Ukraynadakı müharibə Moldova ərazisinə keçir… – Moskvadan və Kişinyovdan açıqlamalar
“Bu, Rusiyaya hücum kimi dəyərləndiriləcək” – Rusiya XİN Qərbə xəbərdarlıq etdi
Moskva ABŞ, NATO və Ukraynaya xəbərdarlıq edib Dnestryanıda Rusiya sülhməramlılarını təhdid edən istənilən hərəkət Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda Rusiya vəziyyətin gərginləşməsi ilə əlaqədar Ukrayna və NATO ölkələrinə Dnestryanı istiqamətində avantürist addımlarla bağlı xəbərdarlıq edib.
Qeyd olunub ki, Dnestryanıda Kiyev tərəfindən təxribat olarsa, Rusiya Federasiyasının qoşunları buna adekvat cavab verəcək.
“Rusiya Federasiyası Dnestryanı ilə bağlı istənilən məsələlərin siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır”, – bəyanatda vurğulanıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də bir neçə gün əvvəl Ukrayna qoşunlarının Dnestryanı ərazini işğal edəcəyini iddia edib və buna ən uyğun cavabın veriləcəyini bildirib.
“Müdafiə Nazirliyi hesab edir ki, bu, real plandan daha çox psixoloji əməliyyatın bir hissəsidir”, – Moldovanın dövlət naziri Valeriu Mija deyib.
Moldova prezidenti Sandu Rumıniyaya səfəri zamanı təhlükəsizlik məsələlərindən danışıb.
“Bəziləri ölkəmizin yıxılmasını və paytaxt Kişinyovda Kremlin maraqlarının əsarətində olan marionet hökumətin qurulmasını istəyir”, – Sandu bildirib.
Qeyd edək ki, Moldova NATO-ya üzv deyil. Lakin o, ötən ilin iyununda Ukrayna ilə eyni gündə Avropa İttifaqına namizəd statusunu qazanıb. Moldova lideri ötən həftə ölkəsinin müstəqilliyini dəstəkləməyə söz verən ABŞ prezidenti Co Baydenlə görüşüb. /azpolitika.info