Bakı və İrəvan məkanı dəyişdi: Müqavilənin imzalanacağı şəhər… – Müsahibə

 

Türkiyənin Ankara Universitetinin professoru, siyasi ekspert Toğrul İsmayıl sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Avropa Birliyinin müşahidə missiyası gəldikdən sonra Ermənistan Azərbaycanla sərhəddə atəşkəsi pozdu. Bunun missiyanın olmadığı istiqamətdə baş verməsi isə xüsusilə diqqət çəkir. Sizcə, bundan nə anlamalıyıq?

– Avropa Birliyinin bu addımından həm Ermənistan daxilində, həm də kənarda məmnun olmayan qüvvələr var. Paşinyan fərqli oyun oynamağa çalışır, Avropayla birlikdə hərəkət edərək, onu bölgəyə soxmaqla öz maraqlarını təmin etməyə səy göstərir. Əlbəttə, bu missiya Ermənistan ərazisində olacaq, Azərbaycanın bunu özünə problem edəcəyini düşünmürəm. Bizim bununla bağlı problemimiz yoxdur, çünki nə Ermənistana, nə də digərlərinə qarşı ərazi iddialarımız var. Amma bir məsələ də var ki, Azərbaycan rəhbərliyi bu cür təxribatların ola biləcəyi barədə əvvəlcədən xəbərdarlıq etmişdi. Yəni maraqlı olmayan qüvvələr süni şəkildə bölgədə gərginliyi artırmağa çalışacaqlar, bu, bir reallıqdır. Missiyanın gəlməsindən sonra atəşkəsin pozulması da (Ermənistan tərəfindən) bunun göstəricisidir.

– Avropa Birliyinin Ermənistana missiya göndərməsinə Rusiyadan sərt etirazlar var. Hətta Rusiya rəsmiləri Ermənistanı açıq dillə hədələməyə başlayıblar. Necə düşünürsünüz, Rusiya Avropa Birliyinin bu addımının önünə keçmək üçün hansı tədbirləri görə bilər?

– Söhbət Avropa Birliyinin missiyasının yox, Ermənistanın Qərbə doğru əyilməsinin önünə keçməkdən gedir. Rusiyanın bu baxımdan Ermənistana qarşı bir çox təsir və təzyiq vasitələri var. İstər hərbi, istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də digər istiqamətlərdə Rusiyanın belə vasitələri yetərincədir. Yəni Rusiya Ermənistana müdaxilə gücünə sahibdir.

Bir şeyi də unutmayaq ki, Paşinyan bu riskə gedərkən bu amilləri və Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyi üzvü, eləcə də Rusiya ilə ikitərəfli qaydada imzalanmış anlaşmaları nəzərə almır. Yəni bəzi məsələlərə çox bəsit yanaşır, bunlar da o qədər sadə deyil. Hazırkı vəziyyətdə Ermənistanın qarşısında çox ciddi problemlər var. Bu problemlərdən biri də Rusiyadır. Yəqin düşünürlər ki, Rusiyanın başı Ukraynada qarışıb, fürsət düşmüşkən məqsədlərimizi reallaşdıraq, ondan qurtulaq. Amma bunlar göründüyü qədər də sadə məsələlər deyil.

– Azərbaycan və Ermənistan liderlərinin Münxendəki görüşündə sülh müqaviləsinə dair təmasların Tiflisdə davam etdirilməsi ilə bağlı razılaşmanın əldə edildiyi bildirilir. Sizcə, bu gəlişmə sülh prosesinə necə təsir göstərə bilər?

– Əslində, Tiflisdə görüş birbaşa təmas deməkdir. Yəni Azərbaycan və Ermənistanın kənar qüvvələrin iştirakı olmadan, birbaşa öz məsələlərini həll etməsi anlamına gəlir. Mənə görə, müsbət gəlişmədir. Eyni zamanda, Azərbaycan üçün formatların fərqi yoxdur. Azərbaycan qalıcı sülh müqaviləsinin imzalanmasını istəyir. Bu baxımdan da əlimiz güclüdür. Əlbəttə, ortada Qərb ölkələrinin maraqları və digər məsələlər də var. Ona görə də məsələlərin həllində diplomatik gedişlər əsas xarakter daşıyacaq.

