Lavrovun Bakı səfərində əsas məqam: Rusiya bununla razılaşmalı olacaq

 

Rusiyanın bölgə ilə bağlı maraqları daha vacibdir. Burada hansısa dövlətə qarşı onun xüsusi bir yanaşmasının olmasına inanmaq olmaz. Bununla belə Rusiyanın bölgədə öz maraqlarını təmin etmək üçün Ermənistanda daha çox imkanları mövcuddur. Çünki Ermənistan Rusiyanın Cənubi Qafqazda müttəfiqidir. Ona görə də, Ermənistan Rusiyadan asılı vəziyyətdədir. Azərbaycanla münasibət isə fərqlidir.

Bunu  Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya gözlənilən səfərini şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

O hesab edir ki, Azərbaycanın Rusiyadan asılılığı yoxdur: “Burada Rusiyanın təsir imkanları Qarabağ məsələsi ilə bağlı idi. İndiki məqamda Rusiyanın istəyi rus sülhməramlıları üçün Azərbaycandan hansısa bir mandat əldə etməyə istiqamətlənib. Məqsəd növbəti 5 il rus sülhməramlılarını Qarabağda saxlamaqdır. Düşünürlər ki, həmin vaxta qədər Rusiya geosiyası məsələlərdə bir qədər tarazlığı əldə etmək imkanı qazanar. Əslində bunlar xam xəyallardır. Hər halda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakı səfərində məhz bu məsələlərlə bağlı o xüsusi bir tapşırıq alıb”.

Politoloq deyib ki, Lavrova “Azərbaycan nə istəyir ver, ancaq sülhməramlılara mandat al” tapşırığının verilməsi heç kəsə sirr deyil: “Sözsüz ki, burada Azərbaycanın tələbləri və istəyi nədən ibarət olacaq, bu da aydındır. Azərbaycan Qarabağ ərazisində suverenliyini tam şəkildə təmin etməyə çalışır. O cümlədən, Laçın yolunda sərhəd-gömrük məntəqəsinin qurulması da Azərbaycanın gündəliyində olan məsələdir. Bununla paralel olaraq Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası prosesinin başlamasına nail olmaq da qarşıda duran vəzifələrdəndir. Daha sonra isə Ermənistanla sülh müqaviləsinin imzalanması və delimitasiya və demarkasiya məsələlərinin də həllinə nail olmaq kimi vacib məsələlər var. Bütün bunlar Azərbaycanın istəyidir. Təbii ki, bu beynəlxalq hüququn tələblərinə uyğun haldır”.

Zərdüşt Əlizadəyə görə, Rusiyanın istəyi isə beynəlxalq qanunda nəzərdə tutulmayıb: “Bu, yalnız ikitərəfli qaydada həll edilə bilər. Ona görə də, Lavrovun Azərbaycana gəlişi məhz bu məqsədə hesablanıb. Təbii ki, Rusiya indiki halda meydanı Qərbin ixtiyarına buraxmaq niyyətində deyil. Çünki Rusiya Qərbin Cənubi Qafqazdakı fəallığının artmasına qısqanclıqla yanaşır. O istəmir ki, burada başqa qüvvələr at çapsın. Amma zaman dəyişib. Rusiya əvvəlki vəziyyətdə deyil. Ona görə də, bu faktla razılaşmalı olacaq”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password