Rusiya cəza mexanizmini işə salır – “İran bundan sonra Ermənistana kömək etsə…”

 

“Baş nazir Nikol Paşinyan Kremlin istəyinin əleyhinə olaraq Avropa Birliyinin müşahidə missiyasını Ermənistanda yerləşdirib”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan və Rusiya arasındakı gərginliyin yüksələn xətlə getdiyini bildirib:

“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xüsusi missiyası var. O, daim erməni rəsmilərinə xatırladır ki, Ermənistanın müttəfiqi Rusiyadır və İrəvan Kremldən uzaqlaşa bilməyəcək. Kopırkin yenə deyib ki, iki ölkənin bütün sahələrində əməkdaşlıq var. Bununla Kreml öz səfiri vasitəsilə Baş nazir Nikol Paşinyana mesaj göndərir ki, “Sən istəsən də Rusiyadan qopa bilməyəcəksən”.

“Təkcə dövlətlərimiz arasında deyil, həm də xalqlar, insanlar arasında münasibətlər genişdir”, – deyən səfir iki ölkə arasında müttəfiqlik münasibətlərində, o cümlədən təhlükəsizlik sahəsində alternativ görmədiyi fikrini də təkrarlayıb.

Buna baxmayaraq, Paşinyan Kremlin istəyinin əleyhinə olaraq avropalı müşahidəçiləri Ermənistanda yerləşdirib. Paşinyanın onlara böyük ümidi var. Bu o deməkdir ki, Kremlin və səfir Kopırkinin xəbərdarlıqları işə yaramır.

Bu gedişlə Kreml Paşinyan hökumətinə qarşı təzyiq alətlərini işə salmaq barədə düşünəcək. Bu alətlərdən ən mükəmməli təbii qazdır. Rusiya Ermənistan üçün qazın qiymətini artıra və ya mavi yanacağın verilməsində kəsintilər yarada bilər. Bu halda Paşinyan Tehrana müraciət edərək İrandan nəql etdiyi qazın həcmini artırmasını istəyəcək. Tehran Paşinyanın xahişinə müsbət cavab verərsə, Kremlin planını pozmuş olacaq və bu, Rusiya-İran münasibətlərində suallar yaradacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password