövlət müvafiq ehtiyatları hesabına dotasiya ilə “Azərsu” ASC-nin büdcəsində olan kəsirləri və rentabellilik üçün lazım olan dəstəyi göstərməlidir. Bu zaman həm əhali ciddi problemlə üzləşməz, həm tariflər qalxmış olar, həm də qurumun fəaliyyətindəki rentabellik bərpa olunmuş olar”.
Ekspertin sözlərinə görə, bir müddət əvvəl “Azərsu” ASC-nin fəaliyyəti tamamilə rentabelsiz idi:
“Son illərdə qurumun fəaliyyətində dönüşlər var. Xidmətin yüksəlməsi yığımın normallaşmasına, o cümlədən fəaliyyətin sistemləşməsinə gətirib çıxarıb. Məhz bu səviyyəyə qədər inkişaf etmiş quruma dövlət ciddi dəstək göstərməlidir. Onsuz da, müəyyən sosial problemlərlə çarpışan aztəminatlı ailələrin və ümumilikdə əhalinin hesabına yox, dövlət dotasiyası ilə məsələni həll etmək mümkündür.
Bilirsiniz ki, çox sayda biznes və qeyri-yaşayış obyektləri var ki, onların da sudan istifadəsinin məbləği dünya standartlarına uyğun deyil. Hesab edirəm, rentabelliyi artırmaq məqsədilə əhaliyə deyil, istehsal sahələrinə və qeyri-yaşayış obyektlərinə tariflərin yüksəldilməsini tətbiq etmək olar. Əgər tariflərin artırılmasından başqa variant yoxdursa, bu artım qeyri-əhaliyə yönəlməlidir”.
Vüqar Oruc su qıtlığı məsələsinə də toxunub. O, problemin birdəfəlik həllini belə görür:
“Bu problem nəinki Azərbaycanda, bütün dünyada var və getdikcə böyüyəcəyi proqnozlaşdırılır. Hətta bir neçə onillikdən sonra su qıtlığı nəticəsində ciddi faciələr yarana bilər. Problemə hazırlıq üçün isə dövlət proqramı qəbul olunmalıdır. İçməli su ehtiyatlarının artırılması, şoran suyunun içməli suya çevrilməsi üçün texnoloji qurğuların əldə olunması, yaxud yaradılması istiqamətində addımlar atılmalıdır.
Bu həm də elmi araşdırma institutları üçün olduqca aktual məsələdir. Bəzi ölkələr şoran suyun içməli suya çevrilməsi yönündə çox ciddi uğurlara imza atıblar. Buna nümunə olaraq İsraili misal gətirə bilərik. Fikrimcə, “Azərsu” israilli həmkarları ilə bu məsələdə bir araya gəlməlidir və gözlənilən təhlükəli hallar önlənməlidir”.
Xatırladaq ki, 1 kubmetr içməli suyun qiyməti 2020-ci il fevralın 1-nə 35 qəpik olub. Kanalizasiya xidmətlərinə görə isə əhali 15 qəpik ödəyib. 2020-ci il fevral ayının birindən qiymət qaldırılıb.
Tarif Şurasının qərarına əsasən, 1 kubmetr içməli suyun qiyməti 70 qəpik, kanalizasiya xidmətlərinə görə isə 30 qəpik müəyyənləşdirilib. Bu 50 faizlik artımdan sonra xidmət ümumiləşdirilib və əhali 1 kubmetr içməli su üçün 1 manat ödəməyə başlayıb.