İran müharibəyə doğru sürətlə irəliləyir – Kovalçuk
Son 40 il ərzində ABŞ və İran arasında münasibətlər indiki qədər gərgin olmamışdı. Yeni müharibə riski açıq-aşkar görünür. Etiraf etmək lazımdır: nüvə silahı istehsalı proqramını dayandırmaq üçün İranla bütün danışıqlar hələ yay aylarından çıxılmaz vəziyyətdədir. Qərb dəfələrlə kompromisin yaxınlaşdığını bildirsə də, İran hər dəfə geri çəkilərək yeni tələblər irəli sürürdü. Və bu tələblərin çox vaxt nüvə danışıqları ilə heç bir əlaqəsi olmurdu. İranın özündə belə də razılaşmaya qayıtmaq istəyib-istəməməsi barədə vahid mövqe yoxdur. Ona görə də hər dəfə saziş təqdim olunanda İran ondan imtina edirdi.
Bunu ukraynalı politoloq Svetlana Kovalçuk deyib.
“Ötən həftə ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərq ölkələrinə səfəri zamanı ABŞ-ın İrana qarşı hərbi əməliyyatı istisna etmədiyini bildirib. O, münaqişənin həllində diplomatik üsullara üstünlük verdiyini əlavə etsə də, onun “bütün variantlar masadadır” ifadəsi dünyaya yayılıb. İranla danışıqları davam etdirmək istəyən konqresmenlər qrupu da var. Bunlar ilk növbədə Demokrat Partiyasının nümayəndələridir. Respublikaçılar isə Tehrandakı etirazçıların öldürülməsi, İranın təxribat xarakterli addımları, Rusiyaya kamikadze dronlarının tədarükü fonunda İslam Respublikası ilə istənilən danışıqların bərpasına qarşıdırlar”,- o bildirib.
Kovalçuk qeyd edib ki, senatorların bəyanatını yaydıqları gün Nümayəndələr Palatası iranlı etirazçılarla həmrəylik ifadə edən qətnaməni böyük səs çoxluğu ilə təsdiqləyib:
“ABŞ mediası bildirir ki, Nümayəndələr Palatasındakı respublikaçılar və demokratlar İranın ali lideri Əli Xamenei və digər yüksək rütbəli rejim məmurlarına insan haqları cinayətlərinə görə sanksiyalar tətbiq etmək üçün birləşirlər. Xameneiyə qarşı birbaşa sanksiyaların tətbiqi qarşıdurmanı başqa müstəviyə keçirəcək. Yeganə problem odur ki, ABŞ-ın İrana qarşı sanksiyaları demək olar ki, tükənib və ona görə də Vaşinqton öz çağırışlarını yalnız bir yolla reallaşdıra bilər. Etirazçıları dəstəkləmək üçün qətnaməyə 420 lehinə, 1 əleyhinə nadir ikitərəfli səsvermə İran hökumətinin təcridini dərinləşdirən beynəlxalq qınağın son mərhələsi oldu. Bayden administrasiyası nə qədər hərbi həll yoluna getmək istəməsə də, Konqresdəki təzyiq getdikcə güclənir”./axar.az