Avropanın illər sonra ehtiyac hiss edəcəyi layihənin əsasları yaradılır – Aydın Quliyev

 

Mingəçevirdə böyük elektrik stansiyasının təməlinin atılması ölkənin enerji tarixində növbəti səhifəni açmaqla bərabər, enerji siyasətinin bəzi istiqamətlərinə və məqamlarına yenidən baxmağı da zəruri edir. 1981-ci ildə istismara verilmiş və müəyyən bərpa işləri sayəsində günümüzə qədər işləyən Mingəçevir SES-in olduğu bölgədə 1280 meqavatlıq yeni elektrik stansiyasının tikintisi tək bu arqumentlə izah edilə bilməz ki, köhnə SES çoxdan tikildiyi üçün onun səmərəlilik göstəriciləri aşağı düşüb. Bu cəhətdən daha mötəbər fikri peşəkar energetiklərə buraxaq. Sadə bir məntiqlə yanaşsaq, müstəqil Azərbaycanın tarixində belə böyük elektrik stansiyasının tikintisinin zərurət olduğu mübahisəsizdir. Bir sıra amillər də perspektiv tələbatlar baxımından yeni stansiyanın tikintisinə dolğun strateji mahiyyət verir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin enerji və nəqliyyat layihələri ilə bağlı siyasətinin komplektarlığı və qabaqlayıcı xarakteri iki mühüm xüsusiyyət olaraq ayrıca qeyd edilməlidir. Son 15 ildə həyata keçirilmiş böyük nəqliyyat və enerji layihələrinin texniki-iqtisadi göstəriciləri başqa təhlillərin mövzusudur. Lakin belə bir məqamın üstündən heç bir halda ötəri keçmək olmaz ki, bu layihələr tək indinin tələbləri ilə yox, həm də gələcəyin tələbləri baxımından dəyərləndirilməlidir.

Prezident İlham Əliyevin Mingəçevirdə həyata keçirməyə başladığı yeni enerji layihəsinə də onun siyasəti üçün xarakterik olan komplektarlıq ( tamlıq) və qabaqlayıcılıq meyarları ilə baxmaq lazımdır. Tamlıq və qabaqlayıcılıq İlham Əliyevin enerji strategiyasının mühüm keyfiyyətləridir.

Prezident İlham Əliyevin enerji siyasətində tamlıq dedikdə müəyyən məkanda və zamanda atılan addımların mövcud tələbatlara uyğunluğu və tam qarşılaya bilməsi nəzərdə tutulur. Son 15 ildə yaradılmış enerji infrastrukturlarının hər biri öz dövründə konkret tələbatdan doğdu, artıqlıq yaratmadı. Hələ illər öncə Bakıda və yaxın ətraf bölgələrdə qurulmağa başlanmış günəş və külək enerjisi infrastrukturları həmin bölgələrdə qiymətli təbii potensialın necə deyərlər “havaya buraxılmasının qarşısını aldı, həm də bölgənin cari enerji tələblərinin əhəmiyyətli hissəsini qarşılaya bildi. Daha konkret desək enerji infrastruktur layihələrinin heç biri lüzumsuz yerə yaradılmır, risq ehtimalı yoxdur və hər hansı vəsait itkisindən söz gedə bilməz.

Prezident İlham Əliyevin enerji siyasətinin qabaqlayıcı xüsusiyyəti daha geniş məzmuna malikdir. Hələ 2003-cü ildən başlayaraq neft və qaz nəql kəmərlərinin təkmilləşdirilməsi, yenilərinin tikintisi və genişləndirilməsi öz zamanında kimlərdəsə suallar doğura bilərdi. Faktdır ki, böyük neft və qaz yataqlarının işlək vəziyyətə gətirilməsinə qədər kəmərlər sistemi artıq qurulmuşdu və ya qurulmaq üzrə idi. Elə buna görə də Azərbaycanın özü enerjiyə artan daxili tələbatlar baxımından heç vaxt risqlərlə üzləşmədi, eyni zamanda bəlli geosiyasi faktorların üzündən Avropanın alternativ enerji mənbələrinə tələbatı birə-beş artanda Azərbaycan bu tələbatı qarşılamağa artıq hazır idi. Serbiyanın prezidenti Vuçiçin bizim prezident barədə ritorik olaraq dediyi “Sizi Avropada niyə bu qədər sevirlər” və Macarıstan baş nazirinin ” təəssüf ki mən İlham Əliyevdən hər şeyi öyrənə bilmədim” kimi sözlərinin bağlı olduğu köklərdən biri heç şübhəsiz ki budur.

Avropanın Azərbaycanın yaşıl enerjisi ilə təmin edilməsi layihəsi olan Qara dənizin dibi ilə Rumıniya və Macarıstana kabelin çəkilməsinə də bu nöqteyi -nəzərdən baxmalıyıq. Avropa bir tərəfdən neft və qaz kimi ənənəvi enerji növlərindın asılılığı minimuma, hətta sıflra endirmək üzərində işləyir, digər tərəfdən yaşıl enerji təchizatını mümkün qədər gücləndirmək istəyir. Buyurun, Azərbaycan Avropanın neçə illər sonra hava-su kimi ehtiyac hiss edəcəyi layihənin əsaslarını yaradır. Həm də İlham Əliyevin enerji strategiyasının təkcə Avropanın qayğıları üzərində kökləndiyini də düşünmək səhv olardı. Hər məsələdə olduğu kimi burada da Azərbaycanın öz milli, dövlət mənafeləri prioritet təşkil edir. Çünki, əvvala Azərbaycanın çox böyük yaşıl enerji istehsal potensialı mövcuddur, ölkəmizin günəş və küləkdən bol nəyi var ki?! Bu qədər böyük potensialdan niyə də istifadə olunmasın?! İkinci, Bir halda ki, Avropanın gələcəyi yaşıl enerjidən maksimum istifadə dövrünə üz tutub və bu cəhətdən Azərbaycan üçün çox nəhəng alıcı ola bilər, o zaman yaxın perspektivin böyük qəniməti olan bu şansı niyə də əldən buraxaq?!

Nəhayət, Mingəçevirdə 1280 meqavatlıq yeni elektrik stansiyasının tikintisinə də eyni qabaqlayıcılıq prinsipindən baxmaq lazımdır. Bu stansiya təkcə qaz sərfiyatının daha da optimallaşdırılması baxımından köhnə stansiyadan fərqlənmir. Sözsüz ki, bu yöndə fərqlər böyükdür,hətta iıkin hesablamalar ildə yeni stansiyada 1 milyard kubmetr qaza qənaət ediləcəyini deməyə əsas verir. Bundan başqa, Mingəçevir SES qədər olmasa da, ondan az fərqlənən yeni generativ güc mənbəyinin yaradılması Azərbaycanın enerji təhlükəsizliyinə daha möhkəm təminat deməkdir. Vətən müharibəsində Ermənistanın Mingəçevir SES-i hədəfləmiş terror-təxribat planlarını unutmaq olmaz. Onu da əlavə edək ki, Zəngəzur dəhlizi ilə üzü Avropaya növbəti enerji nəql marşrutu fəaliyyətə başlayanda Mingəçevirdəki yeni stansiyanın göydəndüşmə effekti verəcək. Həm də bu perspektiv hələ yeni -yeni stansiyaların tikintisinə zərurət yaradır….

Aydın Quliyev,
“Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password