Seysmoloqlar bina tikintisindən niyə uzaqlaşdırılıb – yeni təfərrüatlar

 

Tikintidə təhlükəsizlik üzrə mütəxəssislər deyir ki, əsas risk qrupuna köhnə binalar daxildir

Son günlər Türkiyədə baş verən zəlzələ nəticəsində binaların dağılması ölkəmizdə də bu sahəyə diqqəti artırıb. 2019-cu ildən bəri Bakıda tikinti şirkətləri tərəfindən tikinti ərazisinin seysmoloji xəritəsi ilə bağlı Respublika Seysmoloji Mərkəzə müraciət edilmədiyi barədə açıqlama isə narahatlığı daha da artırıb. Yada salaq ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O vurğulayıb ki, 2019-cu ilə qədər mərkəzə müraciət olunurdu: “O vaxtdan sonra bizə müraciət etmirlər”.

Son illər ölkəmizdə, xüsusilə də paytaxtda çox sayda yeni binalar tikilib. Həmin yeni binaların  zəlzələyə nə qədər davamlı olması ilə bağlı mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. Hətta bəzi mütəxəssislər qeyd edir ki, yeni binaların bir qismi zəlzələyə davamlı deyil, tikintisi zamanı bütün zəruri amillər nəzərə alınmayıb. Fakt odur ki, hazırda Bakıda çox sayda yeni, hündürmərtəbəli binalar var və həmin binalarda yaşayan sakinlər  onları hansı təhlükənin gözlədiyini bilmirlər.

Bakıda tikilən hündürmərtəbəli binalarda yenidən təftiş aparmaq, hər hansı təhlükəyə qarşı davamlılığını yoxlamaq mümkündürmü?

Tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyev cebhe.info-ya bildirib ki, tikildikdən sonra binanın yoxlanılması çox çətindir: “Çünki binalardan nümunələr götürmək olar, ancaq hər hansı yük, titrəyiş verib yoxlamaq qeyri-mümkündür. Ona görə də yaxşı olar ki, bina tikintisindən öncə həmin ərazidə buna diqqət yetirmək lazımdır.

Əmlak məsələləri üzrə ekspert  Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə qeyd edim ki, mən Qurban Yetirmişlinin sözlərinə həm şərikəm, həm də məsələyə digər tərəfdən yanaşsaq, onda belə çıxır ki, 2019-cu ilə qədər tikilən binalara seysmoloji rəy verilibsə, deməli istənilən zəlzələyə davamlıdır.  Əvvəlki illərdə  tikintilərlə bağlı sərəncamlar, icazələr yerli  icra hakimiyyətləri  tərəfindən verilirdi və həmin vaxt binalar daha  çox pərakəndə şəklində tikilirdi. Daha sonra isə səlahiyyət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi.  Bundan sonra binalar arası məsafələr, əmsallar, hündürlük məsələləri qorunmağa başladı. Həmçinin tikinti zamanı torpağın tərkibi ilə bağlı aidiyyəti  olan bütün qurumlardan rəy alınır”.

