Aİ-nin Cənubi Qafqaza münasibətində “yeni mərhələ” – Regionda dəyişən vasitəçilik adları
İllər boyu Cənubi Qafqazda Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması üçün addımlar atılıb, vasitəçilər təyin edilib. Lakin dəyişən hər zaman adlar olub. Nəticələr isə eynidir.
Ötən gün Avropa İttifaqının (Aİ) Ermənistana göndəriyi mülki missiya (EUMA) fəaliyyətə başlayıb, missiyanın mülki personalı 100 nəfərdən, o cümlədən, 50-yə yaxın mülki müşahidəçidən ibarət olacaq.
Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək. Missiyanın ilkin mandatı iki ili əhatə edir.
Yəni Aİ-nin mülki personalı Ermənistan sərhəddin də mülki insanları qoruyacaq. Mülki heyət nə zamandan qoruyucu fəaliyyət göstərir bu ayrı məsələ. Digər bir məsələ isə regionda daima qarşıdurma yaradıb, soyqırımlar törədən, işğalçı xislətə sahib yalnız Ermənistandır. Belə olan halda missiya kimi kimdən qoruyur?
30 ilə yaxın bir müddət Ermənistan Azərbaycan torpaqlarının işğal altında saxlayarkən, o torpaqlarda vandalizm aktları törədərkən, insanların öz torpaqlarından didərgin salarkən gözünü yuman beynəlxalq təşkilat bir anda gözünü açmaq qərarına gəldi. Lakin hələ də doğruları görə bilmir. Sözügedən missiya bölgədə stabilliyi pozan yeganə dövlətin – Ermənistanın sərhəd rayonlarında stabilliyə nail olmaq istəyir.
Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demilitasiyası və demarkasiyası aparılmayıb. Buna səbəb Ermənistandır. Aİ missiyası hansı sərhəddə stabilliyi təmin edəcək?
Əslində Ermənistanın qərbi delimitasiya olunmayan sərhədə gətirməyə can atması bu prosesin həyata keçirilməsinin qarşsını almaq istəyindən irəli gəlir. Onun üçün heç fərqi də yoxdur sərhəddə kim dayanır. Əsas odu sığınıb, yardım gözləyəcəyi biriləri olsun. Onsuzda Ermənistan öz öhdəliklərdən bu cür cəhdlərlə yayınmağı vərdiş halına gətirib. Amma hər dəfə eynilik təşkil edən nəticələrdən də dərs çıxarmır.
Aİ-nin əli ilə Fransanın regionda qurmaq istədiyi oyun dedikləri kimi sülhə yox, yeni qarşıdurmalara səbəb olacaq. Aİ bilərəkdən özünü alətə çevirib, yoxsa bilməyərəkdən istifadə olunur, bu başqa məsələ. Lakin bu oyunu təşkil edənlərin və oyunçuların unutduqları bir detal var. 2020-ci il noyabr ayından etibarən Azərbaycanın regionda yaratdığı yeni reallıq. Yəqin ki, hələ də düşünürlər ki, regiona istədikləri kimi təsir edə bilərlər. Amma gec-tez görmək istəmədikləri bu reallıqla üzləşəcəklər. Aİ missiyası kimi verəcəkləri qərarın,dedikləri sözün heç bir hüquqi əsası olmayan vasitəçilər regionda hər hansı prosesə nə idarəçilik, nə də müdaxilə edə bilər.
Ermənistan çıxış yolunu işə yaramayan, heç bir faydası olmayan vasitəçilərdə görmək yerinə, Azərbaycanla münasibətləri normallaşdırmada görməlidir. Çünki bu yoldan başqa heç bir yol onlara “xilas” vəd etmir.
İllər ərzində Cənubi Qafqazda Ermənistan və Azərbaycan münasibətlərinin normalaşması üçün addımlar atılıb, vasitəçilər təyin edilib. Lakin dəyişən hər zaman adlar olub. Nəticə isə hər zaman eynidir. Missiya və vasitəçilərin sözdə yox, əməldə məqsədləri dəyişmədiyi müddətcə nəticə də eyni olaraq qalacaq./trend.az