Yaşayış binalarımız zəlzələyə nə qədər davamlıdır? – Memardan vacib AÇIQLAMA
Türkiyədə baş verən zəlzələdə xeyli sayda bina çöküb. Ölənlər və yaralananların sayı durmadan artır.
Qardaş ölkədəki dağıntıların miqyası və yanaşı binaların fərqli şəkildə dağılması insan faktorunu da qabarıq şəkildə göstərdi. Qardaş ölkənin inşaat mütəxəssisləri və memarları da etiraf etdilər ki, bu qədər dağıntının olmasına səbəblərdən başlıcası konstruksiyası zəif inşa edilən binaların çox olmasıdır. Həmçinin tikililərin çoxunda zəlzələyə davamlılığın nəzərə alınmamasıdır.
Bəs, Azərbaycanda yaşayış binalarının vəziyyəti necədir? Tikinti ilə məşqul olan şirkətlər layihə quraşdırma işlərini tikinti norma tələblərinə uyğun şəkildə aparıblarmı və ya aparırlarmı?
Tanınmış memar Cahid Həsənov açıqlamasında Azərbaycan tikililərini 3 mərhələyə bölüb. O, deyib ki, ən güvənli dövr üçüncü mərhələdir ki, son 10 ildə tikilən binaların təməlinə və konstruksiya işlərinə ciddi nəzarət mexanizmi var:
“Sovetlər Birliyi dövründə tikilmiş “Xruşovka” və “Stalinkalar”ın, hətta yeni dövrdə yaranmış koperativlər tərəfindən tikilmiş binaların indiki texnalogiya formatında tikilməməsi heç də zəmanət vermir ki, yüksək ballı zəlzələlərə davamlı olsun.
Həmin binaların əksəriyyətinin istismar müddəti də keçib. Bu azmış kimi, bu binalara əlavə eyvanların və otaqların, yuxarı mərtəbələrə isə əlavə mərtəbənin salınaraq yüklənməsi yük daşıya bilməyən binanın vəziyyətini daha da ağırlaşdırır.
Uzunmüddətli titrəyiş olsa belə bu binalarda mütləq ki, çat əmələ gələcək. İkinci mərhələ Azərbaycanın müstəqillik qazanmasından sonra tikilən binalardır ki, bura daha çox 3, 5 və 6 mərtəbəli binalar daxildir.
Üçüncü mərhələni təqdirəlayiq hesab edirəm. Son 10 ili nəzərə alsaq, Fövqəladə Hallar Nazirliyində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsində sərt qaydaların dövlət səviyyəsində təsdiqi binaların konstruksiya baxımından möhkəmliyinə, baş verə biləcək təbii fəlakətlərdə davamlılığına zəmin yaratdı.
Hər mərtəbənin inşasından sonra yoxlanılaraq növbəti mərhələyə keçidin verməsi, sütunların qalınlığı, betonun içərisində olmuş armaturun diametri, sayı, bağlantı qollarına nəzarət olunması təməli möhkəm olan inşadan xəbər verir. Bir sözlə indiki inşalarda qorxulu hal yoxdur”.
Memar yanaşı binaların fərqli şəkildə dağılması məsələsinə də münasibət bildirib:
“Binanın təməli və möhkəmliyi torpağa, su axarı olmamasına, eləcə də müəyyən çuxurlara görə ölçülür. Bu məsələ binaların təzə və köhnə olmasından, deyil, təkanın hansı formada olmasından asılıdır.
Məsələn, bir-birinə perpendikulyar tikilən binaların biri zədə ala, digəri isə zədə ala bilməz. İstər çoxmərtəbəli, istər azmərtəbəli, istərsə də fərdi evlərin tikilməsində dövlətin standartlarından kənara çıxmaq olmaz. Dünyada heç bir ölkə və şəhər bu cür faciələrdən sığortalanmayıb. Ona görə tikintidə konstruksiya işi əhəmiyyətli məsələdir.
Ən az titrəyişdə belə bina dağıla və uça bilər. Bu, ona görədir ki, binanın konstruksiyasının gücü, bağlantıları və sütunları, pərçimlənmə mexanizmi düzgün yerinə yetirilməyib. Söhbət təkcə zəlzələdən getmir, sel və daşqınlarda da binalar çökə bilər”.
Mütəxəssis son illərdə aidiyyəti qurumların tikilən binalara ciddi şəkildə nəzarət etdiklərini qeyd edib:
“Bu yaxşı göstəricidir. Təbii ki, bina tikintisi ilə məşğul olan şirkət və ya sahibkarlar az məsrəflə bu işləri görmək istəyərlər. Ola bilər ki, inşa zamanı hansısa tikinti materiallarında müəyyən ixtisarlar etsinlər. Amma bu, yolverilməzdir. Hesab edirəm ki, cavabdeh qurumlar inşaat prosesində istifadə olunan tikinti materiallarının təhlilini aparırlar”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkədə tikilən binaların seysmoloji vəziyyəti ilə bağlı açqlama verib.
O, 2019-cu ildən sonra aparılan inşaat işlərində onlara müraciət olunmadığından gileylənib:
“Əvvəl müraciətlər olanda bizim əməkdaşlar tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər. Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur.
Binalar tikiləndə mütləq şəkildə seysmoloji tədqiqatlar aparılmalıdır. Riski minimuma endirmək üçün hər bir binanın quruluşu araşdırılmalıdır”, deyə Qurban Yetirmişli əlavə edib./bizim.media