ABŞ-dan Bakı-İrəvan açıqlaması, MQ yalanı: nə baş verir?
Fəaliyyətdə olduğu müddətdə heç bir əməli iş görməyən Minsk Qrupunu ABŞ və Fransanın hansısa formada “diriltmə cəhdləri” müşahidə edilir.
Missiyası Qarabağla bağlı sülh danışıqlarında vasitəçilik olan Minsk Qrupunun yarıtmaz fəaliyyəti 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı ilə faktiki olaraq tarixə keçdi. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və artıq Qarabağla bağlı hər hansı “sülh müzakirələrinə” də ehtiyac yoxdur.
Hazırda Azərbaycanla Ermənistan arasında sərhədin dəqiqləşməsi və 10 noyabr 2020-ci il bəyanatından irəli gələn öhdəliklərin – o cümlədən, Zəngəzur dəhlizinin açılması – müzakirə predmetidir.
Bu məqamda ABŞ-dan ATƏT-in Minsk Qrupu adlı artıq kimsənin yadına düşməyən “missiya” haqda bəyanat təəccüblü görünür. Belə ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ötən gün keçirdiyi brifinqdə Rusiyanı ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan nizamlanması üzrə “səylərinə” (? – red.) zərbə vurmaqda ittiham edib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün təşviqi Dövlət katibi Entoni Blinken üçün də daimi prioritet olaraq qalır, bunu xüsusilə, Ermənistan və Azərbaycan liderləri ilə birbaşa bu məsələlərlə bağlı əlaqələri sübut edir:
“Rusiyaya gəlincə… fakt ondan ibarətdir ki, Rusiyanın aqressiyası və birtərəfliliyi Minsk Qrupu formatında bir sıra məhsuldar iş perspektivlərini sarsıdıb”.
Dövlət Departamentinin sözçüsü əlavə edib ki, ABŞ istər ikitərəfli, istər Aİ daxilində mexanizmlər, istərsə də ATƏT vasitəsilə sülhün təşviqinin istənilən sahəsində iştirak etməyə qətiyyətlə sadiqdir. Və Cənubi Qafqazda sülhün təşviqi ABŞ üçün daimi prioritet olaraq qalır.
Belə görünür ki, ABŞ və Fransa Ermənistan-Azərbaycan sülh danışıqlarında Rusiya ilə birgə Minsk Qrupuna uyğun “hansısa mexanizm” qurulması ideyasındadır. Məqsəd danışıqlar formatını dəyişdirmək və çevrəni böyütməkdir. Belə bir formatın Ermənistanla Azərbaycan arasında müzakirələri daha 30 il donduracağına isə heç bir şübhə ola bilməz. Çünki ABŞ və Fransanın Rusiya ilə heç bir regionda razılaşa bilmədiyi artıq kimsədə şübhə doğurmur.
3 fevralda isə ABŞ Dövlət Departamenti Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın devrilməsi ilə bağlı “məxfi məlumatları” tirajlamışdı. Bu “məlumatlarda” yalandan gen-bol istifadə edildiyi də ilk baxışda aydın görünürdü.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da məhv bu məqama toxunub. O bildirib ki, nazir müavini və Prezidentin xüsusi nümayəndəsi, daha sonra nazir vəzifəsində olmuş bir şəxs kimi demək istərdim: Minsk Qrupu həmsədrlərinin mövqelərinin birliyi ilə bağlı əsas tezis yalandır:
“Buna sübut R.Köçəryanın Ter-Petrosyana qarşı hərbi çevrilişini Rusiyanın dəstəyi ilə həyata keçirməsidir. Əgər belədirsə, ABŞ, Fransa və Rusiyanın mövqelərinin birliyi haradadır?
Odur ki, Dövlət Departamentinin “Azadlıq” radiosunun erməni redaksiyasının dərc etdiyi sənədlərin, yumşaq desək, ciddi “düzəlişlərə” məruz qaldığı göz qabağındadır.
Beləliklə, sual yaranır – məqsəd nədir?
Düşünürəm ki, keçmiş həmsədrlər öz aralarında razılığa gələrək gələcəkdə bu sahədə əməkdaşlığın bərpasının mümkünlüyü barədə ictimaiyyət arasında fikir yaratmaq istəyirlər…”