“Birinci vitse-prezidentin bu addımının mühüm səbəbi…” – Fazil Mustafa
“Azərbaycanda humanitar yardım deyəndə Birinci vitse-prezident Mehriban Əliyevanın adının ilk növbədə çəkilməsində bir qanunauyğunluq var. Bu məsələlərdə həmişə ən həssas mövqeyi o sərgiləyib”.
Birinci xanım Mehriban Əliyevanın Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım təşəbbüsünü şərh edən Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa belə deyib.
Deputat belə təşəbbüs və dəstəyin Türkiyə ilə məhdudlaşmadığını da xatırladıb: “Pakistan hökuməti daşqınla əlaqədar ölkədə fövqəladə vəziyyət elan etdi və təcili humanitar yardım üçün beynəlxalq təşkilatlara müraciət ünvanladı. Həmin vaxt Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində silsilə yardım proqramları icra edildi. Bölgədə məktəb tikintisi və digər önəmli məsələlərə diqqət ayrıldı.
Türkiyə Azərbaycan üçün ən həssas yerdir, qardaş məmləkətimizdir. Mehriban xanımın məsələnin humanitar tərəfini dərhal öz üzərinə götürməsinin mühüm səbəbi yəqin ki, budur. Fikrimcə, anlamlı yanaşmadır. Söhbət tək köməkdən yox, həm də gerçək bir yanğıdan, Türkiyəyə olan real münasibətdən, öz dövlətimizə bəslənən sevgidən gedir. Hesab edirəm ki, bu məsələdə komleks amillər rol oynadı. Biri var, hansısa məsələdə protokol xatirinə nələrsə edilsin, bir də var, candan, ürəkdən bütün imkanlar səfərbər olunsun”.
Fazil Mustafa onu da vurğulayıb ki, Azərbaycan xalqı Türkiyənin bu faciəsində milli birlik və həmrəylik nümayiş etdirir: “Azərbaycan xalqı Mehriban xanımın çağırışına böyük bir coşqu ilə cavab verdi. Bu çağırış Azərbaycan cəmiyyətinin təqdirilə qarşılandı. Hər kəs əlindən gələni etməyə çalışdı və təşkilatçılıq işi kifayət qədər yüksək səviyyədə aparıldı. Bu, tarixdə qala biləcək önəmli addımlardan biridir.
Hesab edirəm ki, belə bir məqamda məsələyə həssas yanaşmaq Azərbaycanın bir dövlət olaraq humanist dəyərləri özündə ehtiva etdiyini ortaya qoydu. Bir sözlə, bu, dövlətimiz adına qürurverici addımdır”./teleqraf.com