Ermənistan yeni “ərazi itkiləri” ilə üzləşə bilər – Lepexin
İrəvanın Ankaraya yardım təmaslarının ölkələrarası münasibətləri yaxşılaşdıracağına və ya bölgədəki vəziyyəti dəyişdirəcəyinə inanmıram. Bu proseslərin ardınca durğunluq olacaq. Çünki Ankara çox praqmatikdir, kifayət qədər sərtdir, geosiyasi xəttini ardıcıl şəkildə davam etdirir.
Bunu rusiyalı politoloq Vladimir Lepexin deyib.
“Ermənistanın maraqları bu xətt üzərində qurulmayıb. İrəvan Ankara üçün heç bir məsələdə avtoritet deyil. Paşinyan komandası tez-tez Türkiyəyə meyillənir və bu ölkəyə qarşı prinsipial mövqe nümayiş etdirmir. Türkiyənin və müvafiq olaraq, Azərbaycanın regionda təsirinin güclənməsi bundan sonra da davam edəcək. Bu amil vasitəsilə NATO-nun təsiri artacaq, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa cəhdlər ediləcək”, – o bildirib.
Lepexin qeyd edib ki, əgər Rusiya müharibədən uğurla çıxıb məqsədlərinə çatarsa, bundan sonra Cənubi Qafqazda nüfuzunu bərpa etməyə, Qarabağda sülhməramlıların və Gümrüdəki hərbi bazanın mövcudluğunu uzatmağa çalışacaq:
“Amma hərbi kampaniya Rusiya üçün pis başa çatsa və sülh sazişində Qərb şərtləri üstünlük təşkil etsə, Moskvanın Cənubi Qafqazda təsirini bərpa etmək ehtimalı azdır. Belə olanda Ermənistanın hansı şəraitdə və şərtlərdə Türkiyə, eləcə də onun müttəfiqinə yanaşacağı maraqlıdır. Bu, proses İrəvanı yeni “ərazi itkiləri” ilə hədələyir”./axar.az