İnteqrasiya prosesi… – Bakının separatçılara gedə biləcəyi hansı güzəştlər ola bilər?
Təmasların uğurlu ola bilməsi üçün ilkin əlamətlər varmı?..
Politoloq: “Xocalıda baş tutan görüş Azərbaycanın siyasi iradəsinin yerinə yetirilməsi anlamını verir”.
“İnteqrasiya prosesinin başlanmasına dair ilkin təmaslar, görüşlər bu dialoqun daha da davam etdirilməsi önəmini gücləndirir. Yəni belə görüşlər Ağdamda, Bərdədə, Bakıda baş tutmalıdır”.
Bu sözləri politoloq İlyas Hüseynov rəsmi Bakının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə baş tutan görüşünü Poliqon.info-a şərh edərkən qeyd edib.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşün keçirilməsi böyük əks-səda yaradıb. Verilən məlumata görə görüş zamanı Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizə reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb və görüşlər davam edəcək.
Bəs bu görüşlərin uğurlu ola bilməsi üçün ilkin əlamətlər görünürmü və rəsmi Bakının separatçılara gedə biləcəyi hansı güzəştlər ola bilər?
Mövzunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.
İlyas Hüseynov: “Görüşdə sülhməramlıların komandanı da iştirak edirdi. Amma düşünmürəm ki, gələcəkdə bu görüşlər birbaşa xarakter daşımalıdır”.
Ermənistan tərəfinin bu məsələdə özü üçün saxta dividendlər formalaşdırmağa cəhdlər göstərdiklərini nəzərə çatdıran politoloq vurğulayıb ki, sanki rəsmi Bakı separatçılarla danışıqlar aparır. Bu da kökündən yanlış yanaşmadır. Azərbaycan bu təxribatlara rəğmən öz siyasi vizionunu dəqiq formalaşdırır:
“Xocalıda baş tutan görüş Azərbaycanın siyasi iradəsinin yerinə yetirilməsi anlamını verir. Digər tərəfdən Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının tətbiqi sahəsində bu ilk addımdır. Ruben Vardanyanın istefa verməsindən sonra Qarabağ ərazisində yaşayan bütün ermənilərlə təmasların daha da sürətləndirilməsi proqnozlaşdırılırdı. Bu da bizim istəyimizə baş tutdu.
Eyni zamanda inteqrasiya prosesinin başlanmasına dair ilkin təmaslar, görüşlər bu dialoqun daha da davam etdirilməsi önəmini gücləndirir. Yəni belə görüşlər Ağdamda, Bərdədə, Bakıda baş tutmalıdır. Azərbaycan bu məsələdə çox qəti mövqeyini oraya qoyur. Amma Ermənistan tərəfi bu məsələdə özü üçün saxta dividendlər formalaşdırmağa cəhdlər göstərir. Sanki rəsmi Bakı separatçılarla danışıqlar aparır. Bu da kökündən yanlış yanaşmadır. Azərbaycan bu təxribatlara rəğmən öz siyasi vizionunu dəqiq formalaşdırır.
İlyas Hüseynov: “Bu təmaslar Vardanyan kartından istifadə olunması ilə ləngidilirdi”.
Qeyd edim ki, görüşdə sülhməramlıların komandanı da iştirak edirdi. Amma düşünmürəm ki, gələcəkdə bu görüşlər birbaşa xarakter daşımalıdır. Bütün olanlara onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq hüquqa söykənən konstruktiv dialoqun tərəfdarıdır. Bu dialoq mütləq surətdə regional sülhü, təhlükəsizliyi və sabitliyi möhkəmləndirməlidir.
Münhen Təhlükəsizlik Konfransında cənab Prezident İlham Əliyev danışıqların iki kontekstdə getdiyini bildirdi. Birincisi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən danışıqların aparılmasıdır. İkincisi isə dövlətlərarası münasibətlərdən kənar dialoqu özündə ehtiva edən yanaşmadır. Bu təmaslar Vardanyan kartından istifadə olunması ilə ləngidilirdi. Artıq bu maneə də aradan qaldırılandan sonra inteqrasiya prosesinin daha da sürətlənməsini təşviq edirik”./poliqon.info