Pozner ilk dəfə müharibədən danışdı – Diqqətçəkən SSRİ mesajı
Rusiya-Ukrayna müharibəsindən bir il sonra məşhur teleaparıcı Vladimir Pozner ilk dəfə ölkəsində baş verən hadisələrə münasibət bildirib.
Pozner çıxışı zamanı NATO-nun həmişə SSRİ-yə qarşı olduğunu, Sovet İttifaqının dağılmasından sonra alyansın genişlənməsinin Rusiyada narahatlıq yaratdığını deyib.
“Qorbaçov NATO-nun genişlənməməsi haqda sənədin imzalanması ideyasını təşviq etməməklə səhvə yol verib, bu razılaşma yalnız şifahi olub”, – Pozner bildirib.
Aparıcı onu da əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya qoşulmaması üçün Qərbə, xüsusən də ABŞ-a xəbərdarlıq edib:
“Cavabında ayının burnunu sıxdılar – Ukrayna adlı tələyə düşəcəyi ümidi ilə. Putinin addımlarının səbəbi Ukraynanın NATO-ya üzv olmasını istəməməsidir”.
Poznerin sözlərinə görə, top ABŞ-ın meydanındadır, çünki Ukrayna Prezidenti Vladimir Zelenski yüz faiz ondan asılıdır.
Çinə gəlincə, Pozner hesab edir ki, bu ölkə Rusiyanı dəstəkləyəcək, amma Moskvanı çox sevdiyi üçün deyil, Pekin ABŞ-a qarşı olduğu üçün:
“Çinlilər hesab edirlər ki, ABŞ Rusiyaya qarşı “Balkan ssenarisi”ni təkrarlamaq istəyir və növbədə onların olacağından qorxurlar”.
Bundan əlavə, onun sözlərinə görə, ziyalılar daha çox Putinə qarşıdırlar, amma Rusiyada onların sayı çox azdır.
“İkincisi, bu gün Rusiyada baş verənlərlə açıq şəkildə razılaşmamaq çox çətindir, bu, təhlükəlidir. Məncə, cəmiyyət repressivləşib. İnsanlar düşündüklərini dedikləri üçün həbsə atılırlar”, – teleaparıcı vurğulayıb.