Dediyim kimi, hansı formatın olması Azərbaycan üçün çox da önəmli deyil. Əlbəttə, könül istərdi ki, Azərbaycan və Ermənistan arasında birbaşa görüşlər olsun, digər güclər prosesdə yer almasın. Bu durumda Azərbaycan məsələni daha tez həll edə bilər. Çünki kənardan nə qədər müdaxilə olsa, proses bir o qədər yubanacaq. Görünən də budur ki, Ermənistan yubatmaq üçün əlindən gələni edir, ona görə də kənar qüvvələrin müdaxiləsinə imkanlar yaradır.

– Bəs Ermənistanın prosesi gecikdirməkdə məqsədi nədir?

– Heç bir iqtidar uduzmuş görünmək istəmir. Eyni zamanda, ermənilərin “Böyük Ermənistan” xülyaları, digər iddiaları bitmir, hələ də bunlar haqda danışırlar, Qarabağda separatizmin saxlanılmasına çalışırlar. Bunu Münxendə də gördük. Erməni tərəfi Prezident İlham Əliyevin sözlərini manipulyasiya etməyə çalışdı. Amma bunun bir nəticəsi yoxdur. Ermənistan qalıcı sülh məsələsini həll etməsə, Azərbaycanın təzyiq mexanizmləri kifayət qədərdir. Bu mexanizmlərdən də istifadə edə biləcək gücdədir.

– Bir sıra rus və erməni ekspertlərinin fikrincə, Qərb Azərbaycanın beş prinsipinin yer aldığı sülh müqaviləsinin imzalanmasını dəstəkləyəcək. Siz bu haqda necə düşünürsünüz?

– Dediyim kimi, Azərbaycanın əli güclüdür. Əslində, Qərbin qəbul etdiyi normalar var. İndi Qərb ölkələri məcburən bu normalara əməl etməlidir. Çünki əks halda, bölgədə xaos yarana bilər. Əgər Qərbin yanaşması beynəlxalq hüquq normalarını əks etdirəcəksə, bu, Azərbaycanın xeyrinə olacaq. Bu baxımdan, hansısa problemin olacağını düşünmürəm. Sadəcə çox diqqəti və çoxşaxəli çalışmaqda fayda var, görünən də budur ki, Azərbaycan bu məsələnin həlli üçün əlindən gələni edir.

Qərblə işləməyi bilmək lazımdır. Qərbdən uzaqlaşmaq, eyni zamanda, bütün bəlalarda onu günahlandırmaq doğru deyil. Zənnimcə, Qərblə işləmək Rusiyaya qarşı balans yaratmaq baxımından da vacibdir. Burada Türkiyənin rolunu da unutmamaq lazımdır. Balans siyasətində Türkiyənin həm mövqeyi, həm də yanaşması Azərbaycan üçün olduqca vacibdir.

– Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da gündəmdədir. Qardaş ölkədə baş verən faciəvi zəlzələdən sonra Ermənistanla sərhəd humanitar məqsədlər üçün açıldı, bir sıra təmaslar gerçəkləşdi. Bu gəlişmə sərhədin qalıcı olaraq açılması məsələsini gündəmə gətirdi. Sizin prosesin bundan sonrakı gedişatı haqda proqnozunuz necədir?

– Bu da Ermənistandan asılıdır. Ermənistan qalıcı sülh müqaviləsinə nə qədər tez imsa atsa, Türkiyə ilə münasibətlər də bir o qədər tez düzələcək. Türkiyənin irəli sürdüyü şərt Ermənistanın Azərbaycanla münasibətlərinin mümkün qədər tez normallaşması ilə bağlıdır. Yəni qalıcı sülh müqaviləsi imzalanmalıdır.

Sərhədin açılmasına gəldikdə, bu keçicidir. Bu, zəlzələ ilə bağlı atılmış addımdır. Düşünürəm ki, bu təbii fəlakətlə əlaqədar atılan addımlar, keçirilən görüşlər problemləri həll etməyəcək. Çünki humanitar yardım ayrı şeydir, dövlətlərarası münasibətlər tamamilə başqa məsələdir. Ermənistanla yanaşı, İsrail, Yunanıstan və digər ölkələrin də yardımları oldu. Yəni belə addımlarla dövlətlərarası problemlər həll edilmir. Məsələn, Yunanıstan Türkiyəyə yardım göndərdi, amma Ankara Afinanın qeyri-hərbi statuslu adaları silahlandırmasına göz yummayacaq. Yaxud Ermənistan yardım göndərdi, amma bu o demək deyil ki, Türkiyə bundan sonra Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddialarını görməzdən gələcək. Bu, çoxşaxəli və çox fərqli bir məsələdir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password