İrəvan Bakının təklifindən niyə imtina etdi?
İrəvan “Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin” yaradılması təklifini qəbul etməyib.
Əliyev bu təklifi Münhen görüşündə rəsmi şəkildə verəndə Ermənistanın qəbul etməyəcəyini yazmışdıq. Çünki bu təklif “Zəngəzur dəhlizi və Laçın dəhlizinin eyni rejimlə işləməsi” prinsipinə əsaslanır və İrəvanın bunu qəbul etməsi Bakının qarşısında 1:2 geri düşmək deməkdir: Naxçıvana “maneəsiz keçid” öhdəliyindən yayınmaq imkanı əldə edirlər, əvəzində Bakı Laçın yolunun Ermənistana çıxış hissəsində nəzarət-keçid məntəqəsi qurur və ermənilər hələ də istifadə etdikləri “Qarabağ kartından” imtina etmiş olurlar, buna paralel olaraq, Aİ missiyasını bölgəyə gətirməklə rusları qəzəbləndirən Paşinyan Moskva ilə yenidən üz-üzə qalır.
Ermənistan imtina edir, Rusiya masasındakı razılaşmaları icra etmədiyi kimi, prosesin ABŞ-ın vasitəçiliyi ilə irəliləməsinə də mane olur. Bu, mümkün praktiki addımlara zərurət yaranarsa, hər iki platformada Bakının arqumentini gücləndirir.
İrəvanın hazırda əsas diqqət verdiyi istiqamət Laçın yolundakı aksiyanın başa çatdırılmasıdır. Vardanyanın “vəzifəsindən” çıxarılmasından sonra Bakının “tələbinin qəbul edildiyi” rəyini yaradır və Haaqa Məhkəməsinin son qərarını əsas tutaraq, genişçaplı kampaniya aparırlar. Məqsəd Laçın yolundakı aksiyanın qarşısını almaqla Bakının “Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir” mövqeyini zəiflətmək, eyni zamanda, erməni əhali ilə təmasların qurulması prosesində separatçıların əlini gücləndirməkdir.
Bu baxımdan, aksiyanın ən azı Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulmasına qədər davam etməsi əhəmiyyətlidir./axar.az