Priqojinin ÜSYANI – “Vaqner” başçısı ölmüş döyüşçülərinin fotosunu yaydı

 

“Bizə yenə hərbi sursat vermirlər, necə ki, vermirdilər. İndi 22 fevral, saat 10-dur. Sursat verilməsi istiqamətində heç bir addım atılmayıb”.

Bunu “Vaqner”-n başçısı Yevgeni Priqojin növbəti dəfə Müdafiə Nazirliyinin onun rəhbərlik etdiyi qruplaşmaya münasibətini şərh edərkən bildirib.

Onun adından “Vaqner”-in mətbuat xidmətinin yayımladığı mətndə növbəti dəfə Müdafiə Nazirliyi və Baş Qərargah ittiham olunur. Priqojin müraciətinə Ukraynada öldürülmüş bir dəstə “vaqnerçi”nin meyitlərinin şəklini də əlavə edib: “Bu, həlak olanların toplandığı yerlərdən biridir. Bu uşaqlar dünən “mərmi aclığı” səbəbindən ölənlərdir. Onların sayı 5 dəfə az ola bilərdi”.

Priqojin bildirib ki, nə nazir Sergey Şoyqu, nə də hazırda Ukraynadakı rus qoşunlarının komandanı və Baş Qərargah rəisi vəzifəsini daşıyan Valeri Gerasimov “Vaqner”-ə mərmi və digər hərbi sursat verilməsi üçün heç nə etmir və etmək istəmir. O, əlavə edib ki, əgər Şoyqu və Gerasimov vaxtında öz işlərinin öhdəsindən gəlsəydilər, ümumiyyətlə, müharibədə “Vaqner” kimi özəl hərbi şirkətlərə ehtiyac qalmazdı.

Bundan bir gün öncə isə Priqojin bildirib ki, Müdafiə Nazirliyinin guya Baxmut istiqamətindəki “bütün hücum birliklərinə” mərmi verdiyinə dair bəyanatı yalandır. O, “Vaqner”-ə lazım olan mərmilərin 80 faizinin verilmədiyini iddia edib.

Xatırladaq ki, bu, Priqojinin və “vaqnerçilər”-in Müdafiə Nazirliyinə qarşı ilk üsyanı deyil. Onlar dəfələrlə şəxsən naziri və Baş Qərargah rəisini təhqir edib, hətta ölümlə təhdid ediblər. Lakin heç nə dəyişməyib və hərbi rəhbərliklə “Vaqner” başçısı arasındakı qarşıdurma davam etməkdədir.

Gerasimovun Ukraynadakı işğalçı qüvvələrin komandanı təyin edilməsi isə bir çox ekspertlər tərəfindən Putinin bunkerindəki “mini çevriliş” kimi dəyərləndirilir və bildirilir ki, bununla da Kreml başçısı Priqojin və Kadırova yox, generallara stavka etməli olduğunu göstərib. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password