“Trendyol”a məhdudiyyətlər gəlir? – Dövlət Xidmətinin nəbz yoxlaması böyük narazılıq yaratdı

 

Vüqar Bayramov: “Qadağalar heç bir halda güclü rəqabət yaratmır”

Xalid Kərimli: “Trendyol”a Azərabaycanda anbar açmaqla bağlı tapşırıq vermək və bunu tələb etmək mümkün deyil”

Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlının “Trendyol” elektron ticarət şəbəkəsinə məhdudiyyət qoyula biləcəyi ilə bağlı dediyi fikirlər sosial şəbəkələrdə böyük narazılıqla qarşılanıb.

Qeyd edək ki, C. Süleymanlı Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb.

C. Osmanlı təklif edib ki, “Trendyol” haqsız rəqabət yaratdığı halda aşağıdakı tədbirlər görülə bilər:

 “Trendyol” Azərbaycanda nümayəndəlik açmalıdır;

– Ən çox satılan məhsulların 30-40%-nin burada stoku olmalıdır;

– Bu məhsullara gömrük vergisi tətbiq olunmalıdır.

C. Osmanlı onu da qeyd edib ki, hazırda bu məsələ müzakirə olunmur, sadəcə təklifdir.

Vətəndaşların haqlı narazılığına səbəb olan bu nəbz yoxlaması ötən gündən bəri sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunmağa başlayıb. Sosial şəbəkə istifadəçiləri sözügedən təklifi qəbulolunmaz adlandırıblar.

Məlumat üçün qeyd edək ki, “Trendyol” – 2010-cu ildə Demet Mutlu tərəfindən yaradılan və Türkiyənin ən çox ziyarət edilən alış-veriş saytlarından biridir. “Trendyol” platformasında bazar xidmətindən tutmuş ikinci əl məhsul satışına qədər və bir çox digər qida və oxşar xidmət sektorları mövcuddur.

Bu gün ölkəmizdəki əksər aztəminatlı ailələr qiymətlər daha ucuz və münasib olduğundan “Trendyol”a üstünlük verirlər. Hətta bəzi insanlar bu platforma üzərindən kiçik sahibkarlıqla belə məşğul ola bilirlər.Bundan əlavə, “Trendyol”dan alınan məhsullar yerli satış mağazalarındakı mallarla müqayisədə daha ucuz və daha keyfiyyətli olur.

Ancaq sözügedən təklifin reallaşması mövcud güzəştlərin olmayacağı anlamına gəlir. Məsələn, bu gün vətəndaşın Türkiyədən 50 tl-yə aldığı məhsul “Trendyol”-un ödədiyi daşıma haqqı və gömrük rüsumu əsasında ölkəyə gələrsə, 3-4 dəfə qiymət artımı baş verə bilər. Bu da təbii olaraq insanların e-ticarətə olan marağını azaldacaq. Nəticədə vətəndaşlar məcburən yerli mağazalarda real dəyərindən dəfələrlə baha qiymətə təklif olunan məhsulları istehlak etməli olacaqlar.

Bəs, bu təklifin gerçəkləşməsi nə dərəcədə mümkündür?

Bu mözuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli  şərhində bildirib ki, “Trendyol” ənənəvi ticarət şəbəkəsi olmadığından öz təmsil olunduğu ölkələrdə fiziki varlığını formalaşdırmağa məcbur deyil: “Yəni, “Trendyol”a belə bir tapşırıq vermək və bunu tələb etmək mümkün deyil. Şirkət məcbur deyil ki, öz məhsulunu satmaq üçün mütləq Azərabaycanda anbar açsın”.

Ekspert qeyd edir ki, elektron karqolar vasitəsilə bir vətəndaşın aylıq 300 dollara qədər vergidən və rüsumdan azad edilən məhsul gətirə bilməsi, bu şəbəkə ilə ənənəvi ticarət arasında ədalətsiz mühitin yaranmasına səbəb olur: “Yəni, vətəndaş heç bir vergi və rüsum ödəmədən qeyd olunan limit həcmində ölkəyə məhsul gətirə bilir, ancaq sahibkarlar bunu edə bilmirlər. Əslində problemin kökündə məhz bu amil dayanır”.

““Trendyol” milyardlarla dollar dövriyyəsi olan bir şirkətdir. Burada Azərbaycan bazarının payı çox cuzi miqdardadır. Yəni, Azərbaycan bazarı “Trendyol” üçün həyati önəm kəsb etmir. Əgər “Trendyol” bazarda monopolist deyilsə, hökumətin hər hansı bir təklif və ya tələb irəli sürməsi qeyri-mümkün görünür”,-ekspert bildirib.

İqtisadçı, deputat Vüqar Bayramov da bildirib ki, “Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz: ““Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir. Heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan məhsul sifariş edə bilərlər”.

Deputat hesab edir ki, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil: “Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da liberallaşmasına ünvanlanıb”. /azpolitika.info

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password