Xocalı cəlladlarına “öldürücü zərbə”: Paşinyan Köçəryan və Sərkisyanı bitirdi
“İkinci Qarabağ Müharibəsində Azərbaycana məğlub olmasına baxmayaraq, Paşinyanın ölkəsində rəqibi yoxdur”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistanın ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:
“Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki müxalif “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan barədə cinayət işinin açılması Baş nazir Nikol Paşinyanın əlini gücləndirir. Nikol Paşinyan hər zaman bildirir ki, ordu o hakimiyyətə gəlməmişdən əvvəl bərbad durumdaydı, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan korrupsiya ilə məşğul idilər. Ohanyana qarşı qaldırılan cinayət işinin materialları Paşinyanın haqlı olduğunu göstərir.
Ermənistanın baş prokuroru Ohanyanın müdafiə naziri olduğu vaxtlar iki hərbi hissənin ərazisini və binalarını ucuz qiymətə yaxınlarına satmaqda ittiham edir. Ohanyana qarşı başqa ittihamlar da var. Onun korrupsiyaya bulaşdığı nazir olduğu illərdə də bəlli idi. Ohanyan 2010-cu ildə İrəvanın mərkəzində bütöv bir binanı satın almışdı.
Beləliklə, Paşinyan rəqiblərindən birini də neytrallaşdırdı. “Qarabağ klanı” itir-itirə gedir. Klanın lderləri Köçəryan və Sərkisyan Paşinyana rəqib deyillər, çünki erməni cəmiyyətində nüfuzları qalmayıb. Bu səbəbdən faktiki hər ikisi siyasətdən uzaqlaşıb”.
Elxan Şahinoğlu baş verənlərə Rusiyanın münasibətinə də toxunub:
“Paşinyan Kremlin xoşuna gəlmir, erməni baş nazirin açıqlamaları Moskvanı qıcıqlandırır. Rusiya hakimiyyətinin imkanı olsa, onu devirər. Ancaq Kremlin hazırda Ermənistanda bunu reallaşdıracaq adamı yoxdur. Kreml 1990-cı illərin ortalarında prezident Ter-Petrosyanı asanlıqla devirdi, çünki baş nazir Robert Köçəryan və daxili işlər naziri Serj Sərkisyan qiyama rəhbərlik etdilər, o zaman üçün onlar nüfuzlu idilər. İndi isə belələri yoxdur. İkinci Qarabağ Müharibəsində Azərbaycana məğlub olmasına baxmayaraq, Paşinyanın ölkəsində rəqibi yoxdur”./teleqraf.com