“Sərhəddə gərginliyin səbəbi Aİ missiyasının gəlişidir”

 

“Avropa İttifaqı Ermənistana birtərəfli qaydada monitorinq missiyası göndərmək haqqında qərar qəbul edəndə bu addımın Cənubi Qafqazda sabitliyə, sülhə deyil, vəziyyətin daha da gərginləşməsinə xidmət edəcəyi haqqında fikirlər səsləndirilmişdi. Bu gün baş verənlər, sərhəddə atəşkəsin pozulması sübut edir ki, proqnozlar özünü doğruldur”.

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Azərbaycan ərazilərinin atəşə tutulmasının səbəblərindən danışarkən deyib. Deputat qeyd edib ki, onsuz da gərgin olan regionda vəziyyət Avropa İttifaqının hərbi iştirakçılığından sonra daha da gərginləşir:

“Monitorinq missiyası regiona gələr-gəlməz ilk “monitorinq” missiyasını yerinə yetirdi. Ermənistan mətbuatı isə dərhal yazmağa başladı ki, Aİ missiyası müşahidə apararaq, Laçın yolunun blokadada olduğunu təsdiqləyib. Bu özlüyündə göstərir ki, Aİ missiyası əvvəldən düşünülmüş, qərəzli məqsədlə gəlir, ilk addımında bunu isbat etmiş oldu.

Artıq 2 gün keçib və bu gün indiyə qədər müşahidə edilməyən geniş coğrafiyada ermənilər atəşkəsi pozdular. Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə bu şəkildə kütləvi atəşkəsin pozulması halı şübhəsiz ki, Avropa İttifaqının monitorinq missiyası üçün gərəkli idi. Avropalılar bununla sərhəddə vəziyyətin sabit olmadığı, Azərbaycan tərəfinin guya atəşkəsi pozduğu barədə aktlaşdırılmalı faktlar əldə etmək niyyəti güdürlər. Biz əminik ki, həmin müşahidə missiyası bu təxribatların hamısını Ermənistanın lehinə, Azərbaycanın əleyhinə aktlaşdıraraq, sənədlər yığmağa başlayacaq. Sonda yığdığı qərəzli sənədləri Avropa İttifaqında müzakirəyə çıxararaq, yeni təzyiq rıçaqları əldə etmək üçün istifadə edəcək. Avropa Azərbaycana qarşı addımların atılması, qərəzli qərarların qəbul edilməsinə çalışacaq. Ona görə, bu, əvvəldən proqnozlaşdırılan hadisə idi və artıq reallaşır. Şübhəsiz ki, Azərbaycan tərəfi belə təxribatların qarşısını alacaq. Amma çox təəssüf ki, Ermənistan bu addımlara şərait yaratdığı üçün yenidən özü öz vəziyyətini bir qədər də pisləşdirmiş olacaq. Bununla sülhdən bir qədər də uzaqlaşan Ermənistanı yaxşı nəticələr gözləmir. Çünki Avropa İttifaqının Cənubi Qafqazda hansısa hərbi təzyiqi mümkün deyil, bu yalnız siyasi və iqtisadi vasitələrlə ola bilər. Amma bunun üçün də müxtəlif qərarların qəbul edilməsi vacibdir”.

H.Babaoğlu onu da qeyd edib ki, Aİ missiyasının addımları Ermənistanda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq:

“Ona görə, nə qədər ki, gec deyil, onsuz da itirilmiş müddət çoxdur, heç olmasa bundan sonra daha çox zaman itirməmək üçün Ermənistan düzgün qərar qəbul edib, Azərbaycanla sülh bağlamaq istiqamətində qəti addımlar atmalıdır. Çünki sülhlə bağlı müqavilə imzalanacaqsa, artıq heç bir missiyanın regionda qalmasına gərək olmayacaq. Rusiya və Avropa missiyaları regiondan çıxarılacaq. Ermənistanda əgər uzaqgörən siyasətçilər varsa, bunu görməli və addım atmalıdırlar ki, yaşadığımız bölgədə sülh və əmin-amanlıq bərqərar olsun”.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 21-də saat 20:45-dən fevralın 22-də saat 01:20-dək Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan MR-in Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. /oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password