“Putin sonu olmayan məsafəni qaçır…” – “Artıq o, özü istədiyi yerdə dayana bilməz”

 

Beynəlxalq mətbuat uzun müddət idi ki, Rusiya ordusunun bütün cəbhə boyu geniş miqyaslı hücuma keçəcəyindən yazırdı. Nəhayət, ruslar həmin hücuma başlayıblar. Lakin gözlənilənin əksinə olaraq, rus ordusunun hücumu çox zəif və ləng templə gedir. Elə buna görə də hərbi ekspertlər deyirlər ki, zirehli texnika, silah və sursat sarıdan problemlərlə üzləşən rusların hücum imkanı bundan artıq ola bilməz. Digər yandan, əvvəlcə blitskriq edəcəyinə tam əmin olan Vladimir Putin düşmüş olduğu çətin vəziyyətə bəraət qazandırmağa və müharibənin il dönümü ilə əlaqədar əhaliyə yeni vədlər, ümidlər verməyə hazırlaşır.

Ukraynanın”Fakty.ua” internet portalı “Putin sonu olmayan məsafəni qaçmağa davam edir. Artıq o, özü istədiyi yerdə dayana bilməz” başlıqlı məqaləsində sözügedən məsələlərə toxunur.

Həmin məqaləni təqdim edirik: ”Bir çox nüfuzlu ekspertlərin fikrinə görə, iki-üç gün öncə Rusiyanın Ukrayna ordusuna qarşı geniş miqyaslı hücumu başlayıb. Ancaq bu hücum o qədər zəif və ləng gedir ki, hətta ona hücum deyən ekspertlər də hansısa hücumun başlamasına əmin deyillər. Belə ekspertlərin bəziləri deyir ki, Putin ordusunun əlindən gələn yalnız bu qədərdir. Bundan artıq nəsə gözləməyə dəyməz.

Rusların hücumu massiv artilleriya hazırlığı olmadan, minimum zirehli texnikadan istifadə edilməklə gedəcək. Hazırda əlində avtomat tutmuş və çox pis təlim görmüş döyüş qabiliyyəti olmayan adamlarla kütləvi hücuma keçirlər.

Artıq hər iki tərəf rusların bu hücumunu “ət parçalarının hücumu” adlandırır. Bu hücum general Gerasimovun hərb elminə verdiyi töhfədir. Yəni, belə deyək ki, bu, tamamilə “yeni bir sözdür”. Əlbəttə, burada heç bir “hibrid müharibəsi”ndən danışmağa dəyməz. Əslinə baxsaq, hətta “ət parçalarının hücumu”nu heç də Gerasimov “ixtira” etməyib. Bunu rusiyalıların sevimili kumirləri marşal Jukov düşünüb tapıb.

Müharibədəki bu “rus tərzi” Jukovun 1942-1943-cü illərdə Rjev rayonunda həyata keçirdiyi mənasız hücumlardan bəllidir. Məhz o zaman Jukov özünün məşhur “rus qadınları yenə də doğarlar” frazasını işlətmişdi. Belə görünür ki, Putin də general Gerasimovdan geri qalmayaraq öz pərəstişkarı Jukovu yamsılamağı qərara alıb.

Ancaq maraqlıdır ki, bu dəfə o, nasist Almaniyasının təbliğat naziri doktor Yozef Göbbelsi təkrarlayacaq. Stalinqrad döyüşündəki məğlubiyyətdən sonra Berlindəki idman sarayında çoxminlik kütlə qarşısında çıxış edən Göbbels özünün məşhur “Total müharibə” barəsindəki çıxışında alman xalqını fürer ətrafında sıx birləşməyə, çox şeyi qurban verməyə, əziyyətə qatlaşmağa çağırırdı.

