Kremldə hakimiyyətdaxili mübarizə nəzarətdən çıxır – Strelkov Yevgeni Priqojinin “krışası”nın adını açıqladı
Donbasdakı silahlı separatçı hərəkatın yaradıcılarından biri, sabiq FTX polkovniki İqor Qirkin(Strelkov) növbəti dəfə Rusiyanın hərbi-siyasi rəhbərliyini tənqid edərək, bu gedişlə Rusiyanı daha ağır günlər gözlədiyini bildirib.
Qirkin növbəti çıxışında Rusiyadakı hakimiyyətdaxili intriqalara xüsusi yer ayırıb və bildirib ki, ölkənin ciddi siyasi müxalifətə ehtiyacı var: “Obyektiv olaraq, Rusiyada Kommunist partiyası, LDPR, Mironov kimi təlxəklər yox, ciddi siyasi müxalifətin yaranması üçün zaman çoxdan yetişib. Cəmiyyətin buna tələbi var. Subyektiv olaraq isə bu müxalifət yoxdur, sıfırdır. Hakimiyyət də bunu gözəl başa düşür və ona görə də müxalifəti simulyasiya edənlərdən, görüntü yaradanlardan ibarət sıra formalaşdırır. Bu sırada vətənpərvər siyasi kütlənin lideri qismində isə Priqojini təqdim edirlər. Necədir, xoşunuza gəlir? “Rusiya uğrunda” çığıran vətənpərvər lider istəyirdiniz, budur. Buyurun…”
Priqojinin kriminal keçmişini və məlum reputasiyasını xatırladan Strelkov deyib ki, vətənpərvər kəsimə Priqojin kimi lider sırınması biabırçılıqdır.
Qirkin bildirib ki, onun üçün Priqojin və “Vaqner” ayrı-ayrı anlayışlardır: “Priqojin cəbhədə heç nəyə komandanlıq etmir. Ona görə ki, birincisi, bunu bacarmır.
İkincisi isə o, bunun üçün ortaya atılmayıb. “Vaqner”in Baxmut ətrafındakı problemləri isə şəxsən Priqojinə görədir… O, gələcək siyasi mübarizədə yer almağa çalışan kimi, siyasət özünü göstərdi və “Vaqner”in Müdafiə Nazirliyi tərəfindən silah-sursat təminatında problemlər yaranmağa başldı…
Priqojin isə indiki halda açıq şəkildə, yuxarıların dəstəyi ilə “Vaqner”in uğurları üzərində siyasətə girir və bildiyimə, eşitdiyimə görə, onun arxasında Kiriyenko (Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko-red.) durur”. Strelkov əlavə edib ki, Priqojin və onun “krışası” ilə yanaşı, Putindən sonrakı hakimiyyət uğrunda ciddi şəkildə mübarizə aparanlar arasında Sergey Şoyqu da var.
Beləliklə, Qirkin xeyli vaxtdır Y.Priqojinin himayədarının kimliyi barədə suala aydınlıq gətirmiş oldu və onun Müdafiə Nazirliyi rəhbərliyi və Peterburq qubernatoru ilə açıq təhdid və təhqir dilində danışmasına kimin “yaşıl işıq” yandırdığını göstərdi. Belə görünür ki, hakimiyyətdaxili mübarizə Priqojin səviyyəsində deyil, daha yüksək mərtəbələrdə aparılır. “Vaqner” və Priqojin isə bu mübarizədə sadəcə, alət rolunu oynayır.
Yəni, belə çıxır ki, Priqojinin “Vaqner”-i Şoyqunun Müdafiə Nazirliyinə qarşı real güc, təzyiq vasitəsi kimi istifadə olunur. Bütün bunlar isə artıq Kremldəki hakimiyyətdaxili mübarizənin nəzarətdən çıxmasını və Putinin heç də bütün prosesləri nəzarətdə saxlamaq imkanında olmadığını göstərir.
Sergey Kiriyenkoya gəlincə, onu Kremlin “boz kardinalı” adlandıranlar az deyil. 2016-cı il oktyabrın 5-dən Prezident Administrasiyası rəhbərinin birinci müavini təyin olunan Kiriyenko Putinin ötən il işğal etdiyi Ukraynanın 4 vilayətində keçirilən qondarma referendumlara görə şəxsən cavabdehlik daşıyıb.
Onu da xatırladaq ki, Kiriyenko hələ 1998-ci ildə, 35 yaşında olarkən o vaxtkı prezidenti Boris Yeltsin onu Baş nazir təyin etmişdi. “Rusiyanın ən gənc Baş naziri” kimi tarixə düşən bu şəxs cəmi 4 ay bu vəzifədə işləyə bilmişdi və dərin maliyyə böhranı səbəbindən vəzifəsindən istefa verməli olmuşdu. Lakin onun bu vəzifədə qazandığı ən böyük “kapital” məhz Baş nazir olarkən onun sayəsində, onun qərarı ilə Putinin FTX sədri təyin olunmasıdır. Yəni, Putinin karyerasında Kiriyenkonun əvəzolunmaz rolu var. Təsadüfi deyil ki, bir çox nüfuzlu mətbu orqanlar, eləcə də Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov Putinin məhz Kiriyenkonu özünə varis seçdiyini iddia edirlər.
Məlumat üçün onu da qeyd edək ki, Sergey Kiriyenkonun əvvəlki soyadı İzraitel olub. Lakin yəhudi əsilli Kiriyenko sonradan atası Vladilen İzraitelin soyadından imtina edərək, anasının soyadını götürüb… /azpolitika.info