İrəvanın bu mövqeyi müharibəyə təhrikdir – Andreyeva
Ermənistan XİN rəhbəri Mirzoyan Bakının Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifini qəbuledilməz adlandırıb və Qarabağın “humanitar blokadada” olduğunu iddia edib. O, İrəvanın imtinasını Laçın yolunun parametrlərinin Üçtərəfli Bəyanatda qeyd olunması ilə əsaslandırıb.
Bunu rusiyalı analitik Vera Andreyeva deyib.
“Söhbət Rusiya və Azərbaycan prezidentlərinin, eləcə də Ermənistanın Baş nazirinin imzaladığı sənədin altıncı bəndindən gedir. Mirzoyan qeyd edib ki, guya Ermənistan marşrutların keçdiyi dövlətlərin suverenliyini və qanunvericiliyini rəhbər tutaraq, regional kommunikasiyaların, o cümlədən dəmir yolu əlaqəsinin tezliklə açılmasına sadiqliyini ifadə edib.
Burada aşkar bir detala diqqət yetirmək yerinə düşər: Azərbaycan suveren dövlətdir və heç bir ölkə Bakıya öz ərazisində hansı addımları atacağını deyə bilməz. Bu, bir neçə onilliklər ərzində bu əraziləri işğal altında saxlayan Ermənistan hakimiyyəti üçün daha problemlidir. Ona görə də Mirzoyanın bəyanatları yalnız suveren dövlətin, indiki halda Azərbaycanın ərazisinə iddia siyasətinin davamı kimi qiymətləndirilə bilər. Ermənistan ordusunun 44 günlük müharibə zamanı tam məğlubiyyətə uğradığını, iqtisadi və siyasi böhrana görə silahlı qüvvələrinin qısa müddətdə bərpa olunmayacağını nəzərə alsaq, İrəvanın mövqeyi xüsusilə tragikomik görünür”, – o bildirib.
Analitik qeyd edib ki, erməni nazirin toxunduğu Üçtərəfli Bəyanatın altıncı bəndinə gəlincə, sənəd İrəvanın başlatdığı münaqişəyə sülh yolu ilə son qoymaq, eləcə də Bakıya ərazi bütövlüyünü bərpa etməyə mane olan problemləri həll etmək istiqamətində Azərbaycanın xoşməramlılığı əsasında bağlanıb:
“Maraqlıdır ki, son vaxtlara qədər İrəvandan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatlar səslənirdi. Bu baxımdan Mirzoyanın açıqlamasını anlamaq daha çətindir. Ermənistan hakimiyyəti Qarabağın “humanitar blokadada” olduğunu iddia edir, buna cavab olaraq Bakı İrəvana Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edir. İrəvan isə imtina edir. Bu, Ermənistanın mövcud problemin həllində maraqlı olmadığını deməyə əsas verir.
Digər tərəfdən, İlham Əliyevin təklifi regionda sülhün bərqərar olmasında maraqlı olan ölkələr tərəfindən də dəstəklənib. Odur ki, İrəvanın Laçın yolu və Zəngəzur dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırmaqdan imtina etməsini Bakını problemi hərbi yolla həll etməyə təhrik kimi düşünməyə əsas verir. Axı ölkənin suverenliyinin təmin edilməsi birbaşa Azərbaycan Müdafiə Nazirliyinin səlahiyyətindədir”./axar.az