Ekspert qeyd etdi ki, Bakıda da Türkiyədə olan zəlzələ baş versə, qardaş ölkədə baş verən fəsadlar olmayacaq: “Türkiyədəki zəlzələdən də aydın görünür ki, yeni binaların keyfiyyəti  çox aşağı səviyyədədir. Əksər binalarda heç armatur görünmür. Binalar elə çökür ki, sanki torpaqdan tikilib. Amma baxmayaraq ki, bizim binalar arasında əmsal qorunmur,  amma ümumi tikintidə lazım olan armatur, beton kimi ləvazimatların  hər biri  qaydasındadır. Belə ki, tikinti zamanı aidiyyəti üzrə qurumlar mərhələli şəkildə yoxlama aparır. Əvvəlcə binanın bünövrəsi qazılanda onu yoxlayır, əgər standartlar tikilən binanın hündürlüyə uyğundursa, icazə verilir, hər mərhələdə, hər mərtəbədə binaya beton tökülən zaman betonun, armaturun tərkibi standartlara uyğun olub-olmadığı yoxlanılır, əgər standartlara cavab verilirsə, bundan sonra tikintilərə icazə verilir. Bu baxımdan hesab edirəm ki, bizdə problem əsasən köhnə binalar ilə bağlıdır. Məlum olduğu kimi, 150-yə qədər köhnə çoxmənzilli yaşayış binaları var, hansı ki onlar ya tez bir zamanda sökülməlidir  və yaxud bərpa  olunmalıdır. Bizdə əsasən problem nədən ibarətdir, Bakı və digər böyük şəhərlərin yeraltı xəritəsi yoxdur. Seysmoloji, sürüşmə zonaları, qurut suları, onların sayı, mənbəyi haradan gəlir, hansı istiqamətdə tikmək olar ya olmaz,  bütün bunlarla bağlı yeraltı xəritə hazırlanmalıdır “.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə qeyd etdi ki, rayon, kənd, qəsəbə, şəhər fərq etmir, hər bir yerin yerləşdiyi coğrafi mövqeyindən asılı olaraq bütün təhlükəli risklər nəzərə alınmaqla təhlükəsizlik konsepsiyası olmalıdır: “Yerin hansı coğrafi ərazidə yerləşməsi, məsələn, seysmik cəhətdən aktiv yerdədirsə, sürüşmə təhlükəsi olan yerdədirsə, vulkanik ərazidə,  çay, dəniz kənarındadırsa fərq etməz, bütün  təhlükə risklərinə, o cümlədən təbii fəlakətə, fövqəladə hadisələrə, təbii texnogen qəzalara davamlılığı müəyyən olunmalıdır. Yəni bütün bu təhlükə risklərinə qarşı təhlükəsizlik konsepsiyası olmalıdır və orada tikiləcək  bütün infrastruktura aiddir, tək yaşayış  binalarına deyil. Çox mənzilli  yaşayış binaları, ictimai iaşə, sənaye müəssisələri, yollar, köməkçi  yardımçı tikililər, yəni bütün infrastruktur o təhlükə risklərinə uyğun olaraq hesablanıb,  layihələndirilib inşaatı həyata keçirilməlidir. Binaların neçə bala davamlı olmasına gəldikdə, binaların layihləndirilməsi 8-9 bal zəlzələ gücünə davamlı  olaraq layihələndirilib və ekspertizadan keçdikdən sonra layihə  təsdiqlənir,  daha sonra o layihənin tikintisinə icazə verilir və həmin bina tikilir, inşasına başlanılır.  İnşası başlanıldıqdan sonra  orada o inşaat  prosesi həqiqətən göstərilən layihədə olduğu kimi davam etdirilibmi, tikinti standartlara uyğun aparılıbmı, layihədən kənara çıxma olmayıbmı və sairə, buna artıq işə nəzarət edən qurumlar cavabdehdir.

Həmçinin bu cür binalar tikildikdən sonra bu binalar hansı qurumun balansında olacaqsa və yaxud hansı MTK-lar və yaxud mənzil mülkiyyətçiləri idarə edəcəksə, onların idarəçiliyi, binalara vaxtında texniki qulluğun göstərilməsi, deformasiyaya uğramaması, istismar müddətinin başa çatmasına nəzarət onların üzərinə düşən  məsuliyyətdir.

10-12 il əvvəl Bakıda çoxmənzilli yaşayış binaları tikiləndə şahidi olurduq ki, bir mənzil 5 şəxsə satılırdı, həmin binalar sonra dövlət  qeydiyyatına alınmadı,  rəy verilmədi, həmin tikililərin təhlükəsizliyinin hansı səviyyədə olması, tikinti normalarına riayət olunub-olunması sual altındadır. Yəni işi görən sahibkar bir mənzili bir neçə adama satıb, daha çox gəlir əldə etmək istəyibsə, aldadıbsa, həmin binanın tikinti standartlarına uyğun olması,  layihədən kənara çıxmaması inandırıcı gəlmir.

Həmçinin istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan binalar var ki, onların hansı təhlükə ilə qarşılaşacağı, təbiət hadisələrinə necə tab gətirəcəyi sual doğurur. Bu baxımdan bir daha qeyd edirəm ki, bütün yerlərin təhlükə riskləri nəzərə alınmaqla mütləq qaydada təhlükəsizlik konsepsiyası olmalıdır”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov APA-ya müsahibəsində  Qurban Yetirmişlinin bir neçə gün öncəki açıqlamasına da münasibət bildirib. O deyib bu, heç sovet dövründən qalma normativ sənədlərdə belə yoxdur: “Lakin praktikada belə bir şey var idi və bəli, bu, 2019-cu ilə qədər davam edib. Seysmoloji Xidmət Mərkəzinin əsas vəzifələri respublikanın seysmik xəritəsinin, mövcud yaşayış məntəqələrinin seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması, seysmologiya sahəsində elmi-tədqiqat işlərinin aparılması, zəlzələlərin proqnozlaşdırılması və digər bu qəbildən olan məsələlərlə bağlıdır. Mərkəz tərəfindən hazırlanan bu xəritələr əsasında ayrı-ayrı obyektlərin layihələndirilməsini və tikintisini aparmaq olmaz”.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password