Rusiya Ermənistanı ağır cəzalandıracaq
Aparılan işlərin nəticəsi olaraq rəsmi Bakının mövqeyi Xankəndidə kifayət qədər güclənib
Azərbaycan vətəndaşları sayılan ermənilərlə danışıqlar çoxdan gedir
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən həftənin sonu Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə rəsmi Bakı arasında görüş keçirilib. Bu görüşün Ruben Vardanyanın Bakının tələbi ilə “vəzifəsindən” çıxarılmasından sonra baş tutması xüsusilə diqqət çəkir. Görünür, təmasların qarşısını almağa çalışan Vardanyanın “vurulması” ilə proses yenidən başlayıb. Rusiya tərəfinin rəsmi məlumatında bildirilib ki, görüşdə Qarabağdakı ermənilərin elektrik və qaz təchizatının bərpasında yaranmış problemlərin aradan qaldırılması razılaşdırılıb. Ekspertlərin fikrincə, əgər Rusiya rəsmi qurumlarının iddia etdiyi kimi belə təmaslar reallaşsa belə erməni tərəfinin ortaya atdığı “Bakı-Xankəndi” formatından söhbət gedə bilməz. Rəsmi Bakı Qarabağdakı hansısa separtçı ilə deyil, ancaq Azərbaycan vətəndaşı sayılacaq mülki ermənilərlə əlaqə qurar.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatı təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, Baş nazir Nikol Paşinyanın yürütdüyü siyasət Ermənistanı çox çətin vəziyyətə salıb. Professorun sözlərinə görə, eyni vaxtda həm ABŞ və Fransanı, həm də Rusiya və İranı razı salmaq qeyri-mümkündür:
“Hazırda Ermənistan hökumətinin yeritdiyi siyasət budur. Antoqonist mövqedə duran dövlətləri bir araya gətirmək imkansızdır. Rusiyanın siyasəti bəllidir. Moskva hesab edir ki, Qafqazın əldən çıxması Rusiyanın faciəsidir. Lakin Ukrayna ilə bir ildir müharibə aparan Rusiya ikinci cəbhəni da açmaq fikrində deyil. Bu, Kreml üçün ciddi fəlakət olar. Rusiya problemi başqa yolla çözmək məqsədilə Ruben Vardanyanı Qarabağa göndərdi və onun əliylə Paşinyan hökumətini devirəcəyinə ümid bəslədi. Ancaq Kremlin Vardanyanla bağlı arzuları reallaşmadı. Separatçı Arutyunyan Rusiya üçün kiçik və önəmsiz fiqurdur. Hazırda separatçıların arasında ən güclü fiqur Vitali Balasanyandır. O da oyundan kənar vəziyyətdədir. Ermənistan hökumətinin, yəni Nikol Paşinyanın Qarabağla bağlı düşüncəsi az-çox bəllidir. Ara-sıra separatçıların könlünü alan açıqlamalar verilsə də, baş nazirin Qarabağdan birdəfəlik qurtulmaq niyyəti ortadadır. O da məlumdur ki, Ermənistanda Azərbaycanda doğulan ermənilərə cinayət işi açılıb. Rusiya da bunun fərqindədir. Ən əsası isə hazırda Qarabağda yaşayan ermənilər də bu reallığın fərqindədir. Rusiya Müdafiə Nazirliyinin məlumatı həm Ermənistana, həm də daxildəki ermənilərə açıq mesajdır. Rusiyanın 49 rus vətəndaşını Qarabağdan çıxarması da bu prosesin tərkib hissəsidir. Görünən odur ki, Moskva Azərbaycanın əliylə Ermənistanı cəzalandırmağa çalışır. Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfərində də bu məsələlərin müzakirə olunacağı şübhəsizdir. Ehtimal etmək olar ki, Azərbaycan rəhbərliyi Lavrovla Xankəndi məsələsini ciddi müzakirə edəcək. Nəzərə alaq ki, Azərbaycan-Ermənistan-Rusiya formatı ilə yanaşı, Azərbaycan-Ermənistan-Avropa İttifaqı və ABŞ platformaları da mövcuddur. Kreml üçtərəfli sazişləri önə çəkərək Bakı-İrəvan-Moskva formatının ən optimal variant olduğunu isbatlamağa çalışır”.
C.Nuriyevin qənaətincə, hadisələrin gedişi Rusiyanın Ermənistanı cəzalandıracağını göstərir: “Təbii ki, söhbət bizə dəstəkdən, mövqelərimizin müdafiə olunmasından getmir. Amma ən azından atılacaq hansısa addımda Rusiya bizə mane olmayacaq, problem yaratmayacaq. “Xalq diplomatiyası” adı ilə Xankəndidə yaşayan ermənilərlə müəyyən təmaslar olub. Azərbaycan vətəndaşları sayılan ermənilərlə danışıqlar çoxdan gedir. Bu faktlar erməni blogerlər tərəfindən də bir neçə dəfə gündəmə gətirilib. Azərbaycan diplomatiyası bəhrəsini verməkdədir. Aparılan işlərin nəticəsi olaraq rəsmi Bakının mövqeyi Xankəndidə kifayət qədər güclənib. Rusiya və Ermənistan bu siyasətlə hesablaşmaq məcburiyyətindədir. Çünki Moskvanın Ruben Vardanyana etimadı özünü doğrultmadı. Qarabağda qondarma “liderə”, erməniləri kiminsə təmsil etməsinə də ehtiyac yoxdur. Vətəndaşlıq almaq üçün minlərlə erməni Azərbaycan hökumətinə müraciət edib. Bir müddət sonra mülki ermənilər özləri separatçıları, silahlı quldurları qovacaqlar”. /sherg.az