Qarabağdakı gərginlikdə KİM MARAQLIDIR?

 

Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaqdan başqa yolu yoxdur. Erməni mətbuatında yayılan məlumatlar görə, Azərbaycan hökuməti Xankəndindəki separatçılara öz kanalları vasitəsilə bildirib ki, reinteqrasiya siyasəti mütləq aparılmalıdır.

Çünki yalnız reinteqrasiya prosesi ilə bölgədə problemləri həll etmək mümkündür. Əks halda Azərbaycan tərəfindən daha sərt və kəskin addımlar atalacaq.

Eləcə də rus sülhməramlıların məsuliyyət zonasında separatçı qurumun rəhbəri Araik Arutyunyan da Qarabağ ermənilərinin iki seçim arasında qaldığını bildirib. Yəni, ermənilər ya öz əvvəlki mübarizəsini davam etdirəcəklər, ya da Azərbaycanın təkliflərini qəbul edəcəklər.

Maraqlıdır, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunmasına mane olan amillər nədir? Bu prosesin sürətləndirilməsi üçün hansı addımlar atılmalıdır?

Sualları cavablandıran politoloq Qabil Hüseynli bildirib ki, Qarabağın ermənilər yaşayan bölgələrində Ermənistan ordusunun tör-töküntülərini aradan qaldırmadan reinteqrasiya prosesini aparmaq qeyri-mümkündür:

“Erməni separatçılar özünümüdafiə qüvvələrinə güvənirlər. Həmin separatçıların içərisində əli qana batmış ünsürlər var, həmçinin Qarabağda kənardan gəlmiş adamlar yaşayırlar. Hazırda Qarabağda Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər onların təhdidləri və təzyiqləri altında yaşayırlar.

Əgər reinteqrasiya prosesini şəffaf şəkildə aparmaq istəyiriksə, ilk növbədə həmin qanunsuz silahlı dəstələrin məhv edilməsinə və separatçı ünsürlərin zərərsizləşdirilməsinə diqqəti yönəltmək lazımdır. Ərazilərimizdə bir dənə də olsun erməni silahlısı qalmamalıdır. Bu istiqamətdə ciddi tədbirlər görüldükdən sonra sadə ermənilər ilə dil tapmaq da olar, problemləri həll etmək də”.

Politoloqun fikrincə, Qarabağda erməni separatçılarının son təxribatlarının arxasında məhz Rusiya dayanır:

“İstər Brüssel prosesində irəli sürülən sülh təşəbbüsləri, istərsə Ermənistanla sülh müqaviləsinin imzalanması, istərsə də Qarabağın erməni icması ilə son təmaslar Rusiyanın ürəyincə deyil.

Doğrusu, Rusiya ərazilərimizdə özünü jandarım kimi aparır. Bu yaxınlarda Xocalıda rus sülhməramlılarının qərargahında son görüşü bunu sübut edir. Görüşdə masa üzərində yalnız rus bayrağı vardı, Volkov da başda oturub, guya hər iki tərəfə diktə edir. Ərazilərimizdə qeyri-qanuni erməni silahlı dəstələrini saxlayan birbaşa rus sülhməramlılarıdır. Moskva, həqiqətən Bakı və İrəvan arasında razılaşmaları pozmağa çalışır, bölgədə öz dayanaqlığını möhkəmləndirmək üçün hər cür provokasiyaya əl atır. Regionda Rusiyanın neytrallaşdırılması baş tutmadan sülh prosesini sürətləndirmək mümkün olmayacaq”./cebhe.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password