Kirayə mənzillərə tələbat: Artacaq, yoxsa azalacaq?

 

Kirayə mənzil bazarında bahalaşma müşahidə olunduğu ilə bağlı iddialar irəli sürülüb. Kirayə mənzil üçün müraciət edənlər mənzillərin qiymətində bahalaşma müşahidə olunduğunu bildiriblər. Deyilənə görə, bahalaşma daha çox paytaxtın mərkəzi hissəsində hiss olunub. Bəzi ekspertlər bahalaşmanı bir neçə səbəblə əlaqələndiriblər. Kimisi tələbələrin axını, kimisi də Türkiyədən gələnlərlə əlaqələndirib.

Bəs görəsən, bahalaşmaya təsir edən əsas səbəb nədir?

Mövzu ilə bağlı açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, kirayə mənzil bazarında dinamik dəyişiklik yoxdur:

“Kirayə mənzil bazarında hazırda bahalaşma müşahidə edilmir. Kirayə mənzil bazarında qiymət dəyişmələri daha çox tələbə axını baş verəndə müşahidə edilir. O da daha çox avqust-sentyabr aylarında olur.

Bununla yanaşı ötən il Rusiya-Ukrayna müharibəsi dövründə vətəndaşların Azərbaycana kütləvi axını oldu. Bu da öz növbəsində kirayə mənzil bazarına təsir göstərdi. Kirayə mənzillərin qiymətində kəskin qiymət artımı müşahidə olundu. Lakin hazırda hər hansı bir dəyişiklik yoxdur:

R.Osmanlı qeyd edib ki, kirayə mənzil bazarına tələbat azalıb:

“Tələbat artan zaman kirayə mənzillərin qiymətində adətən bahalaşma müşahidə olunur. Bu da qısa müddətdə baş verir. Sahibkar 400 manatlıq evi, tələbat artan zaman 500 manata bazara təklif edir.

Hazırda müraciət sayında artım müşahidə olunmadığı üçün bu kimi hallar yoxdur. Bir-iki nəfərin qiymətlərdə dəyişiklik etməsi qiymət artımı hesab olunmur. Türkiyədə zəlzələdən sonra gələn Azərbaycan vətəndaşları öz evlərinə qayıdıblar. Axın müşahidə olunmur”.

İqtisadçı-ekspert Emin Qəribli əlavə edib ki, kirayə mənzil bazarında aktivlik var:

“Bir il bundan öncə Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişə kirayə mənzil bazarında tələbatı artırdı. Bu da həm mənzil, həm də kirayə bazarında tələbatı artırdı. İndi də Türkiyədə baş verən zəlzələ ilə əlaqədar olaraq həm azərbaycanlılar, həm də türklər köçüb, gəlirlər. Bu da aktivlik yaradır. Əsas səbəb hərbi münaqişə və zəlzələdir”.

E.Qəribli sözlərinə görə, pandemiyadan sonra mənzillərdə qiymət artımı gözlənilən idi:

“Pandemiyadan sonra həm milli, həm də dünya iqtisadiyyatında pandemiyadan öncəki vəziyyəti bərpa etmə prosesi gedirdi. Mənzillərdə artımlar gözlənilən idi. Evlərin bahalaşması kirayə mənzil bazarına təsir göstərdi.

Bizdə qlobal inflyasiya var. Hər şeyin qiyməti artıb. Daşınmaz əmlakın özünün də artımı qlobal inflyasiyanın təsirindəndir. Ötən illərdə də qiymət artımı var idi. Yanvar ayında qiymət enmələri oldu. Qida məhsullarındakı artımlar bütün sahələrə təsirini göstərir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password