Bakının Avropanın təhlükəsizliyindəki ROLU ARTIR – Azərbaycan qısa zamanda…
“Enerji təhlükəsizliyi hər bir dövlətin strateji təhlükəsizliyi konsepsiyasında əsas yerlərdən biridir. Ona görə, bütün ölkələr çalışır ki, öz enerji asıllığını aradan qaldırsın, enerji müstəqilliyinə çalışsın”.
Bunu açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Azərbaycanın tətbiq edəcəyi texnoloji yeniliklər imkan verəcək ki, əvvəllər yandırılan əlavə 1 milyard kubmetr qaza illik qənaət olunsun:
“Əlbəttə ki, biz alternativ enerji mənbələrinə yönəlirik – külək, günəş enerjisi. Ancaq onlara yönəlməklə öz ənənəvi enerji mənbələrimizi – neft, təbii qaz, karbohidrogen ehtiyyatlarımızı da satırıq. Hətta gələcəyin enerjisi adlandırdığımız hidrogen enerjisini ixrac etmək barədə düşünürük. Düşünürük ki, gələcəkdə TANAP, TAP xəttinə paralel illik 1 milyard kubmetr gücü olan boru kəməri çəkək və bunu gələcəyin enerjisi kimi Avropaya sataq.
Ancaq bundan əlavə bizim konsepsiyamızda elektrik enerjisinin artıq özünün də ixracı var. Birinci Azərbaycanın ehtiyacını tamamilə təmin etmək, sonra isə onu satmaq məqsədi var. Bunun üçün həm alternativ enerji mənbələri – yaşıl enerjiyə yönəldilməlidir, həm də ki, klassik enerji müəssisələri modifikasiya olunmalıdır.
Hazırda Mingəçevridə olan müəssisə cəmi 38 % faydalı iş əmsalı ilə çalışır. Son yeniliklərdən sonra bu rəqəmlər 56 %-ə çatdırılacaq. Bundan əlavə orada texnoloji yeniliklər də tətbiq ediləcək ki, bununla da əvvəllər yandırılan əlavə 1 milyard kubmetr qaza illik qənaət olunacaq. Bu da Azərbaycanın illik əlavə 1 milyard kubmetr qaz ixrac etməsi deməkdir. Eyni zamanda karbon emissiyasının qarşısı alınacaq.
Yəni Azərbaycan burada artıq köhnə elektrik stansiyalarını yeniləyir, həm daha az yanacaq işlədən, təbii qaza daha çox qənaət edən, ətrafa daha az zərərli karbon qazları atan yeni istilik elektrik stansiyaları tikməyə çalışır. Eyni zamanda alternativ enerji mənbələrindən gələcəkdə əldə edəcəyimiz elektrik enerjisini ixrac etmək istəyir. Bununla bağlı Qara dənizin dibi ilə elektrik xəttləri çəkiləcək. Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında bununla bağlı müqavilə imzalanıb ki, Rumıniya-Macarıstan üzərindən Azərbaycan Avropanın mərkəzinə birbaşa elektrik enerjisi ixrac edəcək.
İtaliyaya niyə xüsusi önəm veririk?
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Azərbaycanın xarici ticarətində birinci yer tutur. Eyni zamanda Azərbaycan da İtaliyanın neft və enerji məhsulları alışında ilk pillədədir. Hələ ki TAP xətti ilə 12 milyard kubmetrə yaxın qaz ixrac olunur. Hər il bunun 1,3 milyar kubmetr artırılması nəzərdə tutulur.
Azərbaycan həm də 44 günlük müharibə vaxtı verdiyi sözü tutduğunu göstərmiş oldu. Belə ki, həmin dövrdə Azərbaycan açıq şəkildə Qərb və dünya ölkələrinə bildirdi ki, kim bizim bu haqq davamızda – Qarabağ müharibəsində yanımızda olarsa, müharibədən sonra həmin ölkələrə yenidənqurmada xüsusi fürsətlər tanınacaq, daha çox dost ölkələrin şirkətləri ilə işlər görüləcək.
Hazırda Qarabağda İtaliya şirkətləri Türkiyə şirkətlərindən sonra ikinci ən çox bərpa-quruculuqda yer verilən şirkətlərdir. Xüsusilə də ölkədə elektrik enerjisinin yenidən qurulması və fərqli sahələrdə İtaliya şirkətlərinə müraciət olunması onu göstərir ki, Azərbaycan sözünü tutur və Azərbaycan öz müttəfiqlərini unutmur.
Eyni zamanda son bir neçə ayda İtaliyadan Azərbaycana bir neçə nazir gəlib. İndi də Azərbaycanın fərqli infrastruktur layihələrini İtaliya ilə birgə reallaşdırmaq istəyi deməyə əsas verir ki, Bakı Milana qarşılıqlı olaraq iqtisadi münasibətləri siyasi münasibətlər səviyyəsinə qaldırmağa, Azərbaycanın İtaliya ilə müttəfiqlik bağlarını daha da möhkəmləndirməyə çalışır”./milli.az