Sabiq komitə sədrləri necə 10 min manat pensiya alır? – Sosial Müdafiə Fondundan və ekspertdən açıqlamalar
Əkrəm Həsənov: “Məmurların maaşları gizli saxlanılır…”
Azərbaycanda 2023-cü ilin əvvəlindəki artımlardan sonra minimum pensiya 280, orta pensiya məbləği isə 423 manat təşkil edir. Amma vaxtı ilə yüksək dövlət vəzifələrində, hüquq-mühafizə orqanlarında və məhkəmə sistemində çalşmış elə şəxslər var ki, bu rəqəmlərdən dəfələrlə, hətta 10 dəfələrlə yüksək pensiya alır.
Xatırladaq ki, bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda 18 min manat pensiya alan şəxslər olduğuna dair məlumat yaymışdı. Bildirilmişdi ki, ümumilikdə ölkədə 10 min manatdan çox pensiya alanların sayı kifayət qədərdir.
Yüksək pensiya alan sabiq məmurların kimliyinə gəlincə, məsələn, ötən ay media ləğv olunmuş MTN-nin rəhbəri Eldar Mahmudovun 6000 manatdan artıq pensiya aldığını yazmışdı.
“Qaynar.info” saytının yazdığına görə, antikorrupsiya əməliyyatları çərçivəsində vəzifəsindən azad edilən Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri, gömrük general-polkovniki Səfər Mehdiyevin pensiyası 10140 manatdır. Ondan əvvəl sözügedən komitənin sədri olmuş digər general-polkovnik Aydın Əliyev də eyni məbləğdə pensiya alır.
2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilən DGK sədrinin müavini, gömrük xidməti general-leytnantı Əsgər Abdullayevin təqaüdü 8600 manata yaxındır. Digər təqaüdə göndərilən generallara isə 8300 manata yaxın pensiya verilir. Komitədən polkovnik rütbəsində təqaüdə göndərilənlərin pensiyası 2-4 min manat arasındadır.
Məlumdur ki, pensiyaların məbləği vətəndaşın çalışdığı illərdə aldığı əməkhaqqından formalaşan pensiya kapitalına uyğun olaraq müəyyənləşir. Mövcud qanunvericiliyə uyğun olaraq, elektron sistemdəki pensiya kalkulyatoruna müraciət etdikdə, belə görünür ki, 10 000 manatdan artıq pensiya almaq üçün təxminən 1.5 milyon(!) manat pensiya kapitalı formalaşmalıdır.
Doğrudur, Azərbaycanın pensiya qanunvericiliyi olduqca mürəkkəbdir və hesablama qaydaları da aydın və birmənalı deyil. Buna baxmayaraq, görəsən, doğrudanmı sözügedən məmurlar bu qədər pensiya kapitalı toplayıblar və toplayıblarsa, bunu necə ediblər və onların maaşları nə qədər olub?…
Azərbaycanda dövlət orqanlarında rəhbər vəzifələr tutan məmurların aylıq maaşı ölkə Prezidentinin 10 avqust 2004-cü il tarixində təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə tənzimlənir.
2020-ci ilin məlumatına əsasən yüksək rütbəli dövlət məmurlarının maaşları aşağıda kimi müəyyən edilib:
Baş nazir – 2 460 manat;
Baş nazirin birinci müavini – 2 160 manat;
Baş nazirin müavini – 2 060 manat;
Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi – 1 925 manat…
Bundan əvvəlki illərdə maaşların kifayət qədər aşağı olduğunu nəzərə alsaq, o zaman sual yaranır ki, eks məmurların aylıq 10 min manat pensiya almalarına imkan verən kapitalı necə formalaşıb?
Mövzuyla bağlı sual verdiyimiz deputat, iqtisadçı Vüqar Bayramov bu barədə danışmadı və sualları Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ünvanlamağı məsləhət gördü.
Adıçəkilən qurumdan isə saytımıza bildirdilər ki, pensiyaların məbləği fərdi məlumatlar olduğuna görə açıqlana bilməz.
Tanınmış hüquqşünas Əkrəm Həsənov isə şərhində bildirib ki, şəxsin gələcəkdə nə qədər pensiya alacağı, onun aldığı əmək haqqından asılıdır: “Qanunvericilikdə bəzi məmurlar və dövlət qulluqçularıyla bağlı müəyyən fərqlər var. Lakin buna baxmayaraq, onların da aldıqları maaş əsasında pensiyalarını hesablamaq mümkündür. Amma məsələ burasındadır ki, Azərbaycanda məmurların maaşları gizli saxlanılır. Bizə yalnız prezidentin (15000 manata qədər) deputatların, hakimlərin və Ombudsmanın maaşı məlumdur. Digər şəxslərinin nə qədər maaş aldığı məlum deyil”.
Ekspert qeyd edir ki, bu barədə Prezidentin Fərmanı olsa da, bu fərman dərc olunmayıb: “Ölkə başçısının dövlət qulluqçularının maaşını özündə ehtiva edən 1 mart 2022-ci il tarixli Fərmanı heç yerdə dərc olunmayıb. Halbuki Konstitusiyaya əsasən nəinki Prezidentin fərmanları, normativ hüquqi aktlar belə dərc olunmalıdır”.
“Dövlət başçısı özü dəfələrlə vurğulayıb ki, məmurlar xalqın xidmətçiləridir. Əgər belədirsə, biz bu xidmətçilərə nə qədər maaş ödədiyimizi bilməliyik. Bütün dünyada məmurların nəinki maaşı, bütün gəlir və xərcləri bəyan olunur. Bizdə də belə bir qanun var. 2005-ci ildə qəbul olunan qanunla gəlirlər bəyan olunmalıdır. Amma həmin qanuna görə, o bəyannamənin formasını Nazirlər Kabineti təsdiq etməlidir. Nazirlər Kabineti isə 18 ildir ki, bir neçə səhifəlik formanı təsdiq edib ortalığa qoya bilmir”, – ekspert vurğulayıb.
Ə.Həsənov hesab edir ki, pensiyalar da şəffaf olmalıdır: “Axı, söhbət özəl şəxslərin gəlir və xərcindən getmir. Məmurun maaşı büdcədən gəlir, onu da xalq ödəyir. Deməli, xalq bu barədə məlumatlı olmalıdır”.
Göründüyü kimi, sabiq iri ranqlı məmurların nəinki işlədikləri dövrdə topladıqları milyonların, sahibləndikləri varidatın, bizneslərin, hətta vəzifədən çıxdıqdan sonra aldıqları yüksək pensiyaların qaynaqlarını müəyyənləşdirmək asan deyil və az qala “dövlət sirri” kimi gizlədilir… /azpolitika.info”