Vaqif Kərimin “Ötən illər, itən illər”, “Məni dərd yaşadır, dərd dolandırır” kitablarının təqdimatı keçirilib

 

Bu günlərdə Rəsulzadə bələdiyyəsində şair-publisist VAQİF KƏRİMİN “Ötən illər, itən illər”, “Məni dərd yaşadır, dərd dolandırır” kitablarının təqdimat mərasimi keçirildi. Təqdimatda Vaqif Kərim yaradıcılığını sevənlərlər, Qərbi Azərbaycan ziyalıları, alimlər, şairlər, müəllimlər, jurnalistlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə Rəsulzadə bələdiyyəsinin sədri Hümbət müəllim Hüseynov açdı. Tədbirdə şairin dostu  araşdırmaçı-hüquqşünas Vüqar Abduyev, şairin əmisi Kərim Kərimov, şairin dostu Əli Vəliyev, AR XİN arxivlər idarəsinin rəisi Bayram Həsənov, ADİU-nin müəllimi, iqtisadi elmlər namizədi, şair Bayraməli Qurbanov, AMEA-nın şöbə müdiri Tanrıverdi Paşayev, jurnalist, şəhid qardaşı Əsgər İbrahimov, Ardanış kənd orta məktəbində şairin müəllimi olmuş Sahib Əhmədov, şair, şəhid atası Nizami Elyanar, Ardanış kənd orta məktəbində Vaqifin ibtidai hazırlıq üzrə müəllimi olmuş Qədim Nəbiyev, görkəmli ziyalı Ələddin Həsənli, AR Aşıqlar Birliyinin sədr müavini Aşıq Bəhmən Kazımov, Aşıq İmran Xəlilov, ADPU-nin müəllimi, fizika elmlər namizədi, Ardanış kənd orta məktəbində Vaqifin fizika fənnindən müəllimi olmuş Sultanəli Qurbanov, şairin dostu, araşdırmaçı Qoşqar Abduyev və digərləri çıxış edərək Vaqif Kərim yaradıcılığına nəzər saldılar və onun yaradıcılığına, yazdığı əsərlərə yüksək qiymət verdilər. Çıxış edənlər Vaqif Kərimin yaradıcılığında əsas ana xəttinin vətən həsrəti, yurda bağlılıq, qovulub deportasiya olunduğu Qərbi Azərbaycana, Göyçə mahalının Ardanış kəndinə qayıdışa inamlı olduğunu qeyd etdilər.

Vaqif Kərim yaradıcılığında Göyçə mahalının, Ardanış kəndinin toponimlər və bu  toponimlərə məxsus olan xüsusiyyəti şeir formasında yazması onun yurdunun tarixini necə dərindən bildiyi aydın görünür. Ardanışın toponimlərini, yer adlarını öz əsərlərində tarixin yüzilliklər arxasında qalmış yaddaşının sirlərini açır və onlara bir aydınlıq gətirir. Vaqif Kərim elimizin, ulu yurdumuzun, ata-baba torpaqlarımızın keçmişinə, sevincinə, kədərinə aid olan bu toponimləri xüsusi bir özəlliklə yazmışdır.

Təbiət vurğunu olan Vaqif Kərimin yaradıcılığında ana təbiətin gözəlliyi, uca, qarlı dağlar, buz bulaqlar, yaşıl çəmənliklər, sıx meşələr xüsusi yer tutur. Qoca Qafqazın əsrarəngiz gözəlliyinin öz əsərlərində rəssam dəqiqliyi ilə qələm alan şair Göyçə gölünün, Xəzər dənizinin, Bütöv Azərbaycanımızın, gəzib gördüyü digər şəhərlərin təbiətindən söhbət açır.

Vaqif Kərim yaradıcılığında xatirələr geniş yer tutur. Uşaqlıq, gənclik, tələbəlik, əsgərlik illərində, müxtəlif sahələrdə işlədiyi müddətdə yaşadığı ən maraqlı anları həm şer formasında, həm də nəsr formasında təqdimatı keçirilən kitablardan tanış olmaq olar.

Şairin qəzəlləri, satirik şerləri, bayatıları,  dördlük şerləri də oxucular tərəfindən maraqla qarşılanır. Onun dostlarına, tanınmış insanlara, şəhidlərimizə ithaf etdiyi şerləri aşıqlar və müğənnilər tərəfindən mahnılara çevirilmiş və dillər əzbəri olmuşdur. Həyat fəlsəfəsi, həyata baxış, insanların müxtəlif  xasiyyətə və sifətə malik olmaları, həyatında keçirdiyi ağrılı-acılı günlər də  Vaqif Kərim yaradıcılığının ayrılmaz bir hissəsidir.

Tədbirdə çıxış edənlər şair Vaqif Kərimə öz xoş ürək sözləri ilə bərabər yaradıcılığında uğurlar arzuladılar.

 

Əli Vəliyev

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password