Qarabağda “Vardanyan kartı” işləmədi: Ruben üç variantdan birini – QAÇIŞI SEÇDİ
Fuad Çıraqov: ““Vardanyan layihəsi” baş tutmadı, Azərbaycana təzyiq elementi kimi işləmədi”
“Vardanyan üçün üç variant qalmışdı: ya Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs ediləcəkdi, ya qaçacaqdı, ya da fiziki olaraq hansısa formada məhv ediləcəkdi”
Qarabağdakı separatçıların qondarma qurumunun “dövlət naziri” erməni əsilli rusiyalı biznesmen Ruben Vardanyan Qarabağdan Rusiyaya gedib. Bu barədə üç gün əvvəl Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Məlumata görə, Vardanyanın Rusiyadan yeni təlimatlar almaq üçün Moskvaya getməsi istisna edilmir. Erməni mediası qeyd edir ki, ondan təqribən 10 gün əvvəl Qarabağdakı separatçı rejimin “rəhbəri” Araik Arutyunyan da Moskvaya gedib və 3-4 gün əvvəl Qarabağa qayıdıb.
“Caliber” isə mənbələrinə əsasən yaydığı məlumatında qeyd edib ki, vardanyan Moskvaya getməyib, məhz qaçıb. Vurğulanıb ki, informasiyaya əsasən, onu Rusiya hərbçilərinin təkrar emal üçün təhvil verilmiş paltarları və geyimləri ilə birlikdə sülhməramlılara məxsus yük maşınının kuzovunda Ermənistana aparıblar.
Mövzu ilə bağlı sualları cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Fuad Çıraqov deyib ki, separatçının Moskvaya qaçışı “Vardanyan layihəsi”nin artıq iflas etdiyinin göstəricisidir:
– Sadəcə boşuna zaman sərf etdiklərini anladılar. Bir neçə ay əvvəldən məlum idi ki, Vardanyan üçün üç variant qalıb: ya Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs ediləcəkdi, ya qaçacaqdı, ya da fiziki olaraq hansısa formada məhv ediləcəkdi. Görünür Vardanyan ikincini – qaçmağı seçdi. İndi Vardanyan “vəzifəsindən istefa” edə bilər, ya etməyə bilər – bu artıq texniki məsələdir. Düşünürəm ki, “Vardanyan layihəsi” baş tutmadı, Azərbaycana təzyiq elementi kimi işləmədi. Eləcə də Vardanyanın özü nə Qarabağdakı ermənilərin dəstəyini qazana bildi, nə də vəziyyətlərini düzəldə bildi. Ermənilər anladılar ki, Vardanyan amili daha da gərginliyi artırır, Azərbaycanın təzyiqlərini gücləndirir. Aydın oldu ki, Azərbaycan mövqeyindən geri çəkilməyəcək.
– Görünən odur ki, Vardanyan Ermənistan cəmiyyətində də qəbul edilmədi…
– Bəli, Vardanyan Ermənistan cəmiyyətində də dəstək qazana bilmədi. Halbuki “Vardanyan layihəsi”nin məqsədlərindən biri də məhz bu idi. Ümumiyyətlə, “Vardanyan layihəsi”ndə Qarabağ keçici idi. Əslində o Ermənistan siyasəti üçün nəzərdə tutulmuş fiqur idi. Plan bu idi ki, Vardanyan Qarabağla bağlı hansısa uğur əldə edəcək, bu vasitə ilə də Ermənistana transfer olunacaq. Son nəticədə isə Ermənistanda hakimiyyətə gəlməli idi. Təbii ki, bunu Paşinyan hakimiyyəti anladı. Ona görə də rəsmi İrəvanla Vardanyanın münasibətləri hamar olmadı.
– Ermənistandan olan bəzi ekspertlər bildirirlər ki, Vardanyan amili bir növ sülh prosesinə də zərər gətirdi…
– Vardanyan Qarabağa göndərilməmişdən əvvəl İrəvanla Bakı arasında müəyyən razılaşmaları müşahidə etmək olurdu. Eyni zamanda, Qarabağdakı ermənilərlə təmaslar mövcud idi. Söhbət separatçı rejimin dələduzlarından getmir. Müəyyən profillər üzrə Qarabağdakı ermənilərlə təmaslar əmələ gəlmişdi. Məsələn, Sərsəng su anbarı ilə bağlı, Laçının Zabux və Sus kəndlərinin boşaldılması prosesində təmaslar yaranmışdı. Proses belə davam etdiyi müddətdə Rusiya sülhməramlılarının artıq gələcəkdə bölgədə qalmasına ehtiyac olmayacaqdı. Təbii ki, Moskvada bundan narahatlıq vardı. Ona görə də “Vardanyan kartı” ortaya atıldı, milyarder Qarabağa göndərildi. Biz isə xeyli zaman itirmiş olduq.
– Ermənistanın XİN başçısı Mirzoyan maraqlı açıqlamalar verib. Bildirib ki, artıq Qarabağ üçün məsuliyyəti Ermənistan daşımır. Eyni zamanda, vurğulayıb ki, Bakı və İrəvan bəzi məsələlər üzrə mövqelərini yaxınlaşdıra biliblər. Açıqlamaları necə qiymətləndirirsiniz?
– Ötən müddət belə bəyanatlar verilirdi və kövrək ümidlər əmələ gəlirdi. Ortada hansısa destruktiv qüvvənin əli ilə, hansısa sabotajla proses pozulurdu. Bu, bir neçə dəfə olub. Hesab edirəm ki, mövqelərin yaxınlaşması həmin kövrək ümidlər yaradan hallardan biridir. Eyni zamanda, Ermənistan yaxşı anlayır ki, Azərbaycan özü üçün zaman çərçivələri müəyyənləşdirib və əvvəlki kimi prosesi uzatmaq mümkün olmayacaq. Ümid edək ki, bu dəfə ümidlər özünü doğruldacaq.
– Prosesə nə mane ola bilər?
– Baxın, ötən ilin aprel ayının əvvəlində Paşinyan parlamentdə çıxış etdi, razılaşmalardan danışdı. Bununla da Ermənistandakı revanşistlər, radikallar üçüncü ölkələrin əli ilə küçələrə axışdılar. Aprelin sonunda icrası nəzərdə tutulan qərarların reallaşmasına imkan vermədilər. Təzyiq nəticəsində Ermənistan rəhbərliyi verdiyi vədlərdən boyun qaçıırdı, öhdəliklərindən geri çəkildi. Eyni zamanda, Qarabağda müəyyən təmaslar başlamışdı ki, bu zaman “Vardanyan kartı” işə salındı. İndi əllərində prosesə mane olmaq üçün resurslar mövcuddur. Təəssüf ki, sülh prosesinə mane olmaq istəyən qüvvələrin əlində çox böyük imkanlar var. Bütün hallarda isə məsuliyyət Paşinyan hakimiyyətinin üzərinə düşür. Bir dövlət məsuliyyəti olmalıdır ki, bu cür sabotajların qarşısında əyilməsin./ayna.az