Türkiyədə son durum: “Seçkidə Ərdoğanın rəqibi o olacaq”
“Türkiyə müxalifəti prezident seçkilərinə CHP liderinin namizədliyi ilə gedə bilər”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Türkiyənin ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:
“Türkiyənin müxalif “Altılıq Masası” və ya “Millət” İttifaqının liderlərinin Səadət Partiyasının binasında toplantısı davam edir. Bu toplantı “Millət” İttifaqının prezidentliyə vahid namizədini müəyyənləşdirməlidir. Böyük ehtimalla prezidentliyə namizəd Cumhuriyyət Xalq partiyasının lideri Kamal Kılıçdaroğlu olacaq.
O, parlamentdə ana müxalifət partiyasının lideri kimi iddialıdır. Namizədliyini bu dəfə də irəli sürməsə, partiyadaşları arasında və cəmiyyətdə nüfuzunu itirəcək.
Prezidentliyə namizəd kimi adları çəkilən digər iki fiqur – İstanbul və Ankara şəhərlərinin bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaş Kılıçdaroğlu qədər iddialı deyillər. Hər ikisi “Masa”nın istənilən qərarını dəstəkləyəcək”.
Elxan Şahinoğlu qeyd edib ki, “Altılıq Masası”nda yer alan liderlərin əksəriyyəti Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə hazırdır, sadəcə İYi partiyanın sədri Maral Akşənər qərar verməkdə çətinlik çəkir:
“Akşənər qalib gələ biləcək siyasətçinin prezidentliyə namizəd olmasını istəyir. Görünür, Akşənər hesab edir ki, İmamoğlu və ya Yavaş namizəd olarsa, müxalifətin hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan üzərində qələbə çalmaq ehitmalı yüksələcək. Ancaq fikirmcə, Akşənər sonda Kılıçdaroğlunun namizədliyini dəstəkləmək məcburiyyətində qalacaq.
Müxalifətin vaxtı daralır, namizəd məsələsini yubatması əleyhinə işləyəcək. Əgər seçki mayın 14-də keçiriləcəksə, seçki kampaniyası üçün 70 günə yaxın zaman qalacaq. Bu, bütün Türkiyədə seçki kampaniyası aparmaq üçün kifayət etməyə bilər”.