8 Mart üçün gül bazarı: “1001 qızılgül alan da var”
8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Bakının bütün gül salonlarının gəlhagəli başlayır. İldə bir-iki dəfə üzü gülən gülsatanlar üçün bu günün əməlli-başlı bayram olacağı gözlənilir. Özlərinin də dedikləri kimi, əslində, 8 Mart qadınların yox, gülsatanların bayramıdır.
Bəs görəsən, bu il qiymətlər necədir? Hər kəs cibinə uyğun gül ala biləcəkmi?
Gül salonlarından hazırladığı reportajı təqdim edir.
Dükanlarda sıxlıq müşahidə olunur, əlamətdar gün ilə əlaqədar simvolik buketlər də hazırlanıb. İnsan əlindən tərpənməyə yer yoxdur. Hər kəs sevdiyi üçün gül almağa tələsir. Hətta bir yox, bir neçə buket alıb aparanlar da var.
Satıcılardan biri deyir ki, çoxları sifarişlərini ayın 1-dən veriblər:
“Tələbat çox, qiymətlər standartdır. Qızılgülün bir dənəsini üç manatdan satıram. Qiymətlər müxtəlifdir. Zanbaqla qarışıq buket 100 manatdır. 80, 50 manata da var. Hər qiymətə gülə rast gəlmək olar. Hədiyyə ancaq oyuncaq ayılardır. Onların da qiyməti 80 manata qədərdir. Yığılma, yəni hazır gül buketləri isə 25-30 manatdan başlayır”.
Gülsatan deyir ki, 8 Martda gəlsək, bunlardan heç birini görməyəcəkdik:
“Qiymət ötən il ilə eynidir. Ən çox qızılgülün ağ, zoğalı, çəhrayı, göy rənglərinə tələbat var. Gördüyünüz bütün bunlar sifarişdir. Ayın 8-i gəlsəniz, heç birini görməyəcəksiniz. Hamısı sifarişdir. İndi böyük güllərə tələbat çoxdur. 101, 200, hətta 1001 qızılgül alan var. Zanbağın biri iki manatadır. Qızılgül üç manatadır. Ağ gül üç manatadır. Süni gül alan yoxdur”.
Digər gül salonunda bildirirlər ki, güllərin qiyməti növünə, rənginə görə dəyişir:
“Ötən ilə nisbətən güllərin qiymətində artım hiss olunur. Baha gülün sırasına Şəbə növlü xarici gül daxildir. Qiyməti 25 manatdır. Əsasən, kişilər qızılgülə üstünlük verirlər. Bir qızılgülün qiyməti 4-5 manatdır. Qırmızı rəngli qızılgüllər 5 manata, digər rəngdə olanlar isə 4 manatadır. Buketlərdə isə güllərin sayına və növünə görə qiymətlər dəyişir”.
Başqa bir gül mağazasının əməkdaşı hazır buketlərin qiymətinin 10 manatdan başladığını deyib:
“Rəngindən asılı olmayaraq bütün qızılgüllərin qiyməti 3 manatdır. 8 Mart münasibəti ilə bahalaşma gözlənilmir. Bu salona güllər Niderlanddan gəlir”.
Gül salonunda çalışan satıcı deyir ki, ötən ilə nisbətən bahalaşma olmayıb:
“Ən çox satılan qızılgüllərdir. Qiymətlər 4-6 manat aralığında dəyişir. Ən bahalı gül orxideyadır (səhləb – red.). Birinin qiyməti 50 manatdır. 8 Martda 1-2 manat bahalaşma olacağı gözlənilir. Bunun səbəbi isə güllərin xaricdən baha gəlməsi ilə əlaqəlidir”.
Satıcılar deyirlər ki, 8 Mart ərəfəsində dibçək gülü alanlar da var:
“Dibçək güllərinin qiyməti 5-7 manatdır. Həmçinin kalla, lalə, pion, suzanbağı güllərinə də tələbat olur. Yerli güllərin özünün spesifik gözəlliyi var. Yerli bazarımız da zəif deyil. Ancaq qışda bir az zəifləyir. Buna görə yerli güllərdən az istifadə olunur”.
Onlar qeyd edirlər ki, güllər, əsasən, Niderland, İran və Türkiyədən gətirilir. Bayramda ən çox tələbat olan isə qızılgül, lalə, pion və qarışıq güllərdir. Bayram münasibətilə əvvəlki günlərə nisbətən qiymətlərin qalxması isə normaldır”.
Satıcıdan onu da öyrənirik ki, qızılgüllərin buket halında qiyməti 25 manatdan başlayır.
Gül satışı ilə məşğul olan Elşən Bayramov bildirir ki, 8 Mart ərəfəsində çobanyastığına da tələbat artıb:
“Ən çox tələbat qızılgül və çobanyastığıdır. Satdığımız güllərin əksəriyyəti ölkəmizdə becərilir. Tələbat artanda Niderlanddan da gül gətirilir. Hazırda qırmızı qızılgülün qiyməti 5-6 manat arasında dəyişir. Digər güllərin qiyməti isə 5 manat təşkil edir. Ötən ilə nisbətən güllərin qiymətində 50 qəpiyə qədər artım hiss olunur. Buketlərin qiyməti də güllərin sayına və növünə görə dəyişir. Belə ki, ən ucuz buket 25 manatdan başlayır. Buketə dizayn vermək də qiymətə daxildir. Dibçək güllərinə də maraq az deyil. Dibçəkdə orxideya 30-35, kalla gülü isə 35 manata satılır”, – satıcı qeyd edib.
8 Mart Qadınlar Gününün mahiyyətinə və tarixinə gəlincə, bu bayram qadınların kişilərlə bərabərhüquqlu olmaq yolunda verdikləri mübarizənin başladığı tarixdən götürülür. Belə ki, 8 mart 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil edib. Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il Qadın Günü olaraq qeyd olunması qərarlaşdırılıb.
Daha sonra BMT 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8 Mart – Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq qəbul edildi./oxu.az