Putin demək olar ki, nasist təbliğatındakı hər şeyi təkararlamağa başlayıb. Ona görə də o, düz 80 ildən sonra 22 fevralda “Lujinki” stadionuna yığılanlar qarşısında Göbbels kimi “Total müharibə” haqqında nitq söyləyəcək. Əlbəttə, Putin bu çıxışında öz xalqını sıx birləşməyə, qurban verməyə hazır olmağa, çoxsaylı əziyyətlərə qatlaşmağa, məhrumiyyətlərə dözməyə çağıracaq.

Rusiyalılar da öz növbəsində nasistlər kimi vətənpərvərlikdən dəm vuracaq, yaxalarını yırtacaqalar və öz fürerlərinə sadiq qalacaqlarına and içəcəklər. Sözsüz ki, onlar öz rəhbərləri ətrafında sıx birləşəcək və çətin günlərə dözməyə hazır olduqlarını nümayiş etdirəcəklər.

Elə hər şey 80 il bundan öncə Almaniyadakı kimi tam faydasız olacaq və bu müharibə nasistlərin apardığı müharibə kimi uzanacaq və müəyyən bir vaxtdan sonra qurtaracaq. Təəssüf ki, bu müddət ərzində müharibə minlərlə rusiyalı və ukraynalının həyatına son qoyacaq.

Rusiyanın apardığı bu müharibənin də sonu nasist Almaniyasının aqibəti kimi olacaq. Yəni, təcavüzkar darmadağın ediləcək. Çünki elə həm o zaman, həm də indi təcavüzkar blitskriqlə qalib gələcəyinə əmin idi. Amma tarix bu əminliyi puça çıxardı.

Putinin bu müharibədə qalib gəlmək üçün heç bir şansı yoxdur, çünki onun müharibəsi bitmək bilməyən bir müharibədir. Putinin müharibəsinin konkret bir başlanğıcı var. Bəziləri 2014-cü ildə Krımın ilhaqını, digərləri isə 24 fevral 2022-ci ili bu müharibənin başlanğıcı hesab edir. Deməli, hər halda bu müharibənin hər hansı başlanğıcı var.

Lakin Putin bu müharibənin sonunun necə göründüyünü söyləyə bilməz. Putindən fərqli olaraq, Ukrayna bilir ki, müharibə onun üçün çox yaxşı sonluqla bitəcək. Ukrayna üçün müharibənin sonu təcavüzkarın Ukrayna sərhədləri xaricinə qovulması ilə nəticələnəcək.

Belə bir nəticənin nə dərəcədə reallaşa biləcəyi barədə uzun bir müzakirə aparmaq olar. Ukrayna üçün müharibənin necə bitəcəyi konkret və aydındır. Lakin Putin üçün müharibənin necə qurtaracağı bəlli deyil. Yəni, bunun axırı görünmür. Belə ki, Putin sonu olmayan məsafəni qaçmağa başlayıb. Bəli, kim ki, belə bir çətin vəziyyətə düşür, həmin adam ilk olaraq dərhal dayanır. Həqiqətən də əgər qaçış məsafəsi sonsuzdursa, onda nə qədər qaçırsansa qaç, finiş yaxınlaşmayacaq.

Amma qaydalar belədir ki, o, istədiyi yerdə dayana bilməz. Bu qaçışın dayandırılmasının yeganə üsulu start xəttinə geri qayıtmaqdır. Çünki yalnız bu yol aydın və konkretdir.

Hələ yolun yarısında dayanmaq müharibənin bitməsi deyil. Ən yaxşı halda bu, fasilə götürməkdir və sonra qaçış yenidən davam edəcək. Sadə dillə ifadə etsək, Putin hesablayır ki, Ukraynanın əsgərləri daha tez qurtaracaq.

Ukrayna isə Rusiyanın silahının qurtarmasının hesabını aparır. Gəlin, bizim müzakirənin əvvəlinə qayıdaq və oradan nəticə çıxaraq. Putinin yeni hücumu göstərir ki, Ukraynanın hesabı reallığa daha yaxındır”